Bayraq mövzusunda foto və rəsm müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr
arasında “Bayrağımız qürur mənbəyimizdir”
mövzusunda fotomüsabiqə, ölkənin
ümumtəhsil məktəblərinin 6-13 yaşlı
şagirdləri arasında rəsm müsabiqəsi təşkil
olunub.
Noyabrın 9-da müsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə müsabiqə iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olublar.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, artıq 3-cü ildir keçirilən müsabiqənin iştirakçılarının sayı ildən-ilə artır. Təsadüfi deyil ki, ən balaca iştirakçının 4 yaşı var. Bu, yetişməkdə olan gənc nəslin vətənpərvərlik qürurunun nümunəvi göstəricisidir.
Builki fotomüsabiqəyə ümumilikdə 121 foto təqdim olunub, onlardan 90-ı seçilib. Fotomüsabiqə üzrə I, II, III yerlərə Toğrul Abbasov, Ehtiram Cəbiyev və Şahmar Rəfili layiq görülüblər. Rəsm müsabiqəsinə isə 524 iş təqdim olunub, onlardan 202-si ikinci tura vəsiqə qazanıb. Sonda 12 nəfərin işi qalib elan edilib.
Sonra “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda foto və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar. Müsabiqənin digər iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Rəsm müsabiqəsinin ən balaca iştirakçıları olan 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzinin “Günəş” rəsm studiyasından 4 yaşlı Fidan Kərimova, Bakı şəhəri Tofiq İsmayılov adına “Uşaq dünyası” qalereyasından 5 yaşlı Nuray Abdullayeva müsabiqənin ən fəal iştirakçıları kimi mükafatlandırılıblar.
Tədbirdə Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsinin fəaliyyətinə
həsr edilmiş film
nümayiş etdirilib.
İncəsənət ustalarının ifasında konsert və ədəbi-bədii kompozisiya təqdim edilib.
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 8.