Bənzərsiz bəndə
Artıq... cismi o dünyalı olsa da, ismi əbədi olaraq bu dünyalı...
Tofiq Quliyev
ad-soyadlı, əbədi sənət və zəhmət
Dünyalı...
Mahnılarının
birində “Gedər bir gün
bu gözəllik, sənə də qalmaz” deyilsə də, bu dünyaya qoyub getdiyi qeyri-adi özəllik,
bənzərsizlik həmişəlik ona
qalalı. Lap cavanlığından formaca çox Qədimə,
83 illik ömrün son an-akkordunda belə məzmunca
tam Müasirə, ən Yeniyə
qalalı...
...Və bu dünyadan - baxəbər
və ya bixəbər - nə qədər
alqış-alxışlar, rəğbət-məhəbbət,
sevgi-öygülər qazanıbsa, hamısı o dünyada ruhi-ana südü kimi -
Halalı...
O qazanclarından bəziləri sözə-sitata gəlməsə də, mətbuatdan, televiziya kadrlarından xatırlaya biləcəklərimiz az deyil:
- Ümummilli lider Heydər Əliyevin ona qeyri-adi vurğunluğu, dərin sayğı-qayğıları (80 illik yubileyində onu necə hərarətlə bağrına basması).
- Günlərin bir günü Moskva-çayda tilovlara baxa-baxa ləzzətlə fışqalayan və birdən-birə fitini kəsib, sağ tərəfindəki ov həmkarına - məşhur Solovyov-Sedoya verdiyi “Yoldaş mahnı Allahı, bilirsiz bu mahnı kimindir” sualına aldığı cavab: “Mənim “Moskva axşamları”mı öz Bakı səhərlərinin kölgəsində qoymuş gənc bakılı dahi Tofiq Quliyevin!”
- Rəşid Behbudovun “Neçə illərdir Azərbaycanın, xüsusən Bakının mədəniyyət-musiqi nəbzi Tofiq Quliyev ritmi ilə döyünür!” heyrəti.
- Bəndənizin yazılarının birindəki “Tofiq-Musiqi - Musiqi-Tofiq”, “Qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-Yeni Tofiq Quliyev” qiyməti və sair...
Hə, yenidən-Yeni!
Sənətə gəlişi Üzeyir Hacıbəyli fenomenli, Asəf Zeynallı ultralı, Qara Qarayev neo-mogikanlı (və hələ SSRİ polifonikli!) dövrə təsadüf etsə də, Tofiq Quliyev böyük və çox dinamik Azərbaycan musiqi prosesində “hamı kimi”likdən əlavə, ayrıca bir majorital Yeni oldu (və deyəsən, analar daha belə bir tər-təranəlisini doğmayınca, yenilməz Yeni olaraq da qalacaq).
Bu həmişəyeni bəstəkarın yaradıcılıq irsi xronometrajca ölkə fonoteka-filmoteka-“teatroteka”-“qəlboteka”larında uyuyan (əslində heç zaman uyumayan!) çox olsa “köhnə” üç-dörd ən məhsuldar bəstəkarımızdan və hər vaxt böyük ləzzətlə səsləndirilən - olsa-olsa - beş-altı nəğməkarımızdan biridir.
İndi növbəti sətirlərə keçməzdən öncə bir balaca duruxaq və Tofiq Quliyev sədalı üfüqlərə baş vuraq:
...Melo-“atəş”lərdən hürküşüb-eləmədən düzümlənən uçar-qaçar səfləri - bülbüllər solist, ceyranlar marafonist...
...Melo-“qamçı”lardan cıdırlanan ilxılar, forte nişan-namçılardan yurtalanıb-çadırlanan, tərəkəməliyi tərk edib xalqlaşan, mədəniyyətlənib-millətləşən tayfalar - Qıratlı türkzatlar öndə!..
Daha nə? Onun partitura-məmləkətində belə mənzərələrin sayı hesabsız, sanbalı çox, sonu yox. Buna görə də hələ xəyal işinizdə olun, tə-ləs-mə-yin...
Siz könül antenalarınızı bu universal canlı studiyaya yönəldib feyz almaqda, bəndənizsə onun internet-vikipediyasına göz gəzdirib, bio-notlarını dilləndirməyə çalışmaqda.
Yaşayıb-yaradır və yaşadırdı...
...Bu kompleksal-universal sənətkarın oturuş-duruşu, üz-gözü, sözü-söhbəti, təhər-tövrü də musiqilərinə bənzəyirdi. Ömrü isə onlardan ikisini daha çox ehtiva edirdi: “Gecələr uzun...” və “Sənə də qalmaz”...
Birinci mahnıya xəyallandığımız anlarda gözlərimiz önünə vüsal həsrətilə yanan əzəli-əbədi can-cananlıq dəmləri gəlirsə, ikincinin ahıllıq ah-vahlarına dalanda XX əsrin əvvəlləri - onun doğulduğu 1917-ci il, proletar mizraq-mizrablı, “Çadrova” küçəli, “Tarqovı” dardalanlı Bakı da canlanır. Birincidə çox uzunömürlü əsərlər fonunda çox füzun gecə-gündüzlər, ikincidə “Sənə də qalmaz” eyhamlı giziltilər... Bütün yaradıcı ömrü uzunu dəvət aldığı məclislərin yuxarı başında, xüsusi diqqət-məhəbbətlər nişangahında olan belə bir sənətkar və haçansa... gələr bir gün, bu növraqlar ona da qalmaz?!.
