Oqtay Ağayev
“Köhnə Bakı”nın mədəniyyət sifətlərindən, unudulmaz retro-xiffətlərindən biri...
Onun ifaları uzun illər Azərbaycan
efirinin, paytaxtımızın estrada və digər mədəniyyət mərkəzlərinin,
sivil məhəllələrinin şən
ovqatı, xoş hərarəti kimi səslənib. 72 illik
ömrünün altmışa qədəri
böyük sənətə
yazılıb, oxuduğu mahnıların iki
yüzəcəni lentə...
O.Ağayevin “səs anatomiyası”ndakı
çoxçalarlılığın fərqinə varmayanlar bundan da xəbərdar olsunlar ki, onun əfsun və məhzunluq
dolu səsi ilə ömür
yolu - bioqrafiyası arasında bir əkizlik varmış...
Hiss edirsizmi...
...onun vur-tut üç-dörd dəqiqə çəkən mahnılarının çoxusunda saatlarla sürən muzkomponental xiffətlər, ictimai-siyasi bürkülər, qorxu-hürkülər də yaşanır. Çünki o, babasının sürgün edilməsindən üç il öncə - 1934-cü ildə doğulmuşdu. Babasının uzaq Komidən gələn (əslində, gəlməyən) səs-sədası onun qulağına çatmasa da, valideynlərinin sir-sifət halətləri onun balaca ürəyinə də xoflar yatırır, anadangəlmə sənət səsinə möhnət sədaları calayırdı. Bu səs haqda qonşuları danışırmış. 1953-cü ildə daxil olacağı A.Zeynallı adına Musiqi Texnikumunda müəllimi olası xoşxasiyyət, qayğıkeş Sofya İvanovna Xalfenə danışırmışlar. Hər şeyi amansızcasına dağıdan bolşeviklərin adını çəkmədən deyirmişlər ki, bütün mal-mülkləri və sonuncu otaqları əllərindən alındıqdan sonra, atası Bəhram Ağayev ailəsini İçərişəhərdəki dədə-baba evinə yığmağa məcbur qalıb və bütün bu müsibətləri “uşaq veci”nə almayan Oqtay bu iç şəhərin dar dalanlarını özü üçün filarmonik parter, teatral “yarus”, akvatorial “parus” hesab edib, elə vokal ciknələr çəkərmiş ki, tay-tuşlarının çərpələng “quşları” göydə qanad tökərmiş! Bu “deyimlərdən” riqqətə gələn yetmiş səkkiz yaşlı Sofya xanım da Oqtaya başqa tələbələrinə nisbətdə daha çox vaxt, diqqət və məhəbbət ayırır, vokalın bütün incəliklərini öyrətdiyi bu “bapbalaca oğlan”ı böyük sənət yoluna, “həmişəsolist”liyə hazırlayırmış...
Onun səsində, nəfəsində, baxışında, bütün jestikulyasiyasında bir yanıqlıq vardı. Fizionomik görkəmində hiss olunan maddi “süddənyanıq”lığının mənəvi-psixoloji törəməsi kimi zühr edən yanıqlıq. Bunların hamısı da ki, səkkiz il öncəyədək “qocaman sənətkar” dediyimiz bu insanın uşaqlıq çağlarından - “baş qəhrəman”ı müharibə olmuş illərdən qaynaqlanıbmış. Bu məqamda onun ifa etdiyi “Sən - ey uşaqlıq!” mahnısı daha öncə yada düşür. “Nəğmə susdu dodaqlarda - Dilə gəldi tüfənglər” sözlərilə başlanan mahnısı. “Mənim atam uzaqlarda - Cəbhələrdə bir əsgər” möhnətilə davam edən, hər notundan həsrət süzülən mahnısı. Davamında isə o dövrün bütün ittifaq uşaqlarının qlobal-vokal “salnamə”si:
“Anamızın laylaları
Nənnilərdə pozuldu”...
Qan qoxusu verən həmin illəri, cin qorxusu salan həmin günləri yaşamış Oqtay - o vaxtların sıradanbir uşağı - aşağıdakı bəndi növbəti bir müğənni kimi yox, əsl sənət sifətilə, Oqtay Ağayev zinətilə çatdırır:
Görmədik biz gül dəstəsi,
Görmədik biz oyuncaq.
Ata səsi, ana səsi
Eşitmədik doyunca...
Sonuncu misralardan isə büsbütün bir Azərbaycan səs-sədası eşidir, ümumittifaq “lager”indən ayrılmış bir şlyager-əsgər, tər-təmiz bir bakılı balası görürük:
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri.
Yarı böldük tikəmizi -
Gözlədik al səhəri...
İki yüzədək mahnı ifa etmiş bu müğənninin məhz bu mahnısından (və özü də bu qədər geniş) bəhs etməyimin səbəbi çox qısa, çox kəsə: şikəstələrimizin birindəki “Mən aşiqəm...” modulunda “Şəki, Şirvan” deyə sadalayıb sədaladığımız bir “yaddançıxmaz”, bir “sinədağ” - Qarabağ...
