“...Heç məni demirlər”?!

 

Səni hər vaxt deyiblər, deyirlər, deyəcəklər, - Qədir!..

 

Sən “zalım” isə qırx ildir deyirsən: “Elə yar, yar deyirlər, heç məni demirlər...”

Özü də məsələ burasındadır ki, bunu dünya durduqca söyləyəcəksən. Əbədi olaraq deyəcəksən və yandırıb-yaxacağın gələcək nəsillər də “elə biləcək” ki, bu yanıqlı, bu ilahi, bu sazənin Səsdən savay zövqüncə bir barın olmayıb, sənə könül verən bir yarın olmayıb...

 

Belə də yanlış-yanıltmaclıqmı olar, ay bu xalqın ən qədir-qiymətlilərindən olmuş Qədir?! Oxuduğun muğamların hər məqamına, hər təsnifinə, mahnılarının hər zənguləsinə vurulan minbir yar olduğu halda, bu nə rəydir yaratmısan - öz dövrünün gözəlləri barədə?..

Öz Günəşliyinlə görünmə imkanı vermədiyin “ulduzlar sızlamaqdan ki, heyhat-hekayətlənməkdən ki; “elə “Qədir-Qədir” deyirlər, heç bizi demirlər”, sən şikayətlənirsən; “...heç mə-ni de-mir-LƏR”!..

Bəli, Qədir Rüstəmovun əsl-vəsl dinləyicisi olmuş, olan və hələ çox-çox olası hörmətli oxucu nəsillər! Fikrinizi sonuncu abzasda böyük hərflərlə yazdığım cəm şəkilçisi üstdə - Qədirin şəhdi-şəkər qatıb vurğuladığı “LƏR” yanğısı ocağında cəmləşdirin. Bu arzu-təklifimə dəqiq əməl etsəniz, “gör bu böyük sənətkar haqda nələri qoyub, nədən danışır?!” kimi ənənəvi-“klassik” iradlara meyllənənlərin sayı azalar və hamılıqla belə deyərik: -

 

Bizcə...

 

...Qədirin bütün ifaları, sədayi-üyültüləri, zəngulələri böyük hərflərlə yazılmalı, yazılmadığı təqdirdə, bunu oxucu özü öz xəyalında böyüdüb oxumalıdır.

Burada seçkinləşdirdiyim “LƏR” isə özgə bir aləm, ayrıca bir mövzu! Elə Qədirin “əsl-vəsl dinləyicisi” ifadələrini də elə-belədən vurğulamamışam. Bu qəbil dinləyici-oxucular Qədirin həmin cəm şəkilçisini necə füsunkar sənətkarlıqla vurğuladığının fərqində olmamış olmazlar...

Sona bülbüllər” xalq mahnısıdır və deməli, mətni də xalqındır. Qədir Rüstəmova qədər əlyazmalarda, nəşrlərdə - oxuculardan tutmuş ifaçı və dinləyicilərə qədər - hamı üçün sıradanbir mahnı, sözügedən şəkilçilərədək mütaliə və ifası hər kəs üçün suiçimi kimi bir şey. Amma siz onun “LƏR”ini ayrıcana xatırlayın. Bir də, bir də, bir də səsləndirin qulaqlarınızda. Qəlbinizdə övürüb-çevirin, zövq xəlbirinizdən, sənət ələyinizdən keçirin. Gözləriniz önünə gətirib vizuallaşdırın və görün, təkcə bu şəkilçi içində neçə və necə şəkillər var! Buradakı ilk iki misradakı “LƏR”lər sanki üçüncüdəki bədii “qarğış”a - “Gülün yarpıza dönsün”ə ayaq vermək üçündür. Burada dinləyicini ayıqlama cəhdi, duyuqlama cəh-cəhi var. Ayıq-duyuqlanmışlar üçünsə, kitab-kitab xitablar var. İndi, ayrıca bir əsər təsiri bağışlayan bu “LƏR”lərin huş-guşvurğunvurmuşluğundan ayılar-ayılmaz, “Elə yar, yar deyirlər” xiffətinə düşüb, “heeç mə-ni de-mir-LƏR!..” təəssüf-tilsimindən çıx görüm, oxucu-dinləyici həmkarım!..

