“Qorxma,
mən səninləyəm!”: 32 il sonra
Noyabrın 15-də
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Weit Media” kino
şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii
filminin təqdimatı keçirildi.
Sarayın foyesində filmin çəkiliş
anlarını əks etdirən fotolardan
ibarət sərgi nümayiş olunurdu.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Rusiyadan qonaqlar, respublika mədəni ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Nümayişdən əvvəl “Film haqqında film”
videoçarxı təqdim olundu. 22 avqust
2011-ci il. Rejissor Yuli Qusman “Motor!” komandasını verir. Yaradıcı heyət ənənəyə
sadiq qalaraq kamera qarşısında boşqab sındırır.
Beləliklə, 1981-ci ildə ekranlara
çıxan və keçmiş SSRİ məkanında
populyarlıq qazanan “Qorxma, mən səninləyəm!” filminin
ikinci hissəsinin çəkilişlərinə start verilir. “Film haqqında
film”də şəhər
sakinlərinin 32 il əvvəl lentə alınmış
əsərlə bağlı
fikirləri də yer almışdı.
İllər sonra filmin qəhrəmanları
yenidən bir araya gəldilər və budur, yaradıcı heyət Heydər Əliyev Sarayının səhnəsində
görünür. Azərbaycanın
Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman çıxış
edərək uzun illər Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını
heç vaxt unutmadığını, filmin
çəkilişlərinin həyata keçirildiyi rayonlarda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını
söylədi.
“Qorxma, mən səninləyəm” filminin
ikinci hissəsinin çəkilməsini çoxdan
arzulayan və bu istəyini 32 ildən sonra reallığa çevirdiyini
bildirən rejissor yeni ekran əsərinin
ərsəyə gəlməsinə
verdikləri dəstəyə
görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Rejissor filmin xalqımızın qəhrəman, musiqisevər
və qonaqpərvər
simasını göstərmək
istəyi ilə lentə alındığını
dedi, ekran əsərinin keçmiş
SSRİ respublikalarının dostluğunu tərənnüm
etdiyini bildirdi: “Filmin əsas qəhrəmanları Teymur
(Polad Bülbüloğlu),
San Sanıç (Lev Durov)
və Rüstəm (Muxtarbəy Kantemirov) tamaşaçıları sevindirmək
üçün yenidən
bir araya gəldilər. Amma əfsuslar olsun
ki, filmin ikinci hissəsini görmək bir çox aktyorlarımıza
nəsib olmadı.
Azərbaycanın xalq
artistləri Nəsibə
Zeynalova, Həsən Turabov, Mirzə Babayev və filmin ikinci hissəsində
rol alan,
lakin premyeraya qədər dünyasını
dəyişən Rusiyanın
Xalq artisti Anatoli Ravikoviçin xatirəsini dərin hörmətlə yad edirik”.
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad
Bülbüloğlu tamaşaçıları
salamlayaraq filmin ərsəyə gəlməsində
göstərdiyi köməyə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Yeni ekran əsərinin də 32 il əvvəlki
film kimi uğur qazanacağına ümidvar
olduğunu dedi.
Filmin yaradıcı
heyət üzvləri
tamaşaçılara təqdim
olunandan sonra səhnəyə çıxan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Xalq artisti Yuli
Qusmanın “Şöhrət”
orden təltif olunması haqqında Azərbaycan Prezidentinin sərəncamını oxudu
və ordeni rejissora təqdim etdi.
Sonra film nümayiş
olundu. Ekran əsərində qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanı və onu qarşısının
alınması təsvir
olunur. Burada təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın
məhəbbəti də
öz əksini tapıb. Xalq artisti Polad Bülbüloğlunun canlandırdığı
Teymur obrazı bu dəfə tamaşaçılara həm
deputat, həm də bəstəkar kimi təqdim edilir.
Mərasimə qatılan SSRİ Xalq
artisti Lev Durov təəssüratlarını bizimlə bölüşərək
yenidən Bakıda olmasından sevindiyini bildirdi: “Birinci filmdə olduğu kimi, ikinci filmdə
də unudulmaz anlar yaşadıq. Bu şəhərdə hər şey mənə doğma və əzizdir. Hələ
10 il bundan əvvəl Yuli Qusman mənə deyəndə ki, filmin ikinci hissəsini
də çəkəcəyəm,
o vaxt bunu zarafat kimi qəbul
etmişdim”.
Rusiyanın Xalq artisti Muxtarbek Kantemirov isə bunları dedi: “Bir çox
bölgələrdə çəkilişlərimiz
oldu. Yenidən 32 il əvvəl
yaşadığım hissləri
yaşadım. Təəssüf ki, həmin ildə çəkilən
aktyorların bir çoxları sıralarımızda
yoxdur, amma bu gün onları
da dərin ehtiramla yad edirəm”.
Rejissor Yuli Qusman da premyeradan
sonra fikirlərini
media nümayəndələri ilə bölüşdü. Azərbaycana
bağlı olduğunu,
filmin premyerasının
məhz vətənində
baş tutduğuna hədsiz sevindiyini dedi: “Yaradıcı heyət filmin ərsəyə gəldiyi
iki ildə Azərbaycan xalqının
qonaqpərvərliyinin şahidi
oldu. Bu film də
Azərbaycan xalqına
məhəbbətin etirafıdır”.
Xalq artisti Polad Bülbüloğlu:
“Gördüyünüz kimi,
filmdə Azərbaycan
mənzərələri təsvir
edilib. Bu film Azərbaycanı
tərənnüm edir.
Filmdə Bakının müasir
görüntüləri də
yer alıb. Təbii ki, kiminsə xoşuna gələcək,
kiminsə yox. Hər halda filmə uğurlu həyat diləyirəm və premyeraya gələn hər kəsə minnətdaram”.
Yeni ekran əsərinin operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq
Hətəmov və Timur Vaynşteyndir. Filmdə rusiyalı aktyorlar Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski,
Yuri Kobaladze, eləcə
də Azərbaycanın
tanınmış aktyorları
Həmidə Ömərova,
Nuriyə Əhmədova,
Məbud Məhərrəmov,
Bəhram Bağırzadə,
Rövşən Əsgərov,
Kristina Güləliyeva, Eldar
Qasımov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev və başqaları çəkiliblər.
Filmin bəstəkarı Polad Bülbüloğlu, mahnı
mətninin müəllifi
Yuri Ryaşençevdir.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 20
nouyabr.- S. 7.