Milli
Kitabxananın beynəlxalq əlaqələri genişlənir
Xəbər verdiyimiz kimi, M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov və elmi
katibi Əminə Cəfərova
noyabrın 5-dən 10-dək Qazaxıstanın Astana
və Almatı şəhərlərində ezamiyyətdə
olublar. Direktorla görüşüb səfərin məqsədi
və keçirilən tədbirlər haqqında fikirlərini
öyrəndik.
Kərim Tahirov bildirdi ki, səfər Qazaxıstan Milli Akademik Kitabxanasının (Astana şəhəri) təcrübəsi ilə tanışlıq, əməkdaşlıq perspektivlərin müzakirəsi və Qazaxıstan Milli Kitabxanası (Almatı) ilə ikitərəfli memorandumun imzalanması məqsədi daşıyırdı: “Bizim kitabxananın 90 illik yubileyində Qazaxıstan Milli Kitabxanasının direktoru da iştirak edirdi və o zaman qərara gəldik ki, əməkdaşlıq haqqında memorandum imzalayaq”.
Səfər zamanı Qazaxıstan Milli Akademik Kitabxanasının rəhbərliyi, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Almatı şəhər şöbəsinin iştirakı ilə “Azərbaycan və Qazaxıstan kitabxanalarının əməkdaşlığının müasir tendensiyaları” mövzusunda dəyirmi masa da keçirilib: “Tədbirdə əməkdaşlığın müxtəlif sahələri müzakirə olundu. Məlum oldu ki, Azərbaycan diasporu Qazaxıstanda böyük imkanlara malikdir və Qazaxıstan Milli Kitabxanası ilə bir çox tədbirlər həyata keçirirlər. Eyni zamanda diasporun Azərbaycanda çap olunan dövri mətbuata və ədəbiyyata ehtiyacı var. İmzaladığımız sazişin əsas məqsədlərindən biri də bu ehtiyacın qarşılanmasını təmin etməkdir”.
Beş il müddətinə nəzərdə tutulan sənəddə kitab, informasiya, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər yer alıb: “Qazaxıstan Milli Kitabxanasının fondları ilə tanışlıq zamanı aydın oldu ki, bu kitabxana ilə əməkdaşlıq edən hər bir ölkənin burada öz guşəsi fəaliyyət göstərir. Həmin ölkə mütəmadi olaraq guşəni ədəbiyyatla təmin edir. Belə qərara aldıq ki, bizim də guşə yaradılsın və kitabxanamız həmin guşəni qəzet, jurnal və digər ədəbiyyatla təmin etsin. Çünki vaxtilə repressiya olunaraq Qazaxıstana sürgün edilmiş azərbaycanlıların nəsilləri orada yaşayırlar və bizim də borcumuz onları lazımi ədəbiyyatla təmin etməkdir. İlin sonuna kimi müəyyən qədər kitabı Qazaxıstana göndərəcəyik”.
K.Tahirovun sözlərinə görə, səfər gedişində Qazaxıstan Milli Kitabxanasının fondunda olan Azərbaycan ədəbiyyatı nümunələrindən ibarət sərgi də təşkil edilib: “Diasporumuzun və Qazaxıstanın musiqi kollektivlərinin çıxışları oldu, qazax milli musiqisindən nümunələr, azərbaycanlı uşaqlardan ibarət rəqs ansamblının ifasında rəqslər təqdim edildi. Tədbir Qazaxıstan Milli Televiziyasında nümayiş olundu”.
Qazax həmkarlarının da Azərbaycan Milli Kitabxanası ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyən direktor bildirdi ki, imzalanan saziş gələcəkdə qarşılıqlı səfərlərin davam etməsinə, kitab və elektron sənəd mübadiləsi istiqamətində böyük layihələrə yol açacaq.
K.Tahirov yaxın zamanlarda bir sıra xarici ölkələrin milli kitabxanaları ilə də əməkdaşlıq sənədlərinin imzalanmasının nəzərdə tutulduğunu dedi: “Dekabrda Pakistanda bu ölkənin Milli Kitabxanası ilə saziş imzalanacaq. Yanvarda isə Sankt-Peterburqda Rusiya Milli Kitabxanası ilə ikinci müddətə saziş imzalanacaq. Növbədə Bolqarıstan və digər ölkələr var. Bütün bunlar dövlətimizin uğurlu mədəniyyət siyasətinin nəticəsidir. Çalışırıq ki, Azərbaycan həqiqətləri sərhədləri aşa bilsin. Dünya Azərbaycanı daha geniş tanısın. Bunun əsas mənbəyi isə kitab və mətbuatdır”.
Lalə Azəri
Mədənhiyyət.- 2013.- 15
noyabr.- S. 4.