Ömür bitsə də...”

 

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, yazıçı-publisist, naşir Ağəddin Mansurzadənin xatirəsinə həsr olunmuş “Ömür bitsə də...” kitabının təqdimat mərasimi keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov yüzlərlə məqalənin və 30-dan artıq kitabın müəllifi Ağəddin Mansurzadənin həyat yolundan və yaradıcılığından söz açıb. Qeyd olunub ki, kitabda 200-dən çox tanınmış insanın Ağəddin Mansurzadə haqqında ürək sözləri və xatirələri toplanıb. Nəşrin tərtibçisi və redaktoru mərhum jurnalistin oğlu Orxan Mansurzadə, məsləhətçiləri Əməkdar jurnalist Dağbəyi İsmayılov və Mehman Fərzullayevdir.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında Ağəddin Mansurzadəni Sumqayıt şəhərinin tanınan nəsillərindən olan Mansurzadələrin ənənələrini yaşadan dəyərli insan kimi xarakterizə edib. Qeyd olunub ki, A.Mansurzadə jurnalistlik və naşirliklə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvüolub.

BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Xalq artisti Canəli Əkbərov, şair Vahid Əziz, jurnalist Ənvər Məşədiyev və digər çıxış edənlər kitabın məziyyətlərindən söhbət açıb, sədaqətli dost, gözəl insan Ağəddin Mansurzadə barədə xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 15.