Yarımçıq nəğmə

 

Ötən illərin mahnıları

 

 

O nəğmə sonra, çox sonralar kəsiləcəkdi. Sahibinin bütün cəhdlərinə, həyat eşqinə, yaşam şövqünə rəğmən kəsiləcəkdi. Elə hey qatarından ayrı düşən durnatək o da sahibinə tələsəcək, o da bu səslər çoxluğunda var olmaq savaşı verəcək, yaddaşımızı sığallayacaqdı. Bununla sahibinin musiqi dilli harayını, acı həyat hekayəsini, sonu hüsranla bitən nağılını danışacaqdı.

Sən səslən, ey səs!

 

Səslən ki, qısa, həzin, nisgilli bir ömrün fani dünyaya sığışdırıldığı bu cümlələrə üsyan et: “Kiçik yaşlarından sənətə gələn istedadlı müğənni Xeyransa Məmmədovanın vəfatı faciəli nüanslardan ibarətdir. Xeyransa Məmmədova şəkər xəstəsi olub. Həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermir. Lakin ana olmağı çox istəyən Xeyransa Məmmədova ölümü də gözə alır. Gənc müğənni övlad dünyaya gətirən zaman dünyasını dəyişir”.

...Yaşam sevgisi ilə dopdolu sənətkar ömrünün bu soyuq cümlələrdən savayı birlent yazıları, donuq şəkillərdəki bələdçiləri qalıb. Amma bir ömür səsi, bir dünya sevgisi, bir ümman sədası var. Odur ki, onu dinləyin, yenə, yenidən, bir daha...

 

Ana Kürün nazını çəkə-çəkə

 

səsini bu dünyaya əmanət qoyub gedən, zərif qollarını ürəklə yanlara açıb dünyanın özünə belə mərd-mərdanə meydan oxuyan, səsi Vətənin o başından bu başına çatan musiqi səmamızın tənha ulduzuydu o. Çünki ölümündən illər keçməsinə baxmayaraq, çoxları o diri, canlı səsi nə ölməyə, nə də yaddaşlardakı işığını öləziməyə qoymur. Bu müğənnilər bolluğu, səslər qarışıqlığında yerini qoruya bilir. Yaddaşlardakı qırmızı pioner qalstuklu, şirinsifət bu qızcığazı doğum günündə xatırlamaqla qoyub getdiyi xatirələri birgə dolaşacağıq.

 

Biri vardı...

 

Bir nağıl daha başladı, şirin sonu olmasa da. Bir nağıl daha başladı, “göydən üç alma...” düşməsə də. Bir nağıl daha başladı, dinləyənləri şirin yuxuya təslim etməsə də.

...1966-cı ilin 26 noyabrında böyük, kasıb bir ailədə daha bir qız uşağı dünyaya gəldi. Adını Xeyransa qoydular. Ayağı yer, dili söz tutandan öz dünyasında yaşamağa başladı. Doqquz uşağın sonbeşiyinə ayrı bir ümidlə bağlanan valideynləri onun işığına bürünüb Xeyri deyə çağırırdılar. Xeyri beləcə böyüyürdü, nə ailələrindəki, ətrafındakı uşaqlara, nə də məktəb, parta yoldaşlarına bənzəyirdi. Ürəyində atlanan arzuları onların kasıb evlərinə sığmasa da, qəlbində çalınan musiqiyə qulaq asa-asa böyük, işıqlı bir dünyaya can atırdı. Çünki ilk olaraq içindəki səsi sevirdi. Əvvəl elə bilirdi ki, hamının ürəyində belə musiqi çalınır. Biləndə ki başqaları belə deyil, istədi səsini başqaları da eşitsin, başqaları da sevsin. Bu, o zamanlar idi ki, Xeyri balaca, şirin bir qız idi. Xəstəliyin, ölümün, qorxunun olduğunu bilmir, həyatı çəhrayı rəngdə görürdü.

 

Balaca qəlbə böyük qorxu

 

Hələ uşaq idi, həyətlərində oynayırdı. Birdən it onun üstünə cumur. O, donub yerə saplanır. İt ona toxunmasa da, qorxu öz işini görür. Təzəcə qızılcadan ayılan balaca yenidən bərk xəstələnir. Qızdırmadan ayılmadığını görüb onu həkimə aparırlar. Müayinədən sonra ona heç qulaqlarının duymadığı diaqnozu qoyurlar - şəkər! Şirin, şəkər sözlərini ona yaxınlaşıb ovurdlarını sıxan böyüklərin əzizləməsində eşidən Xeyri həyatın acısı ilə - şəkər xəstəliyi ilə üz-üzə qalır.

