İki xalqın artisti
Daşkənddə Firudin Səfərovun 80 illik yubileyi qeyd olunub
Özbəkistan
Mədəniyyət və İdman
İşləri Nazirliyinin “Özbəkteatr”
Birliyi ölkəmizin Daşkənddəki
səfirliyi ilə birlikdə Əlişir Nəvai adına Opera və Balet
Teatrının rejissoru, Azərbaycanın
və Özbəkistanın Xalq artisti, professor Firudin Səfərovun 80 illik
yubileyi münasibətilə mərasim keçirib.
“Türküstan” sarayında keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diplomatlar, mədəniyyət, incəsənət xadimləri, KİV, ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.
Mərasim Firudin Səfərova həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb. Sonra teatrın direktoru Bəxtiyar Yaqubov tanınmış opera rejissorunun fəaliyyətindən, Daşkənd teatrındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, görkəmli italyan bəstəkarı C.Verdinin bu teatrda tamaşaya qoyulan altı operasından beşinə məhz F.Səfərov quruluş verib və hazırda bəstəkarın daha bir əsəri - “Ernani” operası üzərində gərgin məşqlər gedir. Professor Firudin Səfərov Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında gənc opera rejissorlarının hazırlanmasında da əvəzsiz xidmət göstərir. Opera sənəti qarşısındakı xidmətlərinə görə rejissora Özbəkistan Prezidentinin fərmanı ilə “Əmək şöhrəti” ordeni verilib.
B.Yaqubov rəhbərlik etdiyi teatr adından F.Səfərova Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim edib.
Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyevin yubilyara təbrik məktubları oxunub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qocaman sənətkarın Azərbaycan və özbək xalqları qarşısındakı xidmətlərini yüksək qiymətləndirib, ona səfirliyin fəxri fərmanını, hədiyyələr təqdim edib. Özbəkistanın aparıcı teatrlarının rəhbərləri və mədəniyyət xadimləri yubilyara təbriklərini çatdırıblar.
Mərasimdə Firudin Səfərovun
səhnələşdirdiyi bir sıra əsərlər
- Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”,
dünya klassik
operalarından parçalar göstərilib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı
və Azərbaycan xalq çalğı
alətləri ansamblı mahnı və rəqslərimizi ifa ediblər.
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 12.