“Mən
danışmaq istəyirəm”
Susmaq istəməyənlərin oyunu
Sərbəst olmaq, çəkinmədən, həm də
müstəqil təxəyyül əsasında fikir yürütmək, yaşamaq,
oynamaq, oxuyub öyrənmək
bütün uşaqların vacib haqqıdır. Elə gələcək
istəklərini də buna hesablayan balacalar
başqalarından fərqlənmək üçün
canfəşanlıq şakərləri ilə seçilirlər.
Bütün hallarda uşaq dünyası yaxşı bələdçi
ilə kəşf oluna biləcək ən
maraqlı məkan, ən gözəl mənzərələr
diyarıdır.
Bu həqiqəti “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalında nümayiş olunan daha bir səhnə əsərində gördük. İsveçrənin “Ginyöl” Marionet Teatrının “Mən danışmaq istəyirəm” tamaşası məhz bu nota köklənmişdi. Ənənəvi kukla teatrı texnikasından istifadə olunmaqla hazırlanan tamaşa uşaq və yeniyetmələri öz hüquqlarını qorumağa, mükəmməl insan kimi yetişmək üçün xeyirxah insanlarla münasibət qurub, bütün çətin dönəmləri məhz gözəl dostlar sayəsində aşmağa inandırır.
Stefani Lefortun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada adi, özünə qapalı bir məktəblinin taleyindən danışılır. Dyuki adlı bu məktəblinin öz düşüncələrini çatdırmaq, fikrini ifadə etmək bacarığı yoxdur. Çünki onun çox əzazil və zalım bir müəllimi, ustası var. Daim basqı altında olan qəhrəman mənəvi sıxıntılar keçirir və buna görə də rabitəsiz, gərəksiz hərəkətlər edir.
Cudit Şpinaç və Sandrin Tonanın hazırladığı kuklaların dekorda, bir fabrikin təsvir olunduğu kiçik səhnədə əksi cansıxıcı təsir bağışlasa da, musiqi bu məngənəli mənzərəni bir qədər yüngülləşdirə bilirdi.
Fransız dilində təqdim olunan tamaşada əhvalat basketbol ayaqqabısı istehsal edən fabrikdə baş verir. Qarışıq əhvalatın çaşdırıcı dil xüsusiyyətini aradan qaldırmaq üçün onu üç pərdəyə bölən və hər pərdədən öncə səhnəyə çıxıb tamaşaçılara səslənən aktyor “Mən tamaşanı fransız dilində oynayacağam. Çoxunuz bəlkə də fransızca danışmır. Lakin mən bilirəm ki, siz çox ağıllı uşaqlarsınız və hər şeyi başa düşəcəksiniz” - deyə maraqlı izahat da verdi. Bəzi hissələrdə qəhrəmanın fikirlərini rus dilində də çatdırmağa çalışdı.
Tamaşanın digər obrazları fabrik sahibi Qratin
Marta və usta
Flaşardır. O, Dyukiyə işləməyi öyrədir.
Tamaşanın dördüncü qəhrəmanı
isə Litçidir. Hamı onu cingiltili, zəhlətökən
səsli siçan kimi
tanısa da, hələ heç
kim üzünü
görməyib. O, gözə görünməsə belə, baş verən hər şeyi
görür. Bütün
gününü fabrikdə keçirib yalnız bir məsələ
ətrafında düşünən, dünyanın sahibinə
çevrilmək iddiasında olan Flaşar yenə öz
işindədir. Bu məqsədlə dahi
professor Kuqlofun kəşf
etdiyi universal pultdan istifadə edir. Axşam baş
verən proseslərin
yeganə şahidi olan Litçi, nəhayət ki, Flaşarın maskasını
yırtır, onun pis, ziyanlı əməllərini açmaqla
özünün də
istədiyi kimi, guya dünyanı və ən əsası dostu Dyukini xilas edir.
Sonda dostluq qələbə çalır. Qaradinməz, hirsli, acıdil oğlan xoşrəftar, mehriban bir insana
çevrilərək xoşbəxt
olur.
Çətinliklərə ağıl və səbirlə qalib gəlməyi, uşaq və yeniyetmələri əlavə təsirlərdən
qorumağı tövsiyə
edən tamaşa bu notlarla da
başa çatdı.
Sonda yenidən
səhnədə görünən
və “Uşaqlar, hər şeyi anladınızmı” sualını
verən aktyor alqışlarla qarşılanıb,
festivalda fəal iştirakına görə
fəxri diplomla təltif olundu.
Həmidə
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 6.