70-ə yaxın film
80 illiyi tamam olan Rasim Ocaqovun göz, söz və quruluş ocağı haqda bir səhifəlik söz...
Bu filmlərdən neçə-neçəsinə Rasimin ustad operator
gözüylə baxmışıq, bir
neçəsində onun istedadlı ssenarist dəst-xəttini hiss
etmiş, adlarını əzbