Ağappaq qız və yeddi balaca qum adamın nağılı

 

Noyabrın 14-də “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrı Festivalının daha bir iştirakçısı - Bolqarıstanın Tarqovişte Şəhər Kukla Teatrının təqdimatında Qrim qardaşlarının “Ağca” tamaşası göstərildi. Qrim qardaşlarının “Ağca” nağılı əsasında hazırlanan tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olundu.

 

Dimitar Dimitrovun rejissoru olduğu tamaşa əlvan şüşə şəbəkədə qurulub. Nağıl bolqar kuklaçıların təqdimatında iki şüşə ustası tərəfindən nəql olunur. Səhnədə aynabəndi böyük bir saray görünür. Gözəl bir qız pəncərədən ətrafa baxır. O, kimisə axtarır. Bir azdan həmin qızı qum adamlarının əhatəsində görürük. Onlar qıza yardım etmək istəyirlər. Ancaq çətinlik olduğu hiss olunur. Sonra məlum olur ki, həmin çətinliklər öz həllini tapıb. Qız və qum adamları birgə gülüb-oynayırlar. Tamaşada onlar təkcə qar kimi ağappaq gözəl qızın başına gələnləri göstərmirlər. Eyni zamanda onun doğulduğu sarayı və meşədə yaşayan balaca qum adamlarının komasını öz əlləri ilə şüşə parçalarından düzəldirlər.

Tamaşada hadisələr çox həyati olduğu üçün uşaqların mənəvi aləminə sirayət edir. Qızın və qum adamlarının hər bir hərəkəti uşaqlar tərəfindən diqqətlə izlənir. Onların gülüş doğuran hər bir hərəkəti uşaqlarda şən əhval-ruhiyyə yaradır...

Onu da qeyd edək ki, Qrim qardaşlarının bu nağılı dünyada çox məşhurdur, dəfələrlə ekranlaşdırılıb, tamaşaya qoyulub, cizgi filmi çəkilib. Ancaq heç vaxt öz əzəli cazibəsini itirməyib. Çünki bu sehrli nağıl insanlara xeyirxahlıq, mərhəmət, sevgi və qayğı aşılayır. Qar kimi ağappaq qız ilə yeddi balaca qum adamın münasibətləri isə möhkəm təməllər: dostluq, səmimilik və qarşılıqlı etibar üzərində qurulub...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 15 noyabr.- S. 4.