Naxışlarda əbədiləşən rəssam ömrü

 

Azərbaycan qədim zamanlardan zəngin sənət nümunələri ilə məşhurdur. Belə sənət nümunələrindən biri də xalçadır. Xalça sənəti əsrlərin sənət yaddaşını yaşadaraq bu güninkişaf etməkdədir. Bu sənətin tədqiqi və təbliğində dünya şöhrətli xalça ustası, Xalq rəssamı Lətif Kərimovun əməyi xüsusi qeyd edilməlidir.

 

Xalçaçılıq xalq tətbiqi sənətinin qədim növü, xalqımızın həyatı, mənəviyyatı və yaşayış tərzi ilə sıx bağlı olan sahədir. Lətif Kərimov bu bağlılığın dərinliklərinə varmaq məqsədilə ucqar kəndlərimizə səfərlər etmiş, xalq sənətkarlarının söhbətlərinə qulaq asmış, onların işləri ilə tanış olmuş, yeri gələndə məsləhətlər vermişdir. Dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlılığını, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bildiyinə görə, xalçalarımıza, sözün əsl mənasında, ikinci ömür vermiş, onların dünya miqyasında tanıdılmasında böyük işlər görmüşdür.

Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycanın sənət beşiyi Şuşada dünyaya gəlib. Gələcəyin böyük rəssamının xalça sənəti ilə ilk tanışlığı da burada olub. Anası Telli Hacı Nəsib qızının toxuduğu xalçaya rəngarəng ilmələrlə necə fərqli naxışlar vurduğunu müşahidə edəndə onun 5 yaşı var idi...

1912-ci ildə Lətifin ailəsi İranın Məşhəd şəhərinə köçür. Burada məktəbdə oxuduğu müddətdə artıq öz istedadı ilə müəllimlərini və yaşıdlarını heyran etmişdi. 1922-ci ildə Lətif Kərimov Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında əvvəlcə köməkçi, təlimatçı, daha sonra xalça eskizləri üzərində işləyən rəssam kimi püxtələşir. 1929-cu ildə doğma diyarı Şuşaya qayıdır. Bir il sonra “Azərxalça” birliyində rəssam-təlimatçı vəzifəsində əvvəl Şuşada, sonra Tiflisdə və nəhayət, 1932-ci ildən Bakıda fəaliyyət göstərir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinin müdiri təyin olunur, eyni zamanda Dövlət İncəsənət İnstitutunda dərs deyir.

Zəngin xalçaçılıq irsimizi elmi-nəzəri prinsiplərlə öyrənən görkəmli alimin gərgin axtarışları üçcildlik “Azərbaycan xalçası” monoqrafiyasında cəmləşib. 1961-ci ildə çap edilmiş I cilddə böyük sənətkar dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində praktik fəaliyyəti nəticəsində əldə etdiyi, sistemləşdirib ümumiləşdirdiyi elmi qənaətlərini təqdim edib. Kitabın ikinciüçüncü cildləri 1983-cü ildə işıq üzü görüb. Lətif Kərimovun Azərbaycan xalça sənətinin hərtərəfli tədqiqinə həsr edilmiş əsərləri xalqımızın min illər boyu davam edən zəngin mədəni irsinin öyrənilməsi və təbliği işinə qiymətli töhfədir.

İstedadlı sənətkar nadir-ornamentalsüjetli-tematik xalçaların, metal, mərmər, çini məmulatın müəllifi, görkəmli qrafik rəssam və dizayner idi. Onun milli ənənələrlə aşılanmış əsərləri kompozisiya bütövlüyü, təsvir vasitələrinin rəngarəngliyi və yeniliyi ilə fərqlənirdi.

Lətif Kərimovun 1967-ci ildə Bakıda yaratdığı və 1972-ci ildə rəsmi açılışı keçirilən Xalça Muzeyi milli mədəniyyətimizə sanballı töhfədir. 1983-cü ildə paytaxtımızda keçirilən “Şərq xalçalarının incəsənəti”, 1988-ci ildə təşkil olunan “Azərbaycan xalça sənəti” adlı beynəlxalq simpoziumlarda bu muzeyin bazasından istifadə edilmişdir. Hər iki beynəlxalq tədbirə xarici ölkə nümayəndələrinin, xalça sənəti bilicilərinin cəlb edilməsində bilavasitə Lətif Kərimovun xidmətləri olmuşdur. Sənətkarın xatirəsinə ehtiram əlaməti olaraq bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi onun adını daşıyır.

Tanınmış xalçaçı rəssam dünyanın böyük mədəniyyət mərkəzlərində sərgilərə qatılmaqla mədəniyyətimizin dünyada tanınmasına, təbliğinə töhfələr vermişdir. 1937-ci ildə öz əsərləri ilə ümumdünya Paris sərgisində, 1938-ci ildə Nyu-York sərgisində iştirak etməklə Azərbaycan xalçaçılıq sənətini Avropa və Amerikanın sənət aləminə tanıtmışdır. Lətif Kərimovun Moskvada (1954), Bakıda (1976), Tiflisdə (1978), Londonda (1986) fərdi sərgilərinin təşkil olunması onun bir sənətkar kimi şöhrətindən soraq verir.