Mən özüm də çıxammıram deyə, bu xalvar-xalvarvar”-hallar, kitab-kitab səs-xitablar sahibinə beş-on -

 

Cavabsız suallar...

 

Bəllidir ki, təbiətdəki canlıların da hər növü üzrə hegemonu, ayrı-ayrı yığnaqlarının liderləri, “manqa başçıları” olur. Əgər bülbüllərin də başçısı olursa;

- Yenə qonub yan budağa, nə sızlarsan, nə bozlarsan yana-yana, ana bülbül?! Təbii - amma həm də ismi-pünhan “cəh-cəh” ansamblınızdan varıb yoxluğa getmiş bir ismi-məlumdan yanamı, sona bülbül? O “solo-bülbül”süzlükdənmi ötrü “fəsli-gül”ü gözləmədən, car-həvəsə, birnəfəsə oxuyursuz, “dil qəfəsə qoymadanötürsüz? Artıq iki ildən bir az azdır sizi qoyub getmiş bir cəmiyyət cəh-cəhkeşinin xiffətindənmi, ay təbiət bəh-bəhkeşləri?! Adamların “Qənirsiz Qədir” adlandırdığı “nadirsizmi qalmısız? Xiffətdənmi - avazdaxaricvurub gah-gahlanır, sədada “məxaric” edib ah-ahlanırsız?

Cıdır düzü”ndəki son festivalı da yad edirsənmi barı, bülbül?.. O günlərdən bəri oralara gedə bilməməyimizdən yana bizləri öz ismi-şərifinlə bağlı adlardan bax-bax bu an xitab edəcəyimə qoşmaqda haqqı olanxarı-bülbül”! Tez-tez problematik”cəsinənədən?” - deyə çalıb-oxuduğumuzhər yerin əlvandır, köksün altı sarı bülbül”!..

Daha innən beləsona bülbülləryox, “yana bülbüllər”mi, ay təbiətin dahi bəstəkarı, ey cəmiyyətin ruhi nəğməkarı!?

- SağlığındaQoyma özgə budağa qona bülbüllər, Tək sənə yaraşırSona bülbülləryazmış şair Hafiz Baxış, “Qədirin səsi Dədə Qorqudun sözlərinə bənzəyirdemiş şəhid Kamil Heydəroğlu, “Qədirin üyültüləri qədim xalı-xalçaların çeşnilərinə bənzəyirsöyləmiş Xudu Məmmədov, ruhunuzla da nəsə bəyan etməzmisiz?..

- Dil-dil ağılarmı, ipək nənələr?..

- Ürəklərdə sel-sel başsağlığılarmı, əlli milyonluq soydaşlarım?..

- Ayrıca bir canlı səs-sənət məktəbinin bizdən ayrılıb getməsindən yana, yana-yana “can-can!”, Azərbaycan?!

Daha Qarabağ dərdinə bir igid ömürlük səbirdən sonra, adına “son mənzildeyilən qəbirmi, Qədir?!.

 

!..

 

Böyük sənətimizdən, qədim mədəniyyətimizdən bir qənirsiz Səs getdi - səssiz-səmirsiz əbədiyyətə...

 

Bu “gəlimli-gedimli”, səsli-küylü dünyadan o birinə - əbədi qalımlı, sirri-sükunətli dünyaya bir Səs verdik. Ölümlü dünyaya ölümsüz Səs!

Şəxsiyyət vəsiqəsində yetmiş yeddi yaşa çatan bu Şəxsin ifası, sənət vəsiqəsində altmış yeddi ilə yetən bu Səsin tərzi, dədə-babalıq rəmzi qədimdən-qədim, ləzizliyi şirindən-şirin, səda fəlsəfəsi dərindən-dərin, çəkiliyi qu tüküycə, vəznliyi ağırdan-ağır. Alovlu bəmləri oddan odluca, zilləri ucadan-uca, sal-salğarı qocadan qoca!

Bu Şəxsin özü təkrarsız doğulmuşdu, Səsi !

Bu Şəxsin özü bir az qılıqsız olsa da, Səsi ecaz yapışıqlı idi.

Bu Şəxsin özü Ağdamlı idi, Səsi bütöv Azərbaycanlı, tamam Turanlı, bütün cahanlı.

