Köhnə qəhrəmanla
yeni görüş
Uşaq dünyasına, nağıllar aləminə
əsrarəngiz səyahət vəd edən “Cırtdan” II
Bakı Beynəlxalq Kukla Teatrları
Festivalının rəsmi açılışından sonra tamaşaların nümayişinə start verildi. Noyabrın 9-da
festival çərçivəsində iki səhnə əsəri təqdim olundu. Havanın küləkli və
soyuq olmasına baxmayaraq,
ata-analarının, nənə-babalarının əllərindən
darta-darta A.Şaiq
adına Azərbaycan Dövlət Kukla
Teatrının qarşısına toplaşan
uşaqlar özlərinə məxsus təbii,
şirin, saf sevinc və təbəssümlə içəri
daxil olmağa tələsirdilər. Bayramsayağı
geyinən balalar səs-küylə tamaşa salonunu doldurub səhnəyə diqqət kəsildilər...
Maraqlı sərgüzəşt
Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında ilk olaraq italyan yazıçısı Karlo Kollodinin dünyaca məşhur qəhrəmanından bəhs edən “Pinokkionun sərgüzəştləri” tamaşası göstərildi. İlk səhnədən, uğurlu tərtibat və şaqraq, tamaşanın dinamikliyini artıran musiqinin səslənişi ilə uşaqların alqışları eşidilməyə başladı. Beləliklə, uzaq bir məmləkətdə, adi, kasıb bir qocanın - Cipettonun munis daxmasında möcüzəli hadisə baş verir. Qocanın zəhmətlə yonduğu budaq, sidr qozası - Pinokkio birdən-birə canlanır, dil açır və qıvraq, şirin səsi, ilıq təbəssümü ilə daxmanın içində atılıb-düşməyə başlayır. Sonra gözü təəccübdən şaşqın baxan qocaya sataşan Pinokkio “ata, atacan!”- deyərək Cipettoya sarılır.
Qocanın möcüzə saydığı oğlu yavaş-yavaş özünə dostlar qazanmağa, ağıllı Cırcıramanın köməkliyi ilə ətrafını öyrənməyə başlayır. Amma onun həyatsevərliyi ilə yanaşı, hər şeyi bilmək üçün etdiyi dəcəlliklər - hay-həşir salması, hər işi öyrənmək istəməsi, tərs hərəkətləri də yox deyil. Elə bu səbəbdən də başına maraqlı hadisələr, içindən çıxmaqda çətinlik çəkdiyi olaylar da gəlir.
Günlərin birində oyunlarından yorulub məktəbə getmək fikrinə düşür. Amma bunun mümkünsüzlüyünü də bilir. Sadəcə, təslim olmur, öz tayı, cansız, lakin insan olmaq üçün çalışan, buna görə də arzularını qoşduğu mahnılarla dilə gətirən Qala ilə dostluğu başlayır.
Macərapərəst Pinokkio ard-arda etdiyi dəcəlliklər üzündən köpəkbalığının qarnına düşür. Amma bu da son olmur, qəhrəman bu çətin vəziyyətdən də çıxmağı bacarır. Köpəkbalığının qarnında çatdığı tonqal sayəsində o qorxunc yerdən qurtulsa da, bərk xəstələnir, sanki hər şeydən əlini üzərək vida notlarına köklənir. Bu məqamda müdrik dostunun - Cırcıramanın, daha doğrusu, onun çağırdığı Arzu mələyinin sayəsində istəyinə çatır, əsl oğlana çevrilir. Bütün bu olanlardan dərs alan şıltaq oğlancığaz atasının, dostlarının qədrini bilməyə, onları incitməməyə qərar verir. Beləliklə, yersiz dəcəlliyindən əl çəkən Pinokkio ağıllı, şən və maraqlı məktəbli oğlana, həm də əsl insana çevrilir.
Bu şən notlarla bitən tamaşada uşaqlara həm məktəbin gözəllikləri, onun uşaqların həyatındakı rolu, həm də ümumilikdə dostluq, insanpərvərlik, ətrafdakılara sevgi, səmimiyyət kimi hisslər aşılanır. İnsanın istədiyi hər şeyə nail olması, lakin bunun üçün zəhmətsevərliyin də vacibliyi Pinokkionun timsalında maraqlı, səmimi detallarla çatdırılır. Əlifba kitabını teatr biletinə dəyişən qəhrəmanın bu hərəkətini qabarıq şəkildə təqdim edən rejissor Yelene Matsxonaşvili bununla balacalara teatrın əhəmiyyətli olması mesajını verir.
