Azərbaycan Antalyada sağlamlıq turizmi sərgilərində təmsil olunub

 

Ruslan Quliyev: «Ölkəmizin sağlamlıq turizmi potensialını bütün dünyaya

tanıtdıracağıq»

 

Noyabrın 14-dən 16-dək Türkiyənin Antalya şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Antalya valiliyi və «Anfaş» təşkilatının dəstəyi ilə V beynəlxalq sağlamlıq və I alternativ turizm sərgiləri keçirilib. Ölkəmiz də bu tədbirlərdə ilk dəfə təmsil olunub.

 

«Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək» İctimai Birliyinin sədri, «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, sərgidə ölkəmizin bir çox sağlamlıq turizm mərkəzləri, o cümlədən Naxçıvandakı «Duzdağ» istirahət mərkəzi, «Naftalan Çinarhoteli, «Qalaaltı» sanatoriyası, «Gilan turizm», «Premium travel», «ENC travel» şirkətləri iştirak edib: «Sərgidə Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə 25 kvadratmetrlik stend icarəyə götürülmüşdü. Stenddə ölkəmizdə sağlamlıq turizmi yeni bir istiqamət kimi təqdim olundu. Milli mətbəximizə aid müxtəlif təamlar da nümayiş etdirildi. «Duzdağ» mağaraları və bənzəri olmayan «Naftalan» nefti sərgi iştirakçıları və ziyarətçilərin xüsusilə böyük marağına səbəb oldu. Əsasən də Avropada təmsil olunan termal və sağlamlıq turizmi assosiasiyaları bu məhsullarla yaxından maraqlanırdılar».

Sərginin açılışı günü təşkilatçılardan sonra ilk söz Azərbaycan nümayəndə heyətinə verilib. Yeni yaradılan «Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək» İctimai Birliyi bu tədbirdə fəallığı ilə fərqlənib: «Noyabrın 1-də Bakıda Türkiyənin Sağlamlıq Turizmi İnkişaf Şurası ilə memorandum imzalamışdıq. Bir məqamı da diqqətinizə çatdırım ki, Azərbaycan Dünya Sağlamlıq Turizmi Şurasına 51-ci üzv kimi qəbul olunub. Azərbaycanın bu sahədə geniş potensiala malik olduğunu dünyaya tanıtmağı qarşıya məqsəd qoymuşuq. 2014-cü ildə ölkəmizdə sağlamlıq turizmi ilə bağlı konqres keçirməyi, eyni zamanda ölkəmizə məhz bu turizm istiqamətini təbliğ edəcək infoturlar təşkil etməyi nəzərdə tuturuq».

Azərbaycan nümayəndə heyəti sərgi çərçivəsində keçirilən seminar və müzakirələrdə də iştirak edib. Sərginin sonuncu günü «Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək» İctimai Birliyi iki ölkə arasında sağlıq turizminin inkişafına verdiyi töhfəyə və sərgidə fəal iştiraka görə Türkiyə tərəfdən xüsusi mükafata layiq görülüb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 11.