Canavar kəlləsi xilaskar
rolunda
Bu lap quzunu qurda tapşırmaq kimi də başa
düşülə bilər. Amma tam deyilən
kimi də ola bilməz.
Əgər olsa, onda gərək bu dünya yenidən yarana, nağılçıların
arzuları gerçəkləşə.
Burada vəziyyət başqa idi. Yəni canavarın özü yox, bədənindən üzülən başı
xilaskar oldu, Keçini, Qoyunu, eləcə də onların nənə-baba saydıqları sahiblərini
bəyin qəzəbindən
qorudu.
Artıq bir neçə gündür ki, biz böyükləri də əlçatmaz uşaqlıq
dünyamıza səyahətə
aparan II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının
proqramına uyğun olaraq daha bir
tamaşa təqdim olundu.
Dövlət Kukla Teatrının səhnəsində bu dəfə qardaş diyardan, Tatarıstandan gələn kuklaçılar
çıxış edirdi. “Ekiyat” Tatar Dövlət Kukla Teatrının repertuarındakı ən
məşhur tamaşalarından
olan “Keçi və Qoyun”a biz də baxdıq. Görkəmli tatar şairi
Abdulla Tukayın əsəri
əsasında ərsəyə
gələn tamaşa
müasir rəqs quruluşu, xoreoqrafiyada fərqli pantomima elementləri, heyvan və insan hərəkətlərinin
harmonik həlli (baletmeyster - Q.Mannapova), incə, baxımlı rəssam işi (A.Qubski), tatar milli xüsusiyyətlərini,
folklor və musiqisini (bəstəkar L.Batır-Bulqari) xırda detallaradək əks etdirməsi ilə maraqlı idi.
İ.Zinnurovun quruluş verdiyi tamaşada klassik kukla teatr tamaşası
formasının modern imitasiyası
baxımlı, daha doğrusu, inandırıcı
idi. Tərtibatdan musiqiyə, aktyor
oyunundan geyimlərədək
hər məqamda uşaqların diqqətini
yayındırmamaq, həm
də onları yormadan vizual həlli verə bilmək ön plana çəkilmişdi.
Tamaşa boyu personajların arxasınca
həyəcanla boylanan
və təəccüblərini
özünəməxsus təbii
reaksiyaları ilə ifadə edən balacalar “Göydən üç alma düşdü” mərhələsində
tam xoşbəxt görünürdülər.
Çünki onların bildiyi
dünyanın nağıllarındakı
nəticə hasil olmuşdu, xeyir şərə, yaxşı
pisə, kasıb da varlıya qalib gəlmişdi. Klassik mövzu - varlı və kasıblar arasındakı ənənəvi
konflikt məsələsi
bu tamaşanın da ana xəttini
təşkil edir.
Bu mübarizə ağıllı, çoxbilmiş
Keçinin qurduğu
oyunla gözəl sonluğa çatdı.
Tamaşada hadisələr kasıb, yeməyə çörək
tapmayan, kəndin Bayına (bəy) xeyli borcu olan
qoca ilə qarının köhnə
daxmasında baş verir. Əldən düşmüş Nənə və Baba sadəcə nəvələri
Keçi və Qoyuna ümid bəsləyirlər. Amma həm
də Bayın bir gün onları
əllərindən alıb
aparacağı qorxusu
ilə ac-yalavac yaşayırlar. Elə
ağıllı Keçi
ilə bir az tənbəl
Qoyun da çox acdırlar. Hətta aclıqları başlarına
vurduğundan darı yarması, arpa-buğda xəyalı da qururlar. Tamaşanın bu məqamında
tatar dilində oxunan mahnılar, işlədilən atalar sözləri və məsəllər səhnə
əsərinə ayrı
bir gözəllik bəxş edir.
Gülüb-oynamaq bir yana,
amma həm də qarınlarını
doydurmalıdırlar. Bu barədə çox düşünən ağıllı
və zirək Keçi nəhayət qərara gəlir ki, baba-nənələrini
tərk edərək uzaqlara, meşədə məskunlaşsınlar. Amma ürəyində
həm də qorxur, meşədə onları gözləyən
təhlükələrlə mübarizə barədə
düşünür. Beləcə,
onlar xurcunlarını
və əsalarını
da götürüb üz tuturlar meşəyə. Xeyli gəzib-dolaşdıqdan
sonra aclıqdan birtəhər olub yorğun düşürlər.
Ağaclardan birinin dibində
əyləşib dincəlmək
istədikdə kəsilmiş
canavar başı tapırlar. Bundan çox qorxsalar
da, onu bir
yerdə götürüb
xurcunlarına qoyurlar.
Axı çoxbilmiş Keçinin
kəllə ilə bağlı planları
var. Onlar bu kəllənin sayəsində
həm meşədə
qarşılaşdıqları canavarları qorxudur, həm də onlara zülm edən Bayın dərsini verirlər.
Beləcə, şad-xürrəm yenidən
öz evlərində
yaşayır, arzusunda
olduqları darı yarmasından yeyib mahnılar oxuyurlar.
Tatar dilində təqdim
olunan tamaşada xalq mahnı, bayatı nümunələrinin
müasir musiqi elementləri ilə sintezi, ona paralel
hazırlanan rəqslər
səhnə əsərinin
uğurlu finalını
daha da rəngarəng
etdi.
Tamaşadan sonra səhnəyə çıxan teatrşünas
Aydın Talıbzadə
qonaq heyətə festivalda iştiraka görə fəxri diplom təqdim etdi, aktyorlara gözəl oyuna görə təbriklərini,
xoş sözlərini
çatdırdı. Qonaqpərvərliyə
və isti münasibətə görə
təşəkkürünü bildirən “Ekiyat” teatrının təmsilçisi
isə bu il 80 illik
yubileyi qeyd olunan sənət ocağının bayram tədbirlərində iştirak
üçün Azərbaycan
Dövlət Kukla Teatrının kollektivini Tatarıstana dəvət etdi.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 5.