Tofiq Bakıxanovun kamera musiqisi axşamı

 

Noyabrın 13-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında Xalq artisti, professor Tofiq Bakıxanovun əsərlərindən ibarət kamera musiqisi axşamı keçirildi.

 

Tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açaraq qeyd etdi ki, konsert unudulmaz bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunub.

Bildirildi ki, tanınmış sənətkar, qayğıkeş insan və gözəl müəllim, əslən Bakı xanlarının nəslindən olan Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, Xalq artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya gəlib. Musiqi fəaliyyətinə skripkaçı kimi başlayıb. 1953-cü ildə Tofiq Bakıxanov Azərbaycan Dövlət Konservatoriyasında A.N.Amitonun dərs dediyi skripka sinfini, 1957-ci ildə isə dahi bəstəkar Qara Qarayevin kompozisiya sinfini bitirib.

Tofiq Bakıxanov musiqi sahəsində fəaliyyətinə görə 1991-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Qocaman sənətkar hazırda Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir.

Tofiq Bakıxanov simfonik poemaların, sonataların, uvertüraların, süitaların və müxtəlif musiqi alətləri üçün yazılmış konsertlərin müəllifidir. Onun “Xəzər balladası” baleti 1969-cu ildə Parisdə beynəlxalq musiqi festivalında, habelə Lüksemburq, Monte-Karlo, Moskva, Sankt-Peterburq və Kiyevdə müvəffəqiyyətlə nümayiş olunub.

Bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verildikdən sonra onun əsərlərindən ibarət musiqi proqramı başlandı. Müəllifin skripkafortepiano üçün 1 nömrəli sonatasını Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanov (viola), beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Maya Sadıqzadə (fortepiano) ifa etdilər. Sonra fortepiano üçün iki prelüdiya (Maya Sadıqzadə), romanslar (Leyla Dadaşova - vokal, Kəmalə Mirbabayeva - fortepiano), II Dünya müharibəsində qəhrəmancasına həlak olmuş bəstəkar Məmməd İsrafilzadəyə həsr olunan violafortepiano üçünElegiya” (Tofiq Aslanov - viola, Fəridə Əhmədbəyova - fortepiano) səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 15 noyabr.- S. 11.