“Havada asılmış”

 

       Maraqlı hərəkətlərlə dolu bir aləm

 

Noyabrın 10-da “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Böyük Britaniyanın Dorset Kukla Teatrının “Havada asılmış” tamaşası göstərildi.

 

Rejissor Stiven Mottramın quruluş verdiyi tamaşada musiqi olsa da, söz-danışıq yoxdur. Ancaq kuklalar maraqlı hərəkətlər edir. Müxtəlif fonda-rəngdə işıq dinamik musiqi tamaşaçıların diqqətini çəkir. Səhnədə görünən beş kukla qaranlıq fonda çox az hiss edilən ifaçının iradəsi ilə hərəkətə gəlir. Sanki bir əsgər yüksəklikdən yerə enir. Çox ehtiyatla aşağı əyilir sürünərək irəliyə doğru hərəkət edir. Xeyli irəlilədikdən sonra hədəfə çatır, əmri yerinə yetirib geri dönür. Tapşırığı uğurla yerinə yetirməsindən məmnun qalaraq rəqs etməyə başlayır. Rəqs edə-edə gedir divara söykənir qaranlıqda yox olur...

İkinci kukla çox cüssəli əzələli bir idmançıdır. O, yaxınlaşıb dəmir ştanqı yerdən götürür. Müxtəlif akrobatik hərəkətlər göstərir. Oyununu başa çatdırır. Sanki bir qalib kimi ştanqı yerinə qoyur qaranlıqda gözdən itir.

Üçüncü, dördüncü nəhayət, beşinci kukla hərəkətə gəlir. Göydən çox da iri olmayan bir qaz yerə düşür. Musiqinin müşayiəti ilə maraqla rəqs edə-edə səhnədə dövrə vurur gəlib bir münasib yerdə yatır. Kiçik balaları rəqs edə-edə gedib ona sığınırlar.

Hər kuklanın oyunu ayrı-ayrılıqda bir tamaşa kimi təqdim olunur. Rejissor Stiven Mottramın kukla oynatmaq bacarığı Qli Perinin elektron musiqisi fərqli qayda-qanunlara malik sehrli, məzəli poetik bir aləm yaradır.

 

Savalan

 

Mədəniyyət.- 2013.- 13 noyabr.- S. 6.