“Kipr
tarixən mədəniyyətlərin gəlib keçdiyi
məkandır”
Sadəddin Topukçu: “Bir-birimizi daha yaxşı anlaya bilmək üçün ortaq dəyərlərimizi müxtəlif vasitələrlə möhkəmlətməyimiz lazımdır”
Noyabrın
15-i Şimali Kipr Türk Respublikasının (Kuzey
Kıbrıs Türk Cümhuriyyəti)
yarandığı gündür.
1974-cü ildə adada alovlanan
müharibə nəticəsində Kipr iki yerə bölündü.
Türk icmasının adanın
şimalında yaratdığı dövlət 1975-ci ildən
1983-cü ilədək Kipr Türk Federativ
Dövləti adlanıb. 1983-cü ildə Şimali
Kipr Türk
Respublikasının yarandığı elan
edildi. Ötən müddətdə Kipr türklərinin dövləti sadəcə
Türkiyə tərəfindən tanınsa da,
ayrı-ayrı ölkələrlə müxtəlif səviyyələrdə
əlaqələr qurur, TÜRKSOY-da təmsil olunur,
qurumun mədəniyyət tədbirlərinə
ev sahibliyi edir. Kipr adası
dünyanın tanınmış turizm məkanıdır,
o cümlədən Şimali
Kiprdə turizm infrastrukturu
geniş inkişaf edib. Bu imkanlar
azərbaycanlı turistləri cəlb edir.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı səlahiyyətli nümayəndəsi Sadəddin Topukçu ilə müsahibəmizdə ikitərəfli əlaqələrə nəzər saldıq. Əvvəlcə o, özü haqqında məlumat verməklə yanaşı, Azərbaycanla bağlı təəssüratlarını bölüşdü.
- Azərbaycan mənim diplomat kimi çalışdığım beşinci ölkədir. Ümumiyyətlə, diplomatiya mənim peşəmdir. 1980-ci ildə Xarici İşlər Nazirliyində işlədikdən sonra müxtəlif ölkələrdə fəaliyyət göstərdim. İlk diplomatik fəaliyyətimə Pakistanın paytaxtı İslamabadda başlamışam. Orda nümayəndəliyimiz yox idi. 1987-ci ildə Pakistanda nümayəndəliyin təməlini qurduq. Onu da deyim ki, Pakistandakı nümayəndəliyimiz tamamən səfirlik formatındadır. Bundan əlavə, İstanbulda 4 il konsul kimi fəaliyyət göstərmişəm. Azərbaycana gələnə qədər ölkəniz haqqında çox eşitmişdim. Ona görə də qədim Odlar Yurdunda işləmək mənə maraqlı gəlirdi. Belə bir imkan yarandıqda çox sevindim. Nəhayət, ötən il Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi Bakıya gəldim.
- Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Ölkələrimiz arasında çox gözəl əlaqələr mövcuddur. Azərbaycan müstəqillik əldə etdikdən sonra əlaqələrimiz genişlənməyə başladı. Son 8-10 il ərzində münasibətlərin inkişafı intensiv xarakter almağa başlayıb. Əlbəttə, əlaqələrin genişlənməsinin əsas faktoru yüksək səviyyəli təhsil verən universitetlərimizdir. Təsadüfi deyil ki, hazırda 1000-dən çox azərbaycanlı tələbə Şimali Kiprin universitetlərində oxuyur. Bu münasibətlər doğrudan da, bizi sevindirir. Universitetlərimizdə yüksək səviyyəli təhsil sayəsində məzun olan tələbələrin diplomları xaricdə tanınır. Ümumiyyətlə, ölkəmizi tanıtmaq üçün təhsil sahəsinə çox önəm veririk. Şimali Kiprin ali təhsil ocaqlarında 60 min tələbə təhsil alır. Onların çoxu Türkiyədən, qalanları isə 35-40 ölkədən gəlir. Beləliklə, ölkəmiz beynəlxalq tanınmış təhsil mərkəzinə çevrilib. Biz daha çox azərbaycanlı tələbənin Kiprə gedib orada universitetlərdə təhsil almasını istəyirik.
İkinci mühüm sahə olaraq turizmi önə çıxarırıq. Ölkəmizə dünyanın bir çox yerlərindən, Avropadan turistlər gəlir. Azərbaycanlılar da səyahəti sevir. Bu da əslində Şimali Kipr Türk Respublikası üçün bir fürsətdir. Hər il xeyli azərbaycanlı qardaşımız Şimali Kiprdə istirahət edir.
