Sənətdə
keçən ömür
Noyabrın 15-də
Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin 80 illik
yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir
iştirakçıları əvvəlcə filarmoniyanın
foyesində yubilyarın həyat və
yaradıcılığına həsr edilən sərgi ilə
tanış oldular.
Gecədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin yubilyara təbrik məktubu oxundu.
Sonra Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova Musa Mirzəyevin musiqi mədəniyyəti tariximizdə xidmətlərindən söz açdı. Bildirdi ki, görkəmli sənətkar Azərbaycan musiqi mədəniyyətinə simfonik və kamera musiqisinin ən müxtəlif janrlarında dəyərli əsərlər yaradan bəstəkar kimi daxil olub. Ötən əsrin 50-ci illərində yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın əsərlərinin bir çoxu nəinki respublikamızda, eləcə də bir sıra xarici ölkələrdə tanınmış kollektivlər, məşhur musiqiçilər tərəfindən ifa edilir. Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, Xalq artisti, “Şöhrət” ordenli sənətkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü - bütün bu fəxri adlar, vəzifələr Musa Mirzəyevin geniş və çoxşaxəli yaradıcılıq fəaliyyətini əhatə edir.
Qara Qarayev məktəbinin istedadlı nümayəndələrindən biri olan Musa Mirzəyevin yaradıcılığında orkestr əsərləri, kamera-instrumental və vokal əsərlər üstünlük təşkil edir. Onun yaradıcılığında bayramsayağı, təntənəli səciyyə daşıyan əsərlər xüsusi yer tutur. Geniş dinləyici auditoriyası üçün Musa Mirzəyevin musiqisi ilə ilk tanışlıq hamımızın uşaq yaşlarımızdan sevərək oxuduğumuz, dinlədiyimiz “Yeni il mahnısı” ilə başlanır. Sonra bu sırada məşhur “Tələbə valsı”, sənətkarın qələmindən çıxan digər əsərlər yer alır.
Musa Mirzəyev yaradıcılığında onun sevdiyi və hörmət etdiyi şəxslərə ithaf olunmuş çoxsaylı əsərlər mövcuddur. Ümummilli lider Heydər Əliyevə ithaf olunmuş solist və xor üçün “Salam, ulu rəhbər” odası, “Dahi sənətkara - Üzeyir Hacıbəyova ithaf” əsəri və s. bu qəbildəndir. Musiqiçinin maraqlı və mənalı hadisələrlə zəngin yaradıcılıq yolu daima axtarışlarla və nailiyyətlərlə müşayiət olunub. Bu nailiyyətləri bəstəkar zəhmətkeşliyi sayəsində əldə edib.
Yubiley gecəsində bəstəkarın əsərlərindən musiqi çələngi təqdim olundu. Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında yubilyarın “Sədini oxuyarkən”, “Fars motivləri” simfonik poemaları, Əməkdar artist Sirus Məmmədovun ifasında simli orkestr üçün romantik vals, skripka və orkestr üçün simfoniya-konsert, Əməkdar artist Gülnaz İsmayılovanın ifasında “Azərbaycan rəqsi” və digər əsərlərdən parçalar səsləndirildi.
Sonda Musa Mirzəyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
S.Fərəcov
Mədəniyyət.- 2013.- 20
noyabr.- S. 6.