Təbii ki, ümummilli mədəniyyətimizin ümum təbliğ-təqdim mətbusu olan bu qəzetin hörmətli oxucuları bu “lirik” iradda heç bir regionik-ironik lad axtarmazlar. Amma bu bir faktiki qüsur deyilmi ki, ”1941- 45” tarixli “dost” müharibə haqda filan qədər şeir, mahnı yazıb-oxuyanlarımız 1988 - ?..“ müddətli “doğma” müharibəmiz barədə heç olmasa, plan qədər də dəbərmirlər?..
...Mətləbdən xeyli uzaq düşsək də, yaddan çıxmaz Oqtay Ağayev...
Belə ki, o, Azərbaycanın ən adlı-sanlı iki estrada orkestrinin hər ikisində uzun illər əvəzsiz və şöhrətli solist kimi fəaliyyət göstərib. Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin 1960-lardan 1990-laradək təntənəli çıxışlarını Oqtay Ağayevsiz təsəvvür etmək mümkünmü? 1970-ci ilə qədər böyük bəstəkar-dirijor Rauf Hacıyevin, ondan sonra Tofiq Əhmədovun rəhbərliyilə fəaliyyət göstərən həmin musiqi kollektivi bəzən “Oqtay orkestri” kimi anılıb-sanılırdı. Azərbaycanı rayon-rayon gəzən, öz orijinal maneraları, gözəl vokal elementlərilə keçmiş SSRİ respublikalarının bütün xalqlarını cəzb edən, əlçatmaz Kreml məkanındakı konsertlərin 10-dan çoxunun iştirakçısı olan Oqtayın səsi Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya, Əlcəzair, Mərakeş və digər ölkələrdən də gəlirdi.
Oqtay Ağayevin kino sahəsində işləri də az deyil. Əvvəlcə onun aktyor kimi çəkildiyi “Yapon və yaponiyalı” qısametrajlı filmini (1990) xatırlayaq. Bu ekran işində Oqtay Ağayevin yaratdığı milis rəisi rolu peşəkar aktyorların oynadığı obrazlar çəki-qiymətində alınıb. “O qızı tapın”, “Dağlarda döyüş” və s. kinofilmlərdə ifa etdiyi mahnıları da canlı obraz təsiri bağışlayır tamaşaçıya. Amma o, video-tamaşaçılıqdan daha çox audio-dinləyicilikdə -
Yaşayıb-yaratdı
Hə, oxuya-oxuya yaşayıb-yaratdı. Elə buna görə də daha çox audio-dinləyicilikdə yaşayır Oqtay Ağayev. Yuxarıda üç-dördünün adını çəkib, az-çox bəhs açmaqla - onun iki yüzdən çox mahnısının lentə yazıldığını demişəmsə, qoy aşağıda onlardan on dəfə azının adını qeyd edim: “Qaytar mənim eşqimi”, “İçərişəhər”, “Ötən günlər”, “Səni məndən soruşdu”, “Sənin bircə təbəssümün”, “Eşqimin bəxti”, “Bir səhər”, “Sevgilim”, “Mənim gənclik məhəbbətim”, “Ağ paltardasan”, “Məhəbbət qocalmaz”, “Sən danışanda”, “Körpə nəfəsi”, “Azərbaycan gözəlləri”, “Həyat eşqi”, “Şəhər qatarı”, “Çiçəklər sevinsin”, “Ana gözləri”, “Sən ki mənim özümdəsən” və “Qarabağın gözəlləri”...
Sonuncu qeyd etdiyim mahnının ifası ulu Şəhriyarın söz ballarından birini - “...gözəllərin axıra qalmışıydı” misrasını xatırladır mənə. Elə Oqtay Ağayevin (mənim də iştirakımla) işlətdiyi son sözlərindən birini də xatırladır: “Gərək şairlərimiz o vaxtlar Qarabağ gözəllərindən daha çox, Qarabağ igidlərindən yazaydılar ki, bizlər də onları oxuyub, onları öyüb, indiki vəziyyətə düşməyəydik...”
Amma nə qəm, ruhi-Oqtay! Qarabağın o didərgin gözəlləri
qaçqın-köçkünlük məkanlarında yeni-yeni yenilməz igidlər doğublar ki, - o oğullar cəlayi-Vətən
universitetlərində yetərincə
fədakar vətəndaşlıq
dərsləri keçmədə.
Bunlar sənin kimi sənətkarların
təlqin etdiyi zövqlə, bütöv
ölkə gözəllərinə,
yaralı Vətən
gözəlliklərinə, möhkəm dövlətçilik
özəlliklərinə meyli-şövqlə
silahlanıb, yeni-yeni
“Azərbaycan igidləri”,
“Azərbaycan qəhrəmanları”,
“Azərbaycan qalibləri”
kimi mahnılara mövzu olarlar, inşallah!..
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 12.