- Yeri gəlmişkən, ölkələrimiz arasında turizm əlaqələrini necə qiymətləndirmək olar?
- Qeyd etdiyim
kimi, Şimali Kiprin iqtisadiyyatı iki faktor üzərində qurulub
- biri təhsil, digəri isə turizmdir. Kipr kiçik ada olduğu üçün
böyük sənaye təsisatları qurmaq mümkün deyil. Ona görə də
xidmət sektoruna önəm verməyimiz
lazımdır. Sevindirici haldır ki, hər il turizm sahəsində əhəmiyyətli
nailiyyətlər əldə edirik. Belə
ki, ölkəmizə gələn turist sayı ildən-ilə artır. Yeni təsislər, binalar inşa edilir ki, bu da
öz növbəsində turizmin
inkişafına yeni imkanlar
qazandırır. Kiprdəki gözəl və cəlbedici məkanlara
azərbaycanlı qardaşlarımız böyük
maraq göstərir. Eyni
zamanda Bakıda keçirilən beynəlxalq
turizm sərgilərində bizim turizm şirkətləri
də iştirak edir. Sevindirici haldır ki, artıq
ölkələrimiz arasında gediş-gəliş də
nisbətən asanlaşıb. Kiprdə turizmin
müxtəlif sahələri, məsələn, mədəni
turizmi, dəniz (çimərlik) turizmi, dini turizm
inkişaf edir. Ölkədə
müxtəlif dinlərə aid qədim məbədlər
var ki, onlar
da ziyarət edilir. Bundan başqa, turist marağına səbəb
olan tarixi yerlərimiz də çoxdur. Çünki Kipr doğrudan
da tarix içərisində bütün
mədəniyyətlərin gəlib keçdiyi bir məkandır. Bu izləri yerində
görmək baxımından
Kipr əsrarəngiz bir məkandır. Azərbaycandan Kiprə müalicə
üçün gedənlər
də var. Yaxın Doğu Universiteti xəstəxanasında çox
müasir cihazlar qurulub. Bu baxımdan
ölkəmizin müalicə
imkanları da ən yüksək səviyyədədir.
- Azərbaycanın turizm imkanlarını necə görürsünüz?
- Azərbaycan turizm potensialı olan bir ölkədir. Artıq bu sahəyə yatırımlar qoyulur.
Amma inkişaf üçün
zamana ehtiyac var. Çünki ölkənizdə
turizmə son illərdə
daha çox yer ayrılıb. Növbəti illərdə bu
sahədə daha böyük inkişaf olacağını düşünürəm.
Burada olduğum müddətdə
Şəkiyə, Şahdağa
getmək imkanım oldu. Turizm baxımından çox
gözəl yerlərdir
və inanıram ki, yaxın illərdə daha da əsrarəngiz məkanlara çevriləcəklər.
Bakı yaxınlığındakı palçıq
vulkanlar isə çox ilgincdir. Hərçənd o yerlərə baş
çəkmək üçün
yolu tapmaq çətin oldu. Halbuki bu vulkanlar turizm
baxımından cazib məkandır. Dünyanın çox yerində belə nadir təbiət hadisəsinə rast gəlmək olmur. Azərbaycan bu imkandan yararlanıb
daha çox turist cəlb edə bilər. Bir sözlə, palçıq
vulkanlar ölkəniz
üçün turizmdə
önəmli nöqtədir.
Qobustan qoruğu, oradakı muzey və onun
memarlıq quruluşu
xoşuma gəldi.
Onu da deyim ki, Kiprdə
tarixən bir çox mədəniyyətlər
olub və indi onların izləri yaşadılır. Məsələn,
ölkəmizdə qədim
amfiteatr, Salamis bölgəsində qədim
şəhərin qalıqları
mövcuddur. Bu bölgələrdə arxeoloji
qazıntılar davam etdirilir. Şimali Kipr Türk
Respublikasının hökuməti
bu işə xüsusi önəm verir. Qazıntılar zamanı aşkar
edilən abidələr
qorunur.
- Azərbaycanla Şimali Kipr arasında mədəni əlaqələr
barədə nə deyə bilərsiniz?
