“Azərbaycanı
kəşf et”
Eyniadlı kitab, multimedia və internet saytının təqdimatı keçirilib
Noyabrın
14-də “Four Seasons”
hotelində Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi
ilə işıq üzü görən,
“Dünya Türk Gəncləri
Birliyi” İctimai Birliyi və Media Sənət
Akademiyasının birgə layihəsi olan
“Azərbaycanı kəşf et” adlı
kitabın, eyniadlı multimedia (DVD-kitab) və
internet portalının (www.explore.az)
təqdimat mərasimi keçirilib.
Azərbaycanın bütün rayonları haqqında məlumatların toplandığı kitab Azərbaycan, ingilis və rus dillərində nəşr edilib. Layihə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
“Dünya Türk Gəncləri Birliyi”nin sədri Əkrəm Abdullayev mərasimdə çıxış edərək, regionları qarış-qarış gəzib ağır zəhmət hesabına belə bir layihəni ərsəyə gətirdiyinə görə müəllif Aynur Talıbovaya minnətdarlığını bildirib. Qeyd edib ki, ölkəmizdə son illər qeyri-neft sektorunun, xüsusən turizmin inkişafına böyük diqqət yetirilir. Bu baxımdan təqdimatı keçirilən kitab və layihə ölkəmizə təşrif buyuran hər bir xarici turist üçün Azərbaycan haqqında müfəssəl məlumat mənbəyi olacaq.
Azərbaycanın son illərdə qazandığı uğurlardan danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin tanıdılması istiqamətində belə bir layihənin reallaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Nazir deyib ki, turizmin inkişafı nəticəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Bu layihə Azərbaycan haqqında, o cümlədən onun rayonları, səfalı və görməli yerləri barədə məlumat əldə etmək istəyən xarici turistlərin, qonaqların bələdçisinə çevriləcək.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, kitab və DVD-kitabdakı məlumatlar yığcam, qeyri-adi və cəlbedici şəkildə təqdim olunub. Bu məlumatlar, video və fotolar müəllif tərəfindən 7 il ərzində toplanıb. Əksər materiallar ilk dəfə dərc olunur. Tarixi və coğrafi məlumatların icmalında 300-ə yaxın mənbədən istifadə edilib. DVD-də isə 86 peşəkar redaktə edilmiş video-çarx və 1366 nadir foto yer alıb.
Digər çıxışlarda Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda kəndlə şəhər sivilizasiyasından yaranan möhtəşəm vəhdətin turistləri cəlb etdiyi diqqətə çatdırılıb.
Sonda müəllif Aynur Talıbova layihədə zəhməti olan hər kəsə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 2.