“Bizi
birləşdirən əsas amil mədəniyyət
olmalıdır”
“Mədəniyyət bizim ortaq xəzinəmizdir. Hər bir türkdilli ölkə mədəni zənginliyi realizə etməklə qarşılıqlı münasibətlərə töhfə verməlidir”
Azərbaycan və
qırğız xalqları tarix, dil, din və mədəni
dəyərlər baxımından bir-birinə sıx tellərlə
bağlıdırlar. Bu iki
xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib
çıxır. Xalqlarımız, digər türkdilli
xalqlar kimi, ortaq mədəniyyətə malikdir.
Hazırda ölkələrimiz arasında mədəni əlaqələr
inkişaf etməkdədir.
Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevlə
müsahibəmiz də bu
mövzudadır.
- Cənab nazir, Azərbaycanla Qırğızıstan arasında mədəni əlaqələri necə xarakterizə etmək olar?
- Hər şeydən öncə onu qeyd edək ki, ölkələrimizin rəhbərlikləri arasında yüksək səviyyəli münasibətlər və tərəfdaşlığı bütün sahələrdə inkişaf etdirmək üçün qarşılıqlı siyasi iradə mövcuddur. Xüsusilə son illər Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkələrimizin həm ikitərəfli kontekstdə, həm də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində əlaqələri genişlənir. Mədəniyyət və tarixi köklər baxımdan iki ölkənin əməkdaşlığında yeni səhifə açılıb. Bu gün, iqtisadi işbirliyi perspektivləri ilə yanaşı, iki ölkəni tarix, mədəniyyət, soy-kök və dini zəmində ortaq dəyərlər birləşdirir. Son illər əlaqələrimizin mühüm istiqamətini mədəniyyət sahəsində tədbirlər təşkil edir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 80 illik yubileyi Azərbaycanda geniş şəkildə qeyd edildi. Prezident İlham Əliyev Çingiz Aytmatovu Azərbaycan və Qırğızıstan arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif etdi. Qarşıdakı illərdə də birgə mədəniyyət layihələrimiz var.
- Həyata keçirilən birgə layihələr, qarşılıqlı mədəni mübadilə xalqlarımızı bir-birinə necə tanıdır?
- Son vaxtlar mədəni-humanitar
istiqamətdə aktivlik
müşahidə olunur.
Ona görə ki, hazırda iki ölkə arasında mədəniyyət sahəsində
çox sıx əlaqələr var. Bir sıra uğurlu layihələr həyata keçirmişik. Qırğız şairi Eqemberdi Ermatov Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını
qırğız dilinə
tərcümə edib.
Bundan başqa, 2008-ci ildə Bişkekdə "Azərbaycanlılar
Qırğızıstanda" kitabı rus dilində çap edilib. TÜRKSOY-un layihəsi olaraq qırğız sənətçilərinin
də iştirakı ilə dahi Azərbaycan
bəstəkarı Üzeyir
Hacıbəylinin “Koroğlu”
operasının tamaşası
Qırğızıstan Opera və Balet Teatrında
da nümayiş etdirildi. Birgə mədəniyyət layihələri həyata keçiririk. Məsələn,
bir neçə il öncə
Qırğızıstanda “Azərbaycan kinosu həftəsi" keçirildi,
"Nizami", "Arşın
mal alan" və Azərbaycan kino sənətinin digər məşhur nümunələri
ölkəmizdə nümayiş
etdirildi. Bayaq qarşıda bizi bir sıra layihələrin
gözlədiyini dedim.
Noyabrın 30-da Qazaxıstanın paytaxtı Bişkekdə Azərbaycanın Xalq yazıçısı Anarın
yaradıcılıq gecəsi
keçiriləcək. Dekabrın
2-də isə Bakıda
Çingiz Aytmatovun 85
illiyi ilə bağlı yaradıcılıq
gecəsi gerçəkləşəcək.
Sözsüz ki, bütün
bu tədbirlər vasitəsilə xalqlarımızı
bir-birinə yaxından
tanıtmaq istəyirik
və düşünürəm
ki, buna yavaş-yavaş nail oluruq.
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və şəxsən nazir Əbülfəs Qarayevlə
yaxşı münasibətlərimizin
olması da əlaqələrimizin genişlənməsinə
öz müsbət təsirini göstərir. Muzey sahəsində
də yaxşı əlaqələrimiz var. Bir
sözlə, ölkələrimizin
müstəqillik əldə
etməsindən sonra münasibətlərimizdə yaranmış
fasilə öz yerini aktivlik dövrünə verir və inanıram ki, bu əlaqələr
bütün istiqamətlərdə
uzunmüddətli və
səmərəli xarakter
daşıyacaq, iki ölkənin qarşılıqlı
maraqlarına xidmət
edəcək.
- Sizcə, türkdilli ölkələri birləşdirən
başlıca element nə
olmalıdır?
- Məncə, bizi birləşdirən əsas
amil mədəniyyət
olmalıdır. Mədəniyyət bizim ortaq xəzinəmizdir.
Hər bir türkdilli ölkə mədəni zənginliyi realizə etməklə qarşılıqlı
münasibətlərə töhfə
verməlidir. Bütün türk
xalqlarında müştərək
hərəkət etmək
üçün ruh, istək, həvəs olmalıdır. Bir neçə
ay öncə Azərbaycanın
Qəbələ şəhərində
keçirilən Türkdilli
Ölkələrin Əməkdaşlıq
Şurasının III zirvə
toplantısında dövlət
başçıları bir
araya gəldilər, türk dünyasının
gücləndirilməsi istiqamətində
bir sıra sənədlər imzaladılar.
Əlbəttə, başlıca amil
dövlət rəhbərlərinin
aldıqları qərarlardır
və biz də bu istiqamətdə işləməliyik.
- Azərbaycanla Qırğızıstan
arasında turizm əlaqələri haqqında
nə deyə bilərsiniz?
- Bu sahədə də əlaqələrimizin inkişafı
üçün yaxşı
perspektivlər olduğu
qənaətindəyəm. Qırğızıstan Bakıda keçirilən
ənənəvi beynəlxalq
turizm sərgisində
iştirak edir. Əlbəttə, bu sahədə
əlaqələri daha
yüksək səviyyəyə
qaldırmaq üçün
işləmək lazımdır.
Burada isə əsas həlledici amil nəqliyyatdır. Əgər ölkələrimiz
arasında birbaşa təyyarə reysləri olarsa, turizm sahəsində əlaqələri
daha da inkişaf
etdirə bilərik.
M.Sultanova
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 10.