Koroğlu da Koroğluydu, Aşıq Əkbər oxuyanda...

 

Tovuzda ustad sənətkarın 80 illik yubileyi təntənə ilə qeyd olundu

 

Kükrəyərdi, sellənərdi,

Aşıq Əkbər oxuyanda.

Gözü göyə zillənərdi,

Aşıq Əkbər oxuyanda.

 

Alov oğlu, od oğluydu

Vətənə, elə bağlıydı.

Koroğlu da Koroğluydu,

Aşıq Əkbər oxuyanda.

 

Söz bal tək süzülərdi,

Yaddaşımız çözülərdi.

Ayaq yerdən üzülərdi,

Aşıq Əkbər oxuyanda.

 

Noyabrın 12-də Tovuz rayon Mədəniyyət evində ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əkbər Cəfərovun 80 illik yubileyi münasibətilə düzənlənən tədbir saz-söz sənəti xiridarlarının sənətkar haqqında xoş xatirələri, canlı ifaları və dəyərli fikirləri ilə yadda qaldı.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar BirliyiTovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin aparıcısı filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev öncə sənətkar haqqında düşüncələrini iştirakçılarla bölüşdü.

Bildirdi ki, Əkbər Cəfərov ifası, sazı, sözü ilə daima yaddaşlarda yaşayacaq ustad aşıqdır: “Aşıq sənətinin iki görkəmli nümayəndəsi - Əkbər Cəfərov və Şakir Hacıyev cəmi 57 il yaşayıb. Çünki onlar ürəklərinin yağını, canlarını bu sənətə vermişdilər. O yağ tez əridi və onlar dünyalarını dəyişdilər. Amma nə qəm? Bu sənətkarlar həmişə bizim qəlbimizdədir. Belə sənətkarlar heç zaman ölmürlər. Əkbəri səciyyələndirən, onu başqalarından fərqləndirən bir xüsusiyyət vardı. Aşıqların bəziləri zildə, bəziləri bəmdə, bəziləri isə orta pərdələrdə oxuyur. Əkbər bunların üçündə də oxuyurdusevilirdi. Təsadüfi deyil ki, «Böyük dayaq» və «Ögey ana» filmlərində aşıq ifalarına Əkbəri dəvət etmişdilər. Mədəniyyət və İncəsənət Universitetində saz sənəti kafedrasının əsasını aşıq Əkbər qoyub. O, böyük ehtirama layiq sənətkardır və bizimlə bu gün də yaşayır».

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov qonaqları və tədbir iştirakçılarını tovuzlular adından salamladı və qeyd etdi ki, aşıq Əkbərin bir çox məclislərində iştirak edib: «Aşıq Əkbər dünyasını qələmə almaq üçün hələ çox sözlər deyiləcək. Aşıq Əkbər fəlsəfəsi böyükdür, o heç vaxt xalqın yaddaşından silinməyəcək. Allah-təalanın ona verdiyi fitri istedad onu əbədi yaşadacaq».

Tədbir Tovuz aşıq məktəbinin yetirmələrindən olan Firudin Hüseynov, Elməddin Məmmədov və Şəhriyar Qaraxanlı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıq Samirə Əliyeva, aşıq Hakim Azaflı, Əli Quliyev, Şirvan aşıq məktəbinin yetirməsi Əli Taptıqoğlu, Göyçə məktəbinin yetirməsi Şöhrət Kərimov, Əkbər Cəfərov sənətinin davamçısı, kiçik oğlu Cahandar Cəfərovun rəhbərliyi ilə gənc aşıqlar ansamblının, Tovuz rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən «Misri» ansamblının bir-birindən maraqlı ifaları ilə davam etdi.

 

Adəm oğlu, yaranmısan, Yaradanı gəl tanı...

 

XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi, qurultayların nümayəndəsi olan sənətkar yaradıcı bir şəxsiyyət idi. O təkcə çalıb, oxumayıb, həm də dərin məzmunlu şeirlərin müəllifi olub. Onların içərisində bu gün də gənclərə örnək ola biləcək nəsihətlərin yer aldığı şeirlər var.

 

Dəli könül, havalanıb hər yetənə can demə,

Gül-çiçəyi açılmamış bağa gülüstan demə.

İnsaf eylə, gözlərinlə gördüyünü düz danış,

Kim haqqı seçəmmirsə, ədalət, divan demə.

 

Bizdən qabaq bu dünyaya gələn canlar bəs hanı,

Qara torpaq uddu, yedi neçə şahı, sultanı.

Adəm oğlu, yaranmısan, Yaradanı gəl tanı,

Nəsihəti qanana de, qanmaza insan demə.

 

Bir məqamı da qeyd edək ki, Aşıq Əkbər sovet dövründə kitabı nəşr edilən az sayda sənətkarlardan olub. Həmin dövrdə onun «İşıqlı tellər», «Saz danışanda» adlı iki kitabı işıq üzü görüb. Dünyasını dəyişəndən sonra 2004-cü ildə Məhərrəm Hüseynli onun haqqında «Aşıq Əkbər oxuyanda» kitabını yazıb. 2009-cu ildə isə sənətkarın şeirlərindən ibarət «Söz qanana qurban olum» adlı kitabı çapdan çıxıb.

