Kukla sənəti ustaları Bakıda
bir araya gəliblər
“Fusion doll” II Bakı Beynəlxalq Kukla Biennalesində 13 ölkədən 28 müəllifin 114 əl işi nümayiş etdirilir
Noyabrın 5-də
Muzey Mərkəzinin sərgi
qalereyasında “Fusion doll”
II Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi keçirildi. Biennale Mədəniyyət
və Turizm Nazirliyi, “Kukla” art qalereyası və
Muzey Mərkəzinin təşkilatçılığı
ilə ərsəyə gəlib.
Tədbir iştirakçılarını salamlayan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, biennalenin təşkilində əsas məqsəd nüfuzlu beynəlxalq təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmiz ilə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdir. Qeyd olundu ki, 2011-ci ildə Azərbaycanda növbəti bir mədəniyyət layihəsinin əsası qoyuldu. Regionda ilk dəfə olaraq geniş səviyyədə I Bakı Beynəlxalq Kukla Biennalesi keçirildi: “Qısa zaman kəsiyində tədbir böyük uğur qazandı, onun sorağı Avropanın bir çox şəhərlərindən gəlməyə başladı. Təsadüfi deyil ki, “Fusion Doll” II Bakı Beynəlxalq Kukla Biennalesində 13 ölkə təmsilçisinin 114 müəllif işi təqdim olunur”.
Son zamanlar Azərbaycan paytaxtının davamlı olaraq müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyini xatırladan nazir müavini Bakının artıq böyük mədəniyyət şəhərinə çevrildiyini qeyd etdi: “Biz şadıq ki, bu beynəlxalq tədbirlər sırasında artıq ikinci dəfə Bakı Beynəlxalq Kukla Biennalesi keçirilir. Bu işin ağırlığını öz üzərinə götürmüş, aprel ayında Bakıda qapılarını sənətsevərlərin üzünə açmış ilk “Kukla” incəsənət qalereyasının əməkdaşlarının, qalereyanın rəhbəri Lalə Kazımovanın xidmətlərini vurğulamaq istəyirəm. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu tədbirin gerçəkləşməsində qalereyanın xüsusi rolu olub”.
Ədalət Vəliyev çıxışında vurğuladı ki, sənətsevərlər budəfəki sərgidə Azərbaycanda bu sənətin inkişafında xidmətləri olan müəlliflərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən gəlmiş ustaların da əl işlərini görə biləcəklər: “Tədbirdən öncə mənim sərgiyə baxmaq imkanım oldu. Doğrudan da gözoxşayan, son dərəcə maraqlı əsərlərin şahidi olduq. İnanıram ki, sərgi izləyicilərin də böyük marağına səbəb olacaq, Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti qazandıracaq”.
Tədbirdə çıxış edən “Kukla” art qalereyasının rəhbəri Lalə Kazımova sərgidə unikal əsərlərin olduğunu, müəlliflərin II Bakı Beynəlxalq Kukla Biennalesində iştiraka maraq göstərdiyini bildirdi. Qeyd edildi ki, kukla sənəti təsviri və dekorativ-tətbiqi sənət növləri arasında dünya mədəniyyətinin irsi olaraq tamhüquqlu sənət növü kimi özünü göstərməkdədir. Bu sənət teatr və oyun kuklası məziyyətindən ayrılmış və bədii kukla kimi digər sənət əsərləri sırasında özünə layiqli yer tutmuşdur.
Rusiyada fəaliyyət göstərən Beynəlxalq Kukla Müəllifləri Birliyinin nümayəndəsi Svetlana Pçelnikova iştirakçılar adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Vurğuladı ki, sərgi kukla ustalarının beynəlxalq səviyyədə tanıdılmasına, incəsənətin xüsusi qolu olan müəllif kuklaları sənətinin təbliğinə xidmət edir. Bütün dünyada bu sənət növünə maraq getdikcə artmaqdadır. Rusiya, ABŞ, Almaniya, İtaliya, Litva, Niderland, Fransa, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə mütəmadi olaraq müəllif kuklaları sərgiləri təşkil olunur.
Çıxışlardan sonra “Fusion doll” II Bakı Beynəlxalq Kukla Biennalesinə qatılmış ustalara Mədəniyyət və Turizm Nazirliyinin və “Kukla” art qalereyasının diplomları təqdim edildi. Daha sonra iştirakçılar sərgi ilə tanış oldular.
Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq biennaledə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsrailin kukla ustaları iştirak edirlər. Azərbaycan bu sərgidə Rəssamlar İttifaqının üzvləri Elmira Abbaslı, Tamilla Qurbanova, Pərviz Hüseynov və İrina Qundorina ilə təmsil olunurlar.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 2.