O hər şeydən əvvəl gördüklərinə və duyduqlarına yaradıcı münasibət bəsləyən sənətkar idi. Yaratdığı orijinal xalça nümunələri də bunu təsdiq edir. Klassik irsdən gələn elementlər - kompozisiya bitkinliyi, məna dərinliyi, inandırıcı şərtilik ustadın yaradıcılığı üçün səciyyəvi keyfiyyətlərdir. Sənətkarın “Əfşan”, “Əcəmi Naxçıvani”, “Xətai”, “Ağaclı”, “Bəndi - rumi”, “Firdovsi”, “Şəbi - hicran”, “Əsrlərin nəğməsi” və s. xalçaları müasir Azərbaycan xalçaçılığının inkişafında mühüm mərhələ sayılır.

Ustad sənətkarın ən uğurlu əsərlərindən biri 26 yaşında yaratdığı “Əfşan” xalçasıdır. Xalçada naxış kompozisiyasının mürəkkəbliyi və yaxud sadəliyi buruğun dövrəsinin ölçüsünə, onun tutduğu sahəyə görə müəyyən olunur. Lətif Kərimovun həmin naxış düzümünü dərin məna ilə yükləməsi, təsvir motivləri ilə süsləməsi onun yüksək sənətkarlığının göstəricisidir.

Rəssamın yaradıcılığında “Xətai” kompozisiyası da xüsusi yer tutur. Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu kompozisiya həmişə xalçaçılıqda meyar hesab olunmuşdur. Lətif Kərimov böyük həvəs və inadkarlıqla onun çətin duyulan sirrini aşkarlamış, yaratdığı xalçalarla bu kompozisiyanın imkanlarının nəhayətsizliyini göstərə bilmişdir. Onun işlədiyi altıya yaxın çeşni bir-birindən baxımlıdır. Sənətkarın “Xətai” kompozisiyası ilə bağlı elmi-bədii düşüncələri tədqiqat əsərində də öz əksini tapmış, eyni zamanda Londonda çıxan məşhur “Xalı” jurnalında dərc olunmuşdur.

Onu yaxından tanıyanlar rəssamın klassik poeziya və musiqiyə necə dərindən bələd olduğunu yaxşı bilirlər. O, Məhəmməd Füzuli poeziyasını, muğamlarımızdakı dəyişkən ovqatı rəmzlərlə dolu naxışlar dünyası ilə qoşalaşdırmağa çalışmışdır. Dahi Füzuliyə həsr etdiyi “Şəbi-hicran” xalçası bu baxımdan maraqlıdır. Xalçanın orta hissəsində iri, onun yuxarı və aşağı tərəfində isə bir qədər kiçik ölçüdə iki dairəvi medalyon yerləşdirilmişdir. Orta medalyon şairin, digərləri isə məhəbbətləri əfsanəyə dönmüş Leyli və Məcnunun obrazları kimi qavranılır. Maraqlı cəhət həm də budur ki, sənətkar xalçaçılıqda az rast gəlinən asimmetrik kompozisiya prinsipinə müraciət etmişbu xalçanı bir-birini təkrarlamayan 600 nəbati naxış ünsüründən yaratmışdır.

Sənətkarın “Səməd Vurğun”, “Nəsimi”, “Firdovsi” və s. xalçalarında ilmələrin poetik duyumla zənginləşdiyini, müəllifin həmin şairlərin sənət dünyasına bələdliyinin naxışlarda əbədiləşən ifasını görürük.

Lətif Kərimov klassik xalça kompozisiyalarına müasir görkəm və məzmun verməyi bacarırdı. Çünki o, müxtəlif ünsürlərdən və naxışlardan ibarət olan mürəkkəb ornamentlərin mənşəyini yaxşı bilir, yeri gəldikdə onların elmi və bədii cəhətdən açılışını göstərirdi.

Onun məlum naxış elementlərinə yaradıcı münasibətini də qeyd etmək lazımdır. Bu baxımdan “Əsrlərin nəğməsi” xalçası xarakterikdir. Xalça 1000-ə yaxın məlum olan, lakin təkrarlanmayan xalça ünsüründən yaranmışdır. “Bəndi-rumi” kompozisiyasına əsaslanan sənətkar, heyvan, quşinsan təsvirlərinin sıralanan düzümündən bir ritm yarada bilmişdir.

Dahi sənətkar 1991-ci ildə, 85 yaşında dünyasını dəyişmişdir. Bu gün Lətif Kərimovun çoxçalarlı xalçaçılıq ənənələri onun yetişdirdiyi sənətşünaslar tərəfindən uğurla davam etdirilir. Gənc sənətşünaslar və sənətkarın adını daşıyan muzeyin elmi əməkdaşları onun fəaliyyətinin sistemli şəkildə öyrənilməsi və təbliği sahəsində yorulmadan çalışırlar.

 

Aygün Abasova,

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin şöbə müdiri

 

Mədəniyyət.- 2013.- 15 noyabr.- S. 12.