Tamaşanın səhnə tərtibatında da (quruluşçu rəssam Vaxtanq Koridze) sadə, uşaqlara doğma, yaddaşında dağınıqlıq yaratmayan element və rənglər üstünlük təşkil edir. Musiqi də (bəstəkar Şalva Matsxonaşvili) səhnə əsərinin tempinə tam uyğun gəlir. Eyni zamanda kuklaçı aktyorların oyunu, plastika elementləri də baxımlıdır. Elmira Hüseynova, Elnur Abbasquliyev, Rəhim Rəhimov, Səriyyə və Mansur Mansurovlar, Elnur Əliyev və başqaları müasir oyun tərzləri ilə tamaşaçıların könlünü oxşaya bildilər. Bunu zalda əyləşən azyaşlılarla yanaşı, qonaq qismində iştirak edən kukla teatrı mütəxəssislərinin alqışlarından da sezmək olardı.
Nümayişdən sonra səhnəyə çıxan teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə teatrın kollektivini maraqlı tamaşaya görə təbrik etdi. Bu tamaşalar vasitəsilə uşaqlarla yanaşı, böyüklərin də əlçatmaz uşaqlıq dünyalarına qayıtdığını və bu tədbirin hər kəsin teatr bayramına çevrildiyini bildirdi. Festivalda uğurlu iştiraka görə teatrın direktoru Rəşad Əhmədzadəyə diplom təqdim olundu.
“Yuxuda” gördüklərimizdən...
Qonaqlı-qaralı festivalın ilk günü uzaq İtaliyadan, özünəməxsus teatr, kuklaçılıq ənənələri olan ölkədən gələn Kapra Ballerina Teatrının “Yuxuda” tamaşası (rejissorlar Juliano Notari, Laura Bartolomei) da nümayiş olundu. Teatrsevərlər Azərbaycan Dövlət Rus Dram Teatrında yerlərini çoxdan almışdılar.
Səhnələşdirildiyi vaxtdan İtaliyada və ondan kənarda təşkil olunan kukla teatrı festivallarında dəfələrlə nümayiş olunan tamaşa maraqlı ideyası (ideya müəllifi Laura Bartolomei) ilə seçilsə də, dinamikadakı zəiflik bir az yorucu təsir bağışlayırdı. Bu da tamaşanın ümumi tempini bir qədər aşağı salırdı. Süjet xəttindən irəli gələn elementlər məşhur bəstəkar Stefano Zazzeranın elektron musiqisi ilə maraqlı harmoniya yaratmışdı. Demək olar ki, tamaşanın ən uğurlu vəhdəti tərtibat və musiqi arasında baş vermişdi.
Qonaq teatrın təqdim etdiyi tamaşada əslində hər birimizin yuxu dünyasında yaşadığı anlar, qəribə, bir-biri ilə zəncirvarı bağlı hadisələr öz əksini tapmışdı. Belə ki, qız yuxuya gedir və macəra başlayır. Ətrafında adam sifətli milçəklər uçuşur, yan-yörəsindəki canlı-cansız hər şey əcaib şəkildə onu təəccübləndirir, qorxudur. Ardıcıl olaraq qorxunc, əzablı hadisələrlə baş-başa qalan qızın sıçrayaraq ayıldığı an və bunun yuxu olduğunu bildikdən sonra keçirdiyi hiss ustalıqla izah edilirdi. Olaylar arasındakı keçiddə bəzən sıxıcı nüanslar olsa da, hər halda yaşananların təkrarlanması və kuklaçının jestlərlə izahı maraqlı idi. Vladimir Zaxarovun bilək kuklalarını oynatmaq texnikasındakı özünəməxsusluğu ani duyğu dəyişkənliyinə, məsələn, yuxudan qalxıb “nə qəribə yuxu idi bu” dediyimiz anları təkrar yaşamağımıza yardımçı olurdu.
Gündəlik gördüyümüz yuxulara kənardan baxmağı və onların təsirinə düşərkən nə qədər qəribə görkəm aldığımızı göstərən tamaşa musiqinin də effektiv təsiri ilə səni mütləq şəkildə yaşadığın dünyaya qaytarır. Plastik elementlərdən az istifadə, oyunçunun, yəni kuklaçının sadəcə bir oyun yanaşmasından yararlanması səhnə əsərinə sadəlik və səmimilik verir.
H.Nizamiqızı
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 5.