 

Peşəkar səhnəyə

 

Xeyransa Məmmədova Bakıdakı 232 saylı orta məktəbdə oxuyurdu. Amma dərslərini hazırlamağa elə həvəsi yox idi. Onunku oxumaq, çalıb-oynamaq idi. Deyirlər, royalda ifa edəndə barmaqları görünməz, oxuyanda qonşu-bacadakı qız-gəlinlər işlərini atıb ona diqqət kəsilərdilər. Ona görə çox keçmədi, sanki harasa elə hey tələsən bu səs qəlblərə yol tapdı. ƏvvəllərElşənuşaq ansamblında oxumağa, ürəyinin səsini bölüşməyə başladı. Amma az keçmədən istedad, bənzərsiz səs sahibini arxasınca apardı. 1977-ci ildənVətən” instrumental ansamblında fəaliyyətini davam etdirdi.

Tanınmış tarzən Elxan Müzəffərovun 70-80-ci illərdə Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında yaratdığı bu kollektivi tanıdan da elə balaca Xeyransa oldu. 5-ci sinifdə oxumasına baxmayaraq, kollektivin ən məşhur solisti idi. O vaxtlar Respublika Həmkarlar İttifaqı tərəfindən ənənəvi olaraqOxu tar” müsabiqəsi keçirilirdi. Qəribə olsa, münsiflər heyəti, müsabiqə iştirakçıları hər dəfə əvvəlcədən bilirdilər ki, birinci yer Xeyransanındır. Onun oxuduğu bəstəkar mahnıları hamını elə ovsunlayırdı ki, bəzən əl çalmağı belə unudurdular.

 

Günəşi 14 yaşında gördü

 

Onun böyük səhnəyə gəlişi 1980-ci ilə, 14 yaşına təsadüf edir. Lenin sarayında (indiki Heydər Əliyev Sarayı) Respublika Həmkarlar İttifaqının növbəti hesabat yığıncağı keçirilirdi. Rəsmi hissədən sonra geniş konsert proqramı təqdim olundu. Proqrama respublikanın məşhur sənət adamları, müğənnilərin çıxışı daxil edilmişdi. Zal tamaşaçı ilə dolu idi. Onların arasında xalqımızın ümummilli lideri, respublikanın rəhbəri Heydər Əliyev var idi. Konsert boyu rəngarəng ifalar bir-birini əvəzləyirdi. Növbə ona çatdı. Diktor elan etdi: “Bəstəkar Cahangir Cahangirov, “Ana Kür”. Oxuyur altıncı sinif şagirdi Xeyransa Məmmədova”. Bu təqdimat salonun sükutunu pozmadı. Çünki bu ad hamı üçün yeni idi hələ nələr baş verəcəyini bilmirdilər. Həyəcanla gəlib geniş səhnənin düz ortasında səhrada bitmiş tənha çiçək kimi dayanan məktəblinin öz səsi ilə onları necə sehrləyəcəyini heç kəs təsəvvürlərinə belə gətirmirdi. Təkcə Bülbülə qəsəbəsində bir ailənin üzvləri nəfəs çəkmədən evinmüğənni balasıüçün həyəcan narahatlıq keçirirdilər. Tarın simləri ilk mizrabdan titrədi. İkinci mizrab simlərə daraq çəkməmiş “Ana Kür...” sözləri səsə bələnib salona yayıldı:

 

Ana Kür, yaşa Kür!

Hələ neçə ömür yaşadacaq

Könüllər səni.

Bir gəlinsən yatağında,

Təbiətin qucağında

Nazənin Kür, gözəl Kür...

 

Tamaşaçılar heyrət sevinclə yerlərində dikəldilər. Bu heyrət alqışlara keçdi mahnı bitincə salon bir neçə dəfə guruldadı. O alqış sahiblərindən biri, gənc istedadları daim sevgi qayğıya bürüyən Heydər Əliyev konsert sonrası bu istedadın sorağıyla səhnə arxasına keçdi, onun balaca əllərindən tutub xoş sözlər söylədi. Kasıb ailənin Xeyransa misallı günəşi yenidən doğdu. Balaca istedadın xəstəliyi, ailə vəziyyəti ilə maraqlanan ulu öndər onu hər cür diqqət qayğı ilə əhatə etdi. Mənzil, imtahansız Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul, səhhəti ilə bağlı xüsusi həkim...

