“Kukla” art qalereyasının saytı
təqdim edildi
Sayt kukla sənəti ilə məşğul olanlara peşəkarlıqlarını
artırmağa, işlərini
dünyanın ən yaxşı sərgi salonlarında təqdim etməyə imkan yaradacaq
Noyabrın 8-də Muzey Mərkəzində “Kukla”
art qalereyasının saytının
təqdimatı keçirildi. Mərasimdə çıxış
edən qalereyanın rəhbəri Lalə Kazımova bildirdi ki, Azərbaycanda və Cənubi Qafqazda ilk “Kukla” art qalereyası 2013-cü il aprelin 23-də Bakıda açılıb.
Qeyd olundu ki, ölkəmizdə
kukla sənəti ötən əsrin 80-ci illərindən inkişaf
etməyə başlayıb:
“Amma çoxları bundan xəbərsiz idi və kuklanı
dekorativ əmtəə
kimi qəbul edirdilər. Sənət nümunəsi kimi az adam bu işlə maraqlanırdı. Hazırda bizim
məqsədimiz budur ki, bu sənəti
daha geniş şəkildə təbliğ
edək. Bu səbəbdən də bizim qalereya fəaliyyətə başladı.
Kukla sənəti çox incə bir sənətdir.
İstəyimiz budur ki, qalereyaya gələnlər
bu sənət nümunələrindən zövq
alsınlar”.
Bildirildi ki, “Kukla” art qalereyası bu sənət növünün
inkişafına güclü
impuls olmaqla yanaşı, şəhərimizin
sakinləri və qonaqları üçün
maraqlı və cazibədar məkana çevrilməkdədir. Qalereyada
müxtəlif üslubda
və müxtəlif məktəbin nümayəndələrinin
əl işləri toplanıb: “Əsasən öz sənətkarlarımızın,
Pərviz Hüseynov, İrina Qundorina, Elmira Abbaslı, Tamilla Qurbanovanın və gənc nəslin nümayəndələri olan
kukla ustalarının
əl işlərini təqdim edirik. Qalereyanın
fəaliyyətinə bu
sahədə müxtəlif
tədbirlərin, beynəlxalq
və fərdi sərgilərin təşkili,
ən yaxşı Avropa və yerli sənət ustalarının əsərlərinin
ekspozisiya mübadiləsi,
profilli müəllif layihələrinin işlənilməsi,
müsabiqə və ustad dərslərinin təşkili daxildir.
Fəaliyyətə başladığımız
az müddət
ərzində belə
qərara gəldik ki, qalereyanın saytını açaq. Çünki sayt vasitəsilə
bu sənətlə məşğul olanlara daha çox bilgi vermiş olarıq. İnternet
vasitəsilə hər
kəs bizim qalereya ilə tanış ola bilər. Bu, kukla sənəti
ilə məşğul
olanlara peşəkarlıqlarını
artırmağa, işlərini
dünyanın ən yaxşı sərgi salonlarında layiqincə təqdim etməyə imkan yaradacaqdır”.
Daha sonra “Kukla” art qalereyasının
www.artkukla.az saytı təqdim
edildi, ayrı-ayrı
bölmələr haqqında
məlumat verildi. Bildirildi
ki, Azərbaycan, rus və ingilis
dillərində hazırlanan
sayt “Əsas”, “Qalereya”, “Müəlliflər”,
“Ekspozisiya”, “Xəbərlər”,
“Mətbuat”, “Əlaqə”
bölmələrindən ibarətdir.
Saytı
“Facebook” və “Youtube” sosial şəbəkələrində də izləmək mümkündür.
Saytda art qalereya
haqqında geniş məlumat, kukla ustaları və onların yaradıcılıq
yenilikləri, ekspozisiya
haqqında məlumatlar
öz əksini tapıb. İstifadəçilər saytın köməkliyi
ilə qalereyanın açılış mərasimini
də video slayd vasitəsilə izləyə
bilərlər.
Təqdimat başa çatdıqdan sonra Kukla Müəllifləri
Beynəlxalq Birliyinin prezidenti Svetlana Pçelnikova
tədbir iştirakçılarına
kukla art sənəti üzrə ustad dərsi keçdi.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 8.