- Mədəniyyət bizim ortaq dəyərlərimizdən
biridir. Dilimiz, mədəniyyətimiz, tariximiz biri-birinə yaxındır. Bir-birimizi daha
yaxşı anlaya bilmək üçün
bu dəyərlərimizi
müxtəlif vasitələrlə
möhkəmlətməyimiz lazımdır. Ötən
il Azərbaycan
Dövlət Milli Dram Teatrı
ilə Şimali Kiprin teatrı arasında bir anlaşma imzalandı. Tanınmış Azərbaycan yazıçısı
Elçinin bir əsəri Kiprdə səhnələşdirildi. O tamaşanı Azərbaycandan
gedən bir rejissor bizim aktyorlarla birgə səhnəyə qoydular. Hər il
Şimali Kiprin Girne şəhərində
TÜRKSOY opera günləri çərçivəsində konsertlər keçirilir.
Bu tədbirlərdə Azərbaycandan da ifaçılar iştirak
edirlər. Əlbəttə, qarşılıqlı işbirliyi,
mədəni mübadilə
vasitəsilə belə
əlaqələrimizi genişləndirməliyik.
- Yaxın vaxtlarda qarşılıqlı əlaqələr
zəminində hansısa
tədbirlərin keçiriləcəyi
gözlənilirmi?
- Bakıda hər il 15 noyabr
- Şimali Kipr Türk Respublikasının
yaranma günü qeyd edilir. Bundan başqa,
dünya şöhrətli
bir pianoçumuz, Ria Taneri Bakıya
dəvət edib konsert təşkil etmək istəyirik.
Şimali Kiprdən Bakıya
musiqi təhsili almaq üçün gələnlər də
var. Artıq insanlarımız
bilir ki, Azərbaycanda təhsil yaxşı səviyyədədir.
Eyni zamanda kiprlilər Azərbaycan incəsənət
nümunələri haqqında
məlumata malikdirlər.
Mənim
də Bakıda olduğum müddətdə
kino, konsert proqramlarını seyr etmək imkanım olub. Bilirəm ki, bu sahədə gözəl sənətkarlarınız var,
onlar dünya çapında da məşhurdurlar. Bu gün azərbaycanlı istedadlar beynəlxalq yarışmalarda çoxlu
uğurlar qazanırlar.
- Şəkidə, Şahdağda
olduğunuzu dediniz. Azərbaycanda daha hansı tarixi, görməli yerləri ziyarət edə bildiniz?
- Qəbələdə də
olmuşam, çox əsrarəngiz məkandır.
Lənkəranı da görmək
istərdim. Boş vaxtlarımda
ailəmlə birlikdə
Bakıda sahildə gəzirik. Nizami küçəsində, Fəvvarələr meydanında,
İçərişəhərdə gəzməyi də xoşlayırıq. Hər gün
daha da gözəlləşən
Bakını “kəşf
etməyə” çalışırıq.
- Mərasimlərimiz, milli mətbəximizlə yəqin
tanışsınız? Eyni kökdən
gələn, ortaq dəyərlərə malik
xalqlarımız arasında
hansı oxşarlıq
elementlərini qeyd edə bilərsiniz?
- Bizdə toy mərasimləri
sizdəkinə nisbətən
daha qısa olur. Bundan başqa, Azərbaycan
toylarında yeməklər
çox olur. Bəlkə siz doğru edirsiniz. Çünki sosial hadisələr,
məsələn, toylar
unudulacaq hadisələr
deyil. Mətbəxlərimiz, tam olmasa da,
bənzərdir. Amma siz duzu, yağı, şəkəri çox istifadə edirsiniz. Burada şirniyyatı çox sevirlər. Bir sıra yeməklərə
şəkər qatılır.
Qutablarınız isə çox
dadlıdır. Kiprdə əsasən
göyərti qutabları
hazırlanır. Sizdə isə
qutablar əsasən ətdən hazırlanır.
Xanımım Azərbaycan mətbəxi
ilə daha çox maraqlanır.
Toylarımızda da bənzər xüsusiyyət aşkarladım. Kiprdə bu
mərasim zamanı nəzər dəyməmək
üçün zeytun,
Azərbaycanda isə üzərlikdən istifadə
edilir. Yəqin ki, mənim
hələ də müşahidə etmədiyim
çox bənzərliklər
var. Əgər xalqları
yaxınlaşdırsaq, insanlar
bir-biriləri ilə daha sıx münasibət
quracaq. Öz növbəsində insanlar bir-birilərinin mədəniyyətlərini də
o qədər yaxından
tanıyacaqlar. Bu yerdə də oxşar bir xalq məsəli çəkəcəyəm, sizdə
də, bizdə də “Gec olsun,
güc olsun”, deyərlər.
Mehparə
Məədəniyyət.- 2013.- 15
noyabr.- S. 10.