“Teatr festivalı çox vacib mədəniyyət hadisəsidir”

 

Mişel Vays: “Teatr təkcə əyləncə deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır”

 

Noyabrın 9-dan 16-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı ilə Bakıda “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Festivalın yüksək səviyyəli qonaqları arasında Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vays da var idi. Onunla müsahibəni təqdim edirik.

 

- Cənab Vays, artıq ikinci dəfədir ki, Bakı Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi edir. Siz də ikinci dəfə bu festivala qatılırsınız. Eyni zamanda öncəki illərdə paytaxtımızda keçirilən teatr tədbirlərinin iştirakçısı olmusunuz. Bu tədbirləri necə dəyərləndirirsiniz?

 

- Qeyd etdiyiniz kimi, mən artıq bir neçə dəfə Bakıda keçirilən teatr tədbirlərində - 2010 və 2012-ci illərdə Beynəlxalq Teatr Konfransında, 2011-ci ildə 1-ci Beynəlxalq Kukla Teatrları Festivalında iştirak etmişəm. Builki festival həm Azərbaycan üçün, həm də Beynəlxalq Kukla Teatrları Assosiasiyası üçün mühüm hadisədir. Festivala çoxlu sayda xarici qonaq dəvət olunub. Bu festivallar dünyanın bir çox ölkələrindən gələn insanlarla görüşmək, fikir mübadiləsi aparmaq üçün çox əhəmiyyətlidir. Elə götürək, iki il öncə keçirilən I Bakı Beynəlxalq Kukla Teatrları Festivalını. Həmin tədbir zamanı biz bir-birimizin ideyalarını soruşur, fikir mübadiləsi aparırdıq. Hələ 2010-cu ildə Bakıda keçirilən Beynəlxalq Teatr Konfransında özüm üçün yəqin etdim ki, Azərbaycanda teatr yaxşı inkişaf edir. Elə o vaxt qərara aldıq ki, Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirək. Düşünürəm ki, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında təcrübə mübadiləsinin təşkili, ənənəvi mədəniyyəti inkişaf etdirmək, körpülər qurmaq baxımından gözəl fürsətdir. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının icra komitəsinin 18 üzvü var. Azərbaycanın teatr tənqidçiləri ilə əməkdaşlıq etmək də gözəl təşəbbüsdür. Burada professor Məryəm Əlizadə və beynəlxalq teatr layihələri üzrə koordinator Şaiq Səfərov, digər teatr mütəxəssisləri ilə danışır, müzakirə və fikir mübadiləsi aparırıq. Bizim assosiasiyanın icra komitəsinin hər il iki iclası keçirilir. Bu yaxınlarda Rumıniyadan gəlmişəm. Orada da toplantımız oldu. Gələn il isə tədbiri oktyabrda Çinin paytaxtı Pekində keçirəcəyik. Bu toplantılarımızdan birinin teatr sahəsinə böyük əhəmiyyət verən Azərbaycanda keçirilməsi də çox yaxşı olardı.

 

- Sizcə, kukla teatrlarının uşaqların tərbiyəsində, cəmiyyətə münasibətlərinin formalaşmasında necə rol oynayır?

 