Öncə sənnənəm, ay Şəxs! Niyə bir elə qəribə idin, bütün məclislərdə qərib idin? Axşamların şəri qarışmamış kefsizləyən, səhərlərin gözü açılmamış qürub idin? Nədən bu ömür karvanına bu sayaq sarbanlıq etdin, ey avazi-bəzirgan?!.

İndi sən bir az gözlə, ay Şəxs, bu yannan çox səbirsiz bir Səs yamancaaman-aman”ca səsləyir məni!

Buyur, ay Səs, qulağım səndə - bir zərb-məsəldəkidəlməkkəlməsindən əvvəl gələndarı”-dəndə! Ləzzətindən taqətim yox anlamağa - kəhər-köhlən kişnəmələrinə, nər dəvə bozlamalarına bir toxdaq, nalə-zəngulələrinə güldən-vergüldən bir ara ver. Qoy görək axı, bu yaşda - anasından ayrı düşmüş çağa kimi çağlayıb-çatdıyırsan? Qatarından ayrılmış durna cürənə qaqqaşaqlayır, yaz leysanı tökəsi şimşəklərə timsal şaqqaşaqlayırsan! Yurddanuzaq dəfn ediləsi sonnəfəs qəriblər sayağı fəqanlayırsan...

..., indi sözüm Şəxs əfəndimədir.

Səni xatırlayanda adamın qulaqlarına bulaqların, çeşmələrin, şəlalələrin, çayların, bütün xoşavaz olayların səs-sədaları gəlir, ay Şəxs! Gözlərimiz önündə yurdun bütün ormanlarının, dağlarının, bağlarının, meşələrinin mənzərələri cilvələnir, sədaları səslənir.

Cilvələnir”, “səslənirdedim, o Səs yenə səsləndi mənə.

Buyur, ay yeri-göyü lərzəyə gətirən, dəniz kimi fırtınalayıb, səhrasayaq tufanlayan Səs!

Necə?! “Dəryada gəmim qaldı”?! Mümkündürmü, bu cür gur işıqlı Səs mayakı olan bir gəmi dəryada qala? Bu kəsərdə səda kərəntisinin biçənəyində biçilməmiş zəmi ola? Lap elə belə olsa da, elə səslənmə, Qədir, ay Qədir! Yoxsa, bu mahnıya qulaq asa-asa adam dəli olar, sonra da zəli olub yapışar ruhunun yaxasından ki, məni də apar! Həm də bilirik axı, bu ruhun sahibi oradakı qoşa məkanın bədində deyil, milyonlarla alxışçı, xeyir-duaçı, rəhmətoxuyançıların təltifləriylə cənnətdə bərqərardır...

Bu Şəxs haqda daha nə? Bu darmacalda ondan nələri, nəmənələri xatırlayıb, buQovğa” ləqəbli, “dayna” ləhcəli, “qızılsəs” külçəlini yaxından tanımayanlara xatırlatmalı? Ondan müsahibə almağı bacaran jurnalistlərin özlərini Qarsın qalasını alana tay tutmalarınımı? Toylarda ona verdikləri sifarişin ifasına nail olan cayılların öz qələbələrinə hayıl-mayıl olmalarınımı? Onun üzünə “sən böyük sənətkarsan” deyib, heç vaxt təsdiqlədə bilməyənlərin düşkün vəziyyətə düşmələrinimi?..

Yordunuz” məni, ay tapa bilmədiyim sözlər, keyfiyyətlər, əlamətlər! Əlacım bir haşiyə çıxımına qalıb.

...Deyir, bir gecə küçədə bir SSRİ Xalq artistimizi tutub əl-qolunu bağlayır, ciblərini soyur, “daha nəyin var, ver!” deyirlər. Müğənni isə lovğakar əda ilə: “Mən xanəndəyəm” deyir. Bu cavabı eşidən soyğunçularonda oxu!” deyə əmr edirlər. O isə: “Əlim-qolum bağlıdır, necə oxuyum?” sözlərindən savay heçifa edə bilmir. Daha birisini tutub deyirlər, oxu, bu da deyirmikrofonsuz necə oxuyum?” Sonra, Qədir, ay Qədir, səni tutub ciblərini axtarır, axtarır, axtarır və deyirlər: “Ə, bu zalım oğlunda səsdən başqa heçyoxuymuş ki!..”

Tale səni əbədilik etdi, ey Səs!

Allah sənə rəhmət eləsin, ay Şəxs!..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 13.