“Bir
tamaşanı ərsəyə gətirmək üçün
bir il vaxt
sərf edirəm”
“Kukla teatrına gəlməyimin əsas səbəbi bu sahədə daha çox beynəlxalq festivalların təşkil olunmasıdır”
Noyabrın 13-də
Gənc Tamaşaçılar Teatrında “Cırtdan” II Beynəlxalq
Kukla Teatrları Festivalı çərçivəsində
İsveçrənin “Ginyöl” Marionet Teatrının (“Le
Guignol a Roulettes”) “Mən danışmaq istəyirəm”
(“Chat away!”)
tamaşası nümayiş etdirildi. Biz də
azyaşlı izləyicilərin böyük
marağına səbəb olan
tamaşanı təqdim edən aktyor və
rejissor Piyer-Alen Rolle ilə söhbətləşmək qərarına
gəldik. Qonaq öncə özü
haqqında məlumat verdi:
- İsveçrənin “Ginyöl” Marionet Teatrının rejissoru, eyni zamanda aktyoruyam. Bundan əlavə, Beynəlxalq Kukla Teatrları Assosiasiyası - UNİMA-nın icraiyyə komitəsinin üzvüyəm, bu təşkilatın fəaliyyətində yaxından iştirak edirəm. Bakıya səfərimiz də bu təşkilatın xətti ilə baş tutub. Teatr sənəti ilə artıq 30 ildir ki, məşğulam, işimdən də olduqca məmnun olduğumu deyə bilərəm. Balacaları sevindirmək, onları düşündürərək, əyləndirmək mənə əlavə zövq verir.
- Nümayiş etdirdiyiniz tamaşanın mövzusu ilə bağlı bir qədər məlumat verərdiniz.
- Burada söhbət bir fabrikdə işləyən cavan oğlandan gedir. İnsanlar ona hörmət etmirlər. O özü
də fikirlərini səlis ifadə etməkdə çətinlik
çəkən, kompleksləri
olan biridir. Ancaq o bir müddətdən
sonra hamının siçan zənn etdiyi balaca qızla
tanış olur. O balaca “siçan” bu fabrikdə hansı hiyləgər oyunların
oynandığını görür,
fabrikin əslində insanlara zərər verdiyinin şahidi olur. Balaca qız olub-bitənlərlə
bağlı digər insanlara danışmağa
başlayır və beləliklə insanlara zərər vuran fabrik və onun rəhbərliyi ifşa olunur.
- Əslində, tamaşanın
süjet xətti olduqca ibrətamizdir. Bəs balaca
izləyicilərimizin olub-bitənləri
başa düşdüyündən
əminsinizmi?
- Öncə onu deyim ki, tamaşanın
ana dili fransız dilidir. Bu baxımdan azyaşlı izləyicilərimiz, ola bilsin ki, dialoqları başa düşməkdə
çətinlik çəksinlər.
Ancaq mən özüm səhnə əsərinin
daha anlaşıqlı
olması üçün
bəzi dialoqları rus dilində səsləndirdim. Belə desək,
rus dilini bilməyim müəyyən
mənada köməyimə
çatdı. Uşaqların
reaksiyasından da hiss
etdim ki, rus dilində səsləndirdiyim hissələri
nisbətən daha yaxşı anladılar. Ancaq məsələyə ümumi
yanaşdıqda deyə
bilərəm ki, kukla teatrlarında əsas məqsəd dialoqların tam anlaşılması
deyil. Bu, bizim tamaşaçıların
azyaşlı olmasından
irəli gələn amildir. Daha çox çalışırıq
ki, təsvirlər, kuklaların hərəkətləri
vasitəsilə izləyicilərimizə
mövzunu, əsas ideyanı anladaq. Ancaq burada bizim əleyhimizə
olan amillər də var idi.
Səhnə kukla teatrı
üçün olduqca
böyükdür. Bunu nəzərə
alaraq çalışdıq
ki, öz dekorasiyamızı böyüdək.
Ancaq o qənaətdəyəm ki,
dekorasiyanın böyüdülməsi
elə də effektli olmadı. Bununla belə, azyaşlı izləyicilərimizin tamaşanın
ideyasını müəyyən
qədər də olsa anladığını
düşünürəm. Çünki tamaşadan əvvəl
onlar üçün
kiçik bir prezentasiya da nümayiş etdirmişdik.
- Ümumiyyətlə, tamaşalar
zamanı tərcümədən
istifadə edirsinizmi?