 

Tovuzda aşıq sənətinin böyük ənənələri var

 

Tədbirlə bağlı fikirlərini qəzetimizlə bölüşən Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirdi ki, nazirlik tərəfindən Azərbaycanın görkəmli aşıqlarının yubileyləri təkcə Bakıda deyil, eləcə ölkəmizin müxtəlif bölgələrində, onların doğulduğu rayonlarda qeyd edilir: «Son vaxtlar Şamaxıda aşıq Bilalın, aşıq Məmmədağanın yubileyləri ilə bağlı geniş tədbirlər keçirilib. Sevilən sənətkarların yubileylərinin bölgələrdə qeyd edilməsi oradakı mədəni həyata rəng qatır. Bu tədbirlər gələcək nəsillərə örnək olur ki, tanınmış el sənətkarlarının xatirələri necə əziz tutulur. Bu isə aşıq sənətinin inkişafına bir təkandır. Belə mərasimlərin təşkili eyni zamanda rayonlarda yeni mədəniyyət obyektlərinin tikilməsinə, orada yüksək səviyyəli mədəni tədbirlərin keçirilməsinə rəvac verir. Tovuzda aşıq sənətinin böyük ənənələri var. Burada Azərbaycanın tanınmış aşıqları dünyaya gəlib. Hazırda rayonda Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyi fəaliyyət göstərir. İndi Mədəniyyət Turizm Nazirliyi tərəfindən yeni üçmərtəbəli muzey binası tikilir. Bina təkcə muzey funksiyasını yerinə yetirməyəcək. Eyni zamanda burada gənclər aşıq sənətinin sirlərini öyrənəcəklər.

Bu tədbirlər davam edəcək. Gələn il beynəlxalq aşıq festivalının keçirilməsi nəzərdə tutulur. Festival həm Bakı şəhərində, həm respublikanın aşıq sənəti daha çox sevilən bölgələrində, o cümlədən Tovuzda reallaşdırılacaq».

Tovuz Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Aydın Qasımov deyir ki, bölgədə tanınmış, qocaman aşıqların yubileyləri həmişə təntənə ilə qeyd edilir: «Son vaxtlar Mədəniyyət Turizm Nazirliyi tərəfindən belə tədbirlərin miqyası daha da artıb. Tovuz aşıq məktəbinin görkəmli nümayəndələrindən olan aşıq Əkbərin, aşıq İmranın aşıq Mikayıl Azaflının yubileyləri indiyə qədər keçirilən tədbirlər sırasındadır. Onların yubileyləri Bakıda da geniş qeyd edilib. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir».

 

Aşıq Əkbər yüz illər bundan sonra da seviləcək

 

Ustad sənətkarın yaxın qohumları da xatirələrini qəzetimizlə bölüşdülər:

 

Arif Cəfərov (oğlu):

-Aşıq Əkbər saz sənətində öz sözünü deyən sənətkardır. Onun səsi nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində dinlənib, sevilib. Atamın yubileyinin dövlət səviyyəsində qeyd edilməsi bizi çox sevindirir. Mən buna görə ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Mədəniyyət və Turizm Nazirliyinə, Aşıqlar Birliyinə, Tovuz Rayon İcra Hakimiyyətinə öz təşəkkürümü bildirirəm.

 

Əli Cəfərquliyev (yaxın qohumu, aşıq Əkbər sənətinin davamçısı):

- Aşıq Əkbər elimizin sayılıb-seçilən sənətkarlarından idi. O, səsi ilə, sənəti ilə bütün türk dünyasında tanınırdı, sevilərək dinlənirdi. Aşıq Əkbərin mahnıları, şeirləri indi də dinləyənləri valeh edir. O, aşıq mahnılarının mahir ifaçısı olmaqla yanaşı, gözəl şeirlərin, mahnıların da müəllifi idi. Onun hər aşıq mahnısına uyğun bir neçə şeiri vardı. Səsi kimi, şeirləri də çox axıcı, yaddaqalan idi. O, məclisə gələndə hörmətlə qarşılanıb. Heç vaxt insanlar arasında fərq qoymayıb. Ona görə də illərdir dünyasını dəyişməsinə baxmayaraq, bu günsevilir, yüz illər bundan sonra da seviləcək.

 

Şahin Şirinov (bacısı oğlu):

- O bütün türk dünyasında sevilən bir sənətkar idi. Belə böyük bir şəxsiyyət haqqında söz demək, təbii ki, asan deyil. Onun haqqında bu tədbirdə də çox fikirlər söylənildi. Mən aşıq Əkbərin istiqanlı, ona uzanan əli heç zaman geri çevirməyən xeyirxah bir insan olmasını xüsusi qeyd etmək istərdim. Onun sənəti ilə insanlığı bir-birini tamamlayırdı. Onun doğması olaraq, insanlığına, ədalətinə hər zaman qibtə eləmişəm».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 15 noyabr.- S. 9.