Mədəniyyət
və turizmin inkişafına töhfələr
Bölgələrdə dəyirmi masalar keçirilir
Mədəniyyət
və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəz ümummilli liderin 90 illik yubileyi münasibətilə
regionlarda “Heydər Əliyevin mədəniyyət
və turizmin inkişafına töhfələri”
mövzusunda dəyirmi masalar
keçirir.
Ötən sayımızda Qax şəhərində keçirilən tədbir barədə məlumat vermişdik. Noyabrın 6-da Balakən rayonunda təşkil olunan dəyirmi masada mədəniyyət və turizm müəssisələrinin əməkdaşları, turizm, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak edib.
Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov ulu öndərin ölkəmizə rəhbərliyi dövründə mədəniyyətə xüsusi diqqət və qayğı göstərməsi, bu sahənin inkişaf etdirilməsi üçün görülən işlərdən danışıb.
Mərkəzin hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev “Regionlarda turizmin dövlət tənzimlənməsi və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, ulu öndərin istər respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə, istərsə də 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasından sonra Azərbaycanın hər yerində geniş quruculuq-abadlıq işləri görülmüş, sosial-iqtisadi inkişaf təmin edilmişdir. Bu tərəqqi mədəniyyət və turizm sahəsində də özünü göstərib. Ümummilli liderin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün” Dövlət Proqramının tələblərinə uyğun olaraq turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanaların inşası başlanıb. Bu gün dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin nəticəsi olaraq hər il ölkəyə gələn turistlərin sayı artmaqdadır. Regionlarımızda yeni turizm infrastrukturu qurulur. Bu isə gələcəkdə yerli büdcələrin gəlirlərinin artmasında mühüm rol oynayacaq. Bir çox bölgələrimiz kimi, Balakən rayonunun da zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olması turizmin inkişafına şərait yaradır.
Sonra ATİ-nin dosenti Çingiz Gülalıyev “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizin mədəniyyəti, təbii, tarixi, mədəni sərvətləri ilə unikal turizm ehtiyatlarına malik olması, bu sahədə görülən işlərdən danışıb.
Balakən RİH nümayəndəsi rayonda həyata keçirilən təmir-tikinti və yenidənqurma işlərindən söz açıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Sevda Yusifova rayonda turizm potensialı və inkişaf perspektivləri ilə bağlı məruzə edib. Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva, tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirzəyev, MKS-nin müdir müavini Mehriban Çuxova, uşaq kitabxanasının əməkdaşı şairə Tahirə Sultan mövzu ətrafında çıxış ediblər.
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 11.