Səsin şirinliyi, ifanın məlahəti, təravəti həm salondakıları, həm televizora baxanları beləcə ovsunladı. Elə bunun nəticəsi idi ki, konsertdən iki ay keçməmiş, yenə həmin salondaOxuyur Xeyransa...” - deyən aparıcının sonrakı sözləri alqış sədaları altında əriyib getdi. Səsi yanğı, həzin kədər notlarına köklənən XeyransaSarı bülbül”ü bülbül kimi ötdü. Bu gözəl ifadakı yeni nəfəs qulaq batıran alqışlarla mükafatlandırıldı. Beləcə, o, ikicə çıxışı ilə nəğmə baharının bənövşə müjdəsi oldu. Hər evin şirin-şəkər sözünə, söhbətinə çevrilən arzulu-istəkli müğənninin çıxışları intizarla gözlənildi.

 

İşıqlı dünyadan necə əl çəkim?!”

 

Xeyransa düz dörd il dalbadalOxu tar...” müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub. Onun yaşı ilə səs imkanlarını müqayisə etsək, bu peşəkarlıq haqlı bir təəccüb yaradar. Böyük bəstəkarımız Səid Rüstəmovun “Oxu tar”, “Oxu gözəl”, Cahangir Cahangirovun “Necə əl çəkim”, Emin Sabitoğlunun “Azərbaycan”, eləcə də “Təklik”, “Ay bülbüllər” və “Sarı bülbülkimi yüksək notlu xalq mahnıları onun ecaz ifasında ayrı bir aləm yaratmışdı. O səs Kiyev, Xarkov kimi şəhərləri də dolaşmış, sahibini göylərə ucaltmışdı. Özü ilə gəzən dərdini, ağrı-acılarını unutdurmağa, onu həyatdan möhkəmcə yapışmağa səsləmişdi o səda. Dahi Niyazinin qəlbinə yol tapmış, onun ömrü boyu həsrət qaldığı ata hisslərinə qanad vermişdi. Niyazinin “Gəl mənim qızım ol, bizimlə yaşa, inan, hər şey daha gözəl olacaq”, - vədinə kövrək qəlbindən qopan “Mən sizi çox sevirəm, amma evimizçün darıxaram axı” cavabıyla övladlarının uğurunda göyün yeddi qatını dolaşan ata-anasına sevinc bəxş etmişdi.

 

Xeyri öldü deməyin, bir əbədi sənətim var

 

Sevgi onun da həyatına qonaq gəldi. İstedadla yanaşı, təmiz, səmimi bir ürəklə dolu məhəbbətlə də yaşayırdı. Özü də parıltılı səhnələrdən çox uzaq birinə, “Azkonsert”də sürücü işləyən gəncə vermişdi könlünü. Xəstə ürəyinə onun eşqi ilə məlhəm gəzmişdi. Böyük maneələr, söz-söhbətlərə rəğmən onlar evləndilər də. Çünki Xeyransanın həyata keçməyən yeganə arzusu ana olmaq idi. Məhəbbətini körpəsi ilə bölüşmək istəyi ona heç bir tibbi qadağaya məhəl qoymadan həyatını təhlükəyə atdırdı. Dəfələrlə ana olmağa cəhd etdibu sevincləri yarımçıq yaşadı. Elə son mənzilə də bu yüklə, bətndə özü ilə övlad daşımaq ağrısı ilə getdi. O indi Bülbülə qəbiristanlığında uyuyur...

1995-ci ilin 2 iyununda, ömrünün 29-cu baharında həyata vida edən bu təkrarsız səs sahibinin saralmış qəzet səhifələrindən boylanan son müsahibəsindəki bu misralar çox təsirlidir: “Görəsən, qorxulu yuxularıma nə vaxt son qoyulacaq. Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm... Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin”.

Amma arzular yarıda qırıldı, istəklər nisgilə dönüb lent yazılarına, ağ-qara şəkillərə və solğun xatirələrə çevrildi.

 

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 13.