Amma bəşər üçün yazılmış bu əbədi qanunun əsl sənət adamlarına dair “maddə”sinə görə, heç də darılmağa dəyməz. Belələrinin cismi müvəqqəti olsa da, ismi əbədidir. Belə bir ismə yiyələnməkçünsə, gərək dünyaya göz açandan ətrafına Tofiq kimi nur saçasan, fəhm-fərasət göstərəsən. Təbii istedadla həyati çaba-çalışmalar hesabına yeni ladlar, insanın çövhəri hesab edilən iş məhsulları yaradasan. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki məktəbə gedib, 17 yaşında Konservatoriyaya qəbul edilə, “ən diribaş, zirək, yüksək qavramlı” tələbə adı qazanıb, İttifaq şöhrətli İ.S.Aysberq və S.Q.Ştrasserin siniflərində fortepiano və dirijorluq dərslərinə “si” sürətilə yiyələnib, həmin ali məktəbi ikicə ilə bitirə biləsən!..
Onun gənclik aləmi - sonralar dəstləyib-bəstələdiyi bir sıra ecazkar musiqilərini - dünyada heç bir bəstəkara nəsib olmayan super-şıdırğı taktlarını xatırladır. Üzeyir bəyin xüsusi təşəbbüsü ilə təhsilinə davam üçün Moskva Dövlət Konservatoriyasına göndərilən 20 yaşlı Tofiq, orada fürsəti fövtə verməyib, məşhur A.Tfasmanın rəhbərlik etdiyi adlı-sanlı orkestrdə diqqət mərkəzinə düşən bir pianoçu kimi fəaliyyət göstərir. İyirmi üç yaşında Bakıya qayıdıb, iki ilə yaxın musiqi-mədəniyyət proseslərində iştirakından sonra, 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaratmaqla, öz qabil “mən”ini elan etmiş olur. 402-ci diviziyanın tərkibində fəaliyyət göstərən bu ansambl üçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazır. Səs-sədası tezliklə hər yana yayılan və (ruhlandırıcılıq elementlərinə daha çox ehtiyac duyulduğundan) 1943-cü ildə iki yarıya ayrılıb, ayrı-ayrı diviziyalarda çalışmalı olan bu ansamblın “Qırmızı flot” bölümünün rəhbəri olur.
Qələbədən dərhal sonra iyirmi səkkiz yaşlı bu aqil gəncin qəlbində sənət qələbəliyi başlayır. Gəncliyin ilk baharında geyinməli olduğu hərb-zərb mundirindən “təğyiri-libas” olub, rübabını həmişəyaşar nəğmələr, sevgilərqoşar mahnılar, kantatalar üstə kökləyir. Sülhsevər sənətkar qəlbi yenidən coşur və hələ on il əvvəl (18 yaşında!) bəstəkar Zakir Bağırovla birgə fortepiano variasiyalarını işlədiyi muğam-məqam (“Rast”, “Segah”, “Zabul”, “Dügah”) halətlərinə düşür. “Azdram”, “Rusdram”, “Gənc tamaşaçılar” və digər teatrlarla əməkdaşlığa başlayır. Afişalara vaxtaşırı olaraq “Musiqisi Tofiq Quliyevindir” sözləri də yazılır və bu imza yaddaşlara birdəfəlik həkk olunur.
Bu ad-soyad titrlərdə...
Onun kino musiqisi işləri bitib-tükənmək bilməyən
bir serialdır. Bəs necə, səksən üç il
yaşamış bir sənətkarın adı
yetmiş üç filmə düşübsə,
onun istedad-işgüzarlığını
məcmu olaraq “serial” terminilə ifadə etməyəkmi? Həmin filmlərin hamısı
haqda nəinki danışmaq, heç adlarını sadalamaq belə bu yazılıq
deyil. Amma hələ qeyri-məşhur
23-ündə məşhur “Səbuhi” filminin musiqisini yazmış bu bəstəkarın heç olmasa on üç kino işini xatırladaq: “Bəxtiyar”, “Görüş”,
“Qızmar günəş
altında”, “Ögey ana”, “Onu bağışlamaq
olarmı?”, “Telefonçu
qız”, “Möcüzələr
adası”, “Sən niyə susursan?”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Tənha narın nağılı”,
“Nakəs”.
Bu filmlərin bir
çoxundakı bəzi
fraqmentlərin vizual məlahətini, ədəbi-bədii
təsir gücünü
birə-beş artıran
musiqi parçalarından
geniş danışmağa
ehtiyac varmı? Amma hər
halda, “Bəxtiyar”dakı
şən xalları,
şux notları yada salaq. “Bəxtiyar”laşmış Rəşid
Behbudovun “do”dan “lya”ya qalxıb-düşən
həqiqi və rəmzi ifa variasiyalarını, “xalalar”ın
əndirəbadi duetlərini,
tutma balerin və balerinanın (məlum “korafəhim” pianoçunun müşayiətilə)
rəqslərinin musiqi
bəzək-düzəyini, dəniz neftçilərinin
“la-la, la-lala!” nidalarını
xatırlayaq. Xatırlamasaq,
onda köhnə tamaşaçıların o vaxtkı
kinoteatrlarda təkrar-təkrar
keçirdikləri günlərə,
yeni tamaşaçılarınsa
tele-ekran qarşısında
həzzdən axıtdıqları
qəşş yaşlarına
heyif!..
Bəs “Ögey
ana”?! Bu sual-nidalı
təəccübümə həmin filarmonik filmin musiqi müəllifinin
“musiqi dili” hikmətindən başlamaq
istəyirəm. Musiqisini
yazdığı filmlərdən
birindəki xitab olmasın, - “Ögey ana”nı həmin
musiqi fraqmentləri və mahnılarsız təsəvvür edənləri
bağışlamaq olarmı?!
Bu musiqi parçaları,
bəzən, İsmayılın
ürəkparçalayıcı “ana, anacan!” fəryadlarından
da yanıqlı, təsirli çıxmırmı?
Bu musiqi dili
ssenari dilinin adekvat paraleli deyilmi? Bütün fəsilləri qış
kimi qaş-qabaqla yaşayıb, bir yaz günü üzünə gülüş
qonan o yetimin dərdini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini qazanmaqçün özünü
oda-közə vuran ögey anadan daha çox aça bilən ən məharətli Obraz oradakı Musiqi deyilmi? Hələ meşədə üzü
bizə irəliləyərkən
əlindəki dirijor çubuğuvari ağac budağının sehrilə
səslənən ilahi
taktları, o təbiət-filarmoniyada
“Quş-lar-quş-lar, nə
qəşəng o-xu-yur!” sözlərinə qüvvət kimi gurlayan “bəh-bəh!”ləri deyirəm!
Amma -
Nə deyirəm...
...nə yazıram, qurtarmır ki qurtarmır!
Kaş biləydim - yuxarıdakı bioqrafik-filmoqrafik qeydlərdən sonra - ilk abzaslarda yön verdiyim üfüqlərdə yaxşı gəzişə bildinmi, hörmətli oxucu? O ənginliklərdəki əsrarəngiz sədalı, hərdən ənənəvi, bəzən folklorik, bir para-partitura klassik, küll-kərə özünəməxsus ədalı xalların xəyalına yetərincə daldınmı? Hansınızınsa könlündə - A.Zeynallının məsləhətilə M.Ə.Sabirin şeirinə (“Məktəbli”) bəstələdiyi ilk mahnısından başlamış sonuncu şedevrlərinə qədər - hərəsindən bir-iki xal xəyallanıb bütün şərri-şərablardan daha məstedici sənət gülabından hallandımı?..
Deməzsizmi, onun bircə notunu eşitcək, hər kəs deyəcək;
Tofiq Quliyev! Elə ki gördün pianoda, fortepianoda ən usta ifaçı da
taktları yığıb-yığışdıra bilmir, - deməli, Tofiq Quliyev! Onun əsərlərinin
çalımında piano-fortepianoların şirmayı dilləri
sürməyi ağızlarına sığmaz ki! İnstrumental-sentimental
rəqsləri zamanı klarnetlərin, saksafonların
klapanları “şalako” vurmaqdan
bir hovur dincəlməzlər,
ha! Budur haa; gah leysan, gah
tufan, gah lirik, gah sentimental yağış-yağmur! Heyf
ki, bunları yazıda zümzümələmək
olmur...
Tək elə zümzümələmək yox,
bu çox aydın sənətkarın
apaydın musiqiləri
içərisində bəzi
şıdırğı nümunələri
layiqincə qavrayıb
mənimsəmək də
çətin. O nümunələr
elə dahiyanə düşünülüb, ustadanə
yazılıb ki, orijinalındakı üslubunca
“oxumaq” olmur. “Hər oxuyan Molla Pənah ola bilmədiyi”
kimi, hər dinləyən də Tofiqi-agah ola bilməz...
Məsələn, mən Tofiq Quliyev imzalı saflıq, gözəllik, ictimai xadimlik, müəllimlik, ustadlıq
və digər məziyyətlərlə zəngin
bio-ekologiyanın bir neçə fakt taktını bu yazıya yerləşdirməyi
bacarmadım ki, bunlardan onun - 1951-ci ildə aspirantura bitirib, məşhur akademik A.Qaukun rəhbərliyilə dissertasiya
müdafiə edib elmi ad alması, “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında birincilərdən
olması və sair...
Görəsən, onun alimliyi haqda sözün lap axıra düşməsi
bir təsadüflə,
ya bəndənizin - hələ də müstəqil elm adlandırılmaq
vüsalına yetə
bilməyən jurnalistikanın
bir fərdi olmağıylamı əlaqəli?..
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 8
noyabr.- S. 13.