Daha bir teatr studiyası
Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası açılıb. Studiyanın yaradılmasında başlıca məqsəd yaradıcı kollektivin nəsillər arasında əlaqələrin möhkəmlənməsinə, gələcəkdə teatrda çalışacaq aktyorların, rejissorların və digər yaradıcı şəxslərin peşəkar biliklərə, səhnə ustalığına, oyun təcrübəsinə yiyələnməsinə şərait yaratmaqdır.
Studiyada respublikanın tanınmış sənət adamlarının iştirakı ilə gənclərin rejissor və aktyor sənəti, teatr nəzəriyyəsi, səhnə danışığı, ritmo-plastika, vokal-səs və digər bacarıqlarının formalaşdırılması üçün müxtəlif fənlərin tədrisi təşkil edilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, gələcəkdə studiyada əcnəbi teatr xadimləri - aktyor, rejissor, rəssam və teatrşünaslar tərəfindən ustad dərsləri və seminarların təşkili də planlaşdırılır.
40 nəfərdən ibarət studiya üzvləri arasında ölkənin müxtəlif teatrlarında çalışan gənc aktyorlar, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və məzunları, həmçinin səhnə sənətinə bağlı gənclər var. Studiyanın məşğələlərində iştirak etmək istəyənlərin sayının artması ilə əlaqədar gələcəkdə məşğələlərin iki qrup üzrə keçirilməsi də istisna olunmur.
Onu da qeyd edək ki, studiyanın tədris müddəti iki ildir. Bu vaxt ərzində gənclərə teatr sənətinin səhnə-oyun prinsiplərini əhatə edən məşğələlər keçiriləcək, tədris prosesinin sonunda isə studiya üzvləri ilə tamaşa hazırlanacaq. Tamaşaya qoyulan uğurlu əsərin teatrın bədii şurasında müzakirə olunaraq, cari repertuara daxil edilməsi də istisna edilmir. Tədrisi başa vuraraq sertifikat alan fəalların müqavilə əsasında teatrın tamaşalarında iştirak etməsinə də şərait yaradılacaq.
Həmidə
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 4.