- Kukla teatrı hər kəs üçün çox vacibdir. Bu teatr sənəti son illər o qədər inkişaf edib ki, hətta dünyanın bir çox teatrlarını özünə cəlb edə bilib. İnkişaf etmiş ölkələrin aparıcı teatrlarının direktorları hazırda kukla teatrlarına ciddi diqqət yetirirlər. Bir sözlə, hazırda kukla teatrları əvvəlki dövrdən daha populyardır. Məsələn, götürək obyekt kukla teatrlarını. Bu, masanın üzərində əşyalara bənzəyir. Lakin onlar öz-özlüyündə insan xarakterlərini ifadə edirlər. Tamaşa zamanı sən əşyalarla təmasda, ünsiyyətdə ola bilirsən. Bu festivalda da Azərbaycan tamaşaçıları da belə bir tamaşanı görmək imkanı qazanıblar. Əlbəttə, hazırda kukla teatrları təkcə ənənəviliyə əsaslanmır. Ənənəvi teatrlar da vacibdir, lakin dünyada yeni texnologiyalar var ki, onları da teatrlarda tətbiq etmək lazımdır. Bu gün kukla teatrları üçün yüksək inkişaf dövrüdür. Bununla bağlı uşaqları maarifləndirək, onlara həyatın necə olmasını göstərmək lazımdır. Müasir dövrün uşaqları, gənclər yeni texnologiyalarla maraqlanırlar. Dünyanın inkişaf etmiş ölkələrində yeni texnologiyaların tətbiq olunduğu qabaqcıl kukla teatrlarının sayı artmaqdadır. Bu növ tamaşalar təkcə uşaqlar üçün deyil, həm də gənclər üçündür. Eyni zamanda kukla teatrları bəzən siyasi xarakterli ola bilər. Bir çox ölkələrdə teatr tamaşaları ən aktual mövzulara, suallara toxunur. Teatr yenilikçi sənətdir. Hətta onu inqilabi sənət də hesab edirlər. Bu baxımdan ayrı-ayrı ölkələrdə bəzən teatrlar, rejissorlar, sənətkarlar siyasi proseslərin, münaqişələrin mərkəzində yer alırlar. Onlar cəmiyyətdəki problemləri, nöqsanları tənqid edir. Məsələn, Çexiya, Fransa və digər Avropa ölkələrində siyasi kukla teatrları var. Onlar tamaşa zamanı cəmiyyətə çoxlu siyasi mesajlar göndərirlər.

 

- Yeni texnologiyalardan söz düşmüşkən, siz teatrlarda istifadə olunan hansı kuklalara üstünlük verirsiniz? Sizcə, ideyanı, düşüncələri ifadə etmək üçün kuklanın ölçüsü, yəni onun böyük, yoxsa kiçik olması nə dərəcədə önəmlidir?

 

- Mən kuklaların bütün növlərini sevirəm. Sadə, çox zəngin süjet xəttinə malik və ya zəif tamaşalar ola bilər. Yəni burada kuklanın böyüklüyü ya kiçikliyi mühüm deyil. Məsələn, mən elə tamaşalara baxmışam ki, orada böyük qurğular, kuklalar olub. Lakin tamaşa mənə çox zəif təsir bağışlayıb. Bu sadəcə bir fantastikaya bənzəyib, reallıq görünməyib. Eyni zamanda təəssüf ki, bəzi teatr rejissorları hələ də tamamilə köhnə texnologiyalardan istifadə edirlər. İndi yaxşı sənətkar dünyada baş verən yenilikləri görməli, onları tətbiq etməlidir. O zaman tamaşa da maraqlı olacaq. Bayaq sizə dediyim kimi, masa üzərində də kukla tamaşaları oynanılır ki, bu hazırda çox populyardır. Tamaşada masa mətbəx obyektidir. Onun üzərindəki əşyalar isə xarakterlərdir. Bu xırda əşyalar kuklaları əvəz edir. Bəzi insanlar belə tamaşaları “kukla incəsənəti” adlandırırlar. Burda hətta bəzən kölgələrdən də istifadə olunur. Əlbəttə, hazırda Azərbaycanda ənənəvi kukla teatrı inkişaf edib. Eyni zamanda yeni texnologiyaları da tətbiq etmək üçün resurslar mövcuddur. Yəni hər iksinin, həm ənənəvi, həm də müasir texnologiyalı teatrların olması vacibdir. Ənənələr isə müxtəlifdir. Belçika, Serbiya, Çexiya, Hindistan, Çin və digər ölkələrin öz fərqli ənənəsi var. Məsələn, bu ölkələrdən bəziləri kukla teatrlarında folkloru yaşadır. Eyni zamanda çox müasir kukla teatrları da var. Məsələn, Fransada kukla teatrı bir qədər ciddidir. Kukla teatrı həm kiçiklər, həm də böyüklər üçün olur. Küçələrdə nəhəng kuklalarla tamaşalar, xalq oyunları göstərilir.

