“Cırtdan”
dünyanın kukla teatrlarını bir araya gətirəcək
Noyabrın 9-da
Bakıda növbəti sənət bayramı - Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Beynəlxalq Kukla
Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı
ilə “Cırtdan” II Beynəlxalq Kukla
Teatrları Festivalı başlayacaq.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramına uyğun olaraq ölkəmizdə ilk
beynəlxalq kukla teatrları festivalı
2011-ci ilin noyabrında keçirilib.
Bu ildən etibarən Azərbaycan xalq nağılı qəhrəmanı Cırtdanın adını daşıyan festivalda 9 ölkədən 11 kukla teatrı - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan “Teatro Verde Burattini”, "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı çıxış edəcək.
Festivalın açılış mərasimi noyabrın 9-da saat 10:30-da Azərbaycan Dövlət Kukla Teatrında olacaq.
Festival zamanı paytaxtımızda Beynəlxalq Kukla Teatrları Assosiasiyası - UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək. Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın prezidenti Dadi Dorab Pudumyee (Hindistan), UNİMA-nın baş katibi Jak Trüdeu (Paris), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), UNİMA-nın icra komitəsinin üzvləri Tamiko Naito (Yaponiya), Manuela Moran Martinez (ABŞ), Migel Angel Lorefais (Argentina), Karen Anne Smit (Avstraliya), Zang Fan (Çin), Nina Monova (Rusiya), Rafaele Fleuri (Fransa), Anqel Kasado Qarretas (İspaniya), Knut Alfsen (Norveç), İda Xledikova (Sloveniya), Pyer-Alen Roll (İsveçrə), Roni Alfons Antoin Aelbrext (Belçika), Qreta Mariya Brugeman (Belçika) və başqaları iştirak edəcəklər.
Noyabrın 16-dək davam edəcək festivalın tamaşaları Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnələrində nümayiş olunacaq.
Festivalın ilk günündə Azərbaycan Dövlət Kukla Teatrı K.Kollodinin “Pinokkionun sərgüzəştləri”, İtaliyanın Kapra Balerrina Teatrı isə “Yuxuda” tamaşalarını təqdim edəcək. Tamaşalar Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Noyabrın 10-da Böyük Britaniyanın Dorset Kukla Teatrı Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Asılmış vəziyyətdə” tamaşasını təqdim edəcək.
Balacalar noyabrın 11-də Rus Dram Teatrının səhnəsində Macarıstanın İvetta Bojek Kukla Teatrının “Dörd fəsil”, Gənc Tamaşaçılar Teatrında isə İtaliyanın Verde Burattini Teatrının “Bir kral var idi...” tamaşalarına baxa biləcəklər.
Xorvatiyanın “Zorin dom” Karlovaç Şəhər
Teatrı noyabrın 12-də Rus Dram Teatrında “Vəfalı dostlar”ı təqdim
edəcək. Həmin gün Qax Kukla Teatrı isə Azərbaycan
Dövlət Kukla Teatrında Ə.Orucun “Zınqırovlu pişik”
tamaşasını göstərəcək.
Mədəniyyət.- 2013.- 8
noyabr.- S. 3.