- Əlbəttə, imkan
daxilində çalışırıq
ki, tamaşanı səfər etdiyimiz ölkənin dilində səsləndirək. Ancaq siz də razılaşarsınız ki,
bunun üçün
vaxt və daha çox hazırlıq lazımdır.
Bakıya isə 3 günlüyə
gəlmişik. Bu qədər böyük hazırlığı görmək
üçün isə
bu vaxt kifayət
deyil. Ancaq ümumilikdə götürdükdə
tamaşalarımı 4 dildə
- fransız, ingilis, rus və ispan
dillərində səsləndirə
bilirəm. Digər dillərə
tərcümə üçün
isə professional heyət
lazımdır. Məndə tamaşaların
mətnləri var. Ehtiyac
olanda istifadə edə bilirik. Ancaq məni tərcümə məsələsində narahat
edən məqam mətnin bir dildən digərinə səthi çevrilməsidir.
Tamaşalarda komik, ironiyalı
məqamlar olur ki, tərcüməçilər
onu tam mənası ilə çatdıra bilmirlər. Daha çox
vaxtımız olsaydı,
sizin yerli aktyorlarla və tərcüməçilərlə bu işi həyata
keçirə bilərdik.
- Maraqlıdır, niyə məhz kukla teatrını seçmisiniz?
Uşaqlara hansısa mesajı
çatdırmaq daha çətin deyilmi?
- Bəli, çətindir, ancaq bir o qədər də maraqlıdır. Mən İsveçrədə uzun müddət böyüklər üçün tamaşalar səhnələşdirmişəm, aktyor kimi çıxış etmişəm. Kukla teatrına gəlməyimin əsas səbəbi bu sahədə daha çox beynəlxalq festivalların təşkil olunmasıdır. Təbii ki, hər bir yaradıcı insan öz işlərini daha böyük auditoriyaya çıxarmaq istəyir. Mən də bu məqsədlə kukla teatrını seçdim. İsveçrədə aktyor və rejissorlar daha çox bu səbəbdən kukla teatrında çalışırlar. Belə olmasaydı, indi biz burada sizinlə, sizin tamaşaçılarla görüşə bilməyəcəkdik.
- Azərbaycan teatrı haqqında məlumatınız varmı?
- Sizə nə yalan deyim, buraya gələnədək elə bir məlumatım yox idi. Sizin teatr ictimaiyyəti ilə burada tanış olduq, teatr binalarınıza baş çəkdik. Olduqca böyük, səliqəli, möhtəşəmdirlər. Mən rus teatr ənənəsinə bələdəm. Ancaq bilmirdim ki, burada da rus teatrının müəyyən ənənələri mövcuddur. Bu baxımdan teatrlarınız arasında şimal qonşunuzla olan oxşarlığı hiss etdim. Tamaşa zallarınız kukla teatrı üçün o qədər də münasib olmasa da, burada böyüklər üçün istənilən tamaşanı səhnələşdirmək olar. Elə götürək indi oturduğumuz zalı. Səhnə kifayət qədər genişdir. Bu isə aktyor və rejissor üçün əlavə imkanlar yaradır. Onu da deyim ki, şəhəriniz də çox xoşuma gəldi. Şərq və Qərb mədəniyyətinin müəyyən nüansları hiss olunur. Gələcək tətillərimin birində Bakıya gəlmək istəyirəm. Şəhər ətrafını görmək, mədəniyyətinizi daha yaxından öyrənmək mənim üçün maraqlıdır.
- Azərbaycanlı həmkarlarınızla işbirliyi necə, mümkündürmü?
- Nəzəri cəhətdən, əlbəttə ki, mümkündür, ancaq bu işbirliyini reallaşdırmaq olduqca çətindir. Gərək bir araya gələk, bir müddət hansısa layihənin üzərində çalışaq. Bunun üçün əlavə işçi, vəsait, ortaq məkan və vaxt lazımdır. Bilirsiniz ki, bütün bunları təşkil etmək o qədər də asan məsələ deyil. Məsələn, mən özüm bir tamaşanı ərsəyə gətirmək üçün bir il vaxt sərf edirəm. Birgə layihə üçün isə, təbii ki, daha çox vaxt lazım gələcək. Ancaq bu qədər əziyyətə dəyə biləcək ortaq layihə olarsa, məncə, nə sizin aktyorlar, nə də biz yox demərik.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 6.