 

- Qeyd etdiniz ki, Azərbaycanda ənənəvi kukla teatrı inkişaf edib. Bir qədər konkretləşdirsək, bizim kukla teatrlarımızla bağlı sizdə hansı rəy formalaşıb?

 

- Mən Azərbaycanda iki il öncə kukla teatrına baxmışam və bilirəm ki, ölkənizdə kukla teatrının zəngin ənənəsi var. Eyni zamanda ölkənizdə kukla teatrının yeni eksperimental növü də var və bu çox maraqlıdır. Yeni tendensiyaya uyğun olaraq sizdə həm kukla teatrı, həm də kukla teatrı aktyorları var. Adətən aktyorla kukla arasında qarşılıqlı əlaqə baş verir, birlikdə danışırlar. Bir sözlə, kukla teatrında müxtəlif fərqlər və dəyişikliklər var. Doğrudur, yeni texnologiyalar da maraqlıdır. Müxtəlif ölkələrdə kuklalar libasına, formasına görə fərqlənirlər. Məsələn, Fransada, İtaliyada, Venesuelada kuklanı ala-bəzək düzəldirlər. Amma geniş mənada yanaşanda, ümumiyyətlə, kukla teatrları bir çox ölkələrdə oxşardır, çünki folklordan qaynaqlanırlar. Bizim həm ənənəvi, həm də müasir teatrlara ehtiyacımız var. Onu da deyim ki, Bakıda keçirilən festival və nümayiş olunan tamaşalar haqqında Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının jurnalında məqalələr yazacağam və bu fikirlərimi orada da qeyd edəcəyəm.

 

- Maraqlıdır, teatrlarda bəzən meydana gələn neqativ hallarla bağlı teatr tənqidçiləri nə düşünür?

 

- Teatr hər bir halda fikir yaradır, insanları düşünməyə vadar edir. Teatr təkcə əyləncə deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır. Onun yeganə həlli azadlıqdır. Bir sözlə, teatr azadlığa ehtiyac duyur. Əlbəttə, bu o demək deyil ki, cəmiyyətdən təcrid olunasan. Teatr tənqidçiləri də bütün bunları dəyərləndirir, şərh edir. Bizim peşəmiz belədir. Eyni zamanda tənqidçilər də insan, fərd olaraq cəmiyyətin bir hissəsidirlər.

 

- Kukla teatrlarının inkişafı, yeni mexanizmlərin istifadə edilməsi fonunda, sözsüz ki, bu sahədə bir rəqabət də var. Teatrlara tətbiq edilən hansı yeni texnologiyalar sizin xoşunuza gəlmir?

 

- Mən mənimlə danışa bilməyən tamaşanı sevmirəm. Bundan başqa, “muzey teatrları”nı xoşlamıram. Onlar çox darıxdırıcı olur. Mən bu tamaşaya baxarkən onunla əlaqə qura bilmirəm. Qərbi Avropada bu tip tamaşalar “ölü tamaşalar” hesab edilir. Mən isə canlı tamaşaları sevirəm. Çünki teatr özü həyat deməkdir. Tamaşada dinamiklik olmalıdır.

 

- Beynəlxalq kukla teatrları festivallarının keçirilməsi bu sahənin inkişafına hansı stimulu verir? Tədbirdən gözləntiləriniz nədir?

 

- Qeyd etdiyim kimi, artıq ikinci dəfə Azərbaycanda belə bir festivalın keçirilməsi çox vacib mədəniyyət hadisəsidir. Çoxlu teatr peşəkarları burada bir araya gəlib. Digər ölkələrdə də belə festivallar keçirilir. Bəzi ölkələrdə festival tamaşaları teatr məkanlarında deyil, açıq havada göstərilir. Ona görə ki, ətraf mühit teatrların bir hissəsidir. Ümid edirəm, Azərbaycanda çox yüksək səviyyədə təşkil olunmuş bu festival da insanların, teatrsevərlərin, teatr mütəxəssislərinin yaddaşında gözəl təəssüratlarla qalacaq.

 

Mehparə

 

         Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 10.