80 yaşın sənət
zirvəsi
Noyabrın 6-da Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyində görkəmli bəstəkar Xalq
artisti, professor Musa Mirzəyevin 80 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq sənətkarı 80 yaşı münasibətilə təbrik etdi. Azərbaycan professional bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi Musa Mirzəyevin musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Bildirildi ki, görkəmli bəstəkarın yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Sənətkar bu il Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, Musa Mirzəyevin yaradıcılığı geniş aspektlidir. O, musiqi tariximizə tanınmış bəstəkar, pianoçu, pedaqoq və ictimai xadim kimi daxil olub. Onun əsərləri Azərbaycanın hüdudlarını aşaraq dünyanın bir çox ölkələrində (Rusiya, Ukrayna, Belarus, Litva, Türkiyə, Bolqarıstan, Polşa, Rumıniya, İtaliya, Almaniya, Hollandiya, Şimali Kipr və s.) məşhur orkestrlərin, görkəmli ifaçıların və dirijorların (Niyazi, V.Dudarova, Y.Silantyev, V.Fedoseyev, N.Raxlin, A.Qulyanitski, G.Aykal və s.) təfsirində səslənib.
Dahi bəstəkar Qara Qarayev məktəbinin istedadlı nümayəndələrindən olan Musa Mirzəyevin yaradıcılığında orkestr əsərləri, həmçinin kamera-instrumental və vokal əsərlər üstünlük təşkil edir: “Mən deyərdim ki, Azərbaycan bəstəkarları arasında daha çox bayramsayağı, təntənəli səciyyə daşıyan əsərlərin yazılmasındakı üstünlük məhz Musa Mirzəyevə məxsusdur. Daim yaradıcılıq axtarışlarında olan bəstəkarın üslubunda, əsərlərində biz hər zaman yeniliklər görmüşük. Görkəmli sənətkarımızın yaradıcılığından çox danışmaq olar. Öz musiqisi ilə Azərbaycanı dünyada tanıdan 80 yaşlı yubilyarı ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür və yaradıcılıq uğurlarının davamını arzulayıram”.
“Musa Mirzəyev” monoqrafiyasının müəllifi, sənətşünaslıq namizədi, professor Şəhla Həsənova çıxış edərək sənətkarın yaradıcılığından geniş söz açdı. Onun çıxışı slayd-şou ilə müşayiət olundu.
Sonra söz musiqiyə verildi. Musa Mirzəyevin fortepianoda müşayiəti ilə incəsənət ustaları bəstəkarın üç hissədən ibarət “Romantik trio”, fortepiano üçün “Gənclik albomu”ndan lirik pyes, “Pitsikato”, “Adajio”, “Vals-Skertso”, “İran motivləri”, “Yeni il mahnısı” və başqa əsərlərini səsləndirdilər. Sonda yubilyar tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 8 noyabr.
S. 4.