“Qarabağ
folkloru: problemlər, perspektivlər”
Ağcabədidə
ikinci respublika elmi konfransı keçirilib
Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II Respublika elmi konfransı keçirilib.
AMEA-nın Folklor İnstitutu və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Qarabağ folklorunu, milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarını bir araya gətirmək, onların tədqiqatlarını geniş ictimaiyyətə çatdırmaqdır.
Konfransın açılışında çıxış edən Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlu və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Qarabağ bölgəsinin folklor nümunələrinin toplanmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, folklor və mədəniyyət beşiyi olan Azərbaycanın Qarabağ bölgəsi 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Bu bölgənin maddi-mədəniyyət abidələri işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan doğma yurdundan didərgin düşüb. Lakin bütün çətinliklərə baxmayaraq məcburi köçkünlər folklorumuzu, mənəvi mədəniyyətimizi yaddaşlarında yaşatmaqdadırlar.
2012-ci ildə Folklor İnstitutunun bir qrup əməkdaşı bölgə sakinlərinin məskunlaşdığı ərazilərə ezam edilib, toplanmış folklor nümunələrindən ibarət üç kitab, Qarabağ musiqi folklorunu əks etdirən xüsusi albom nəşr edilib. İnstitut “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsi çərçivəsində işləri 2013-cü ildə də davam etdirib, “Qarabağ: folklor da bir tarixdir” adlı çoxcildliyin 4-cü, 5-ci və 6-cı cildləri çapdan çıxmış, bölgəyə məxsus müxtəlif mərasimlər, xalq oyunları və meydan tamaşaları videolentə alınıb.
Konfrans “Yusif Vəzir Çəmənzəminli” və “Üzeyir Hacıbəyli” bölmələri üzrə davam etdirilib.
Tədbirdə “Qarabağ folklorunun linqvokulturoloji
aspektləri”, “Qarabağ folklorunda
I Şah Abbas”, “Qarabağ folklorunun müasir vəziyyəti”, “Qarabağın elat dünyası”, “Məmməd Araz poeziyasında Qarabağ
folkloru” və digər mövzularda
məruzələr dinlənilib, müzakirələr
aparılıb.
Mədəniyyət.- 2013.- 20
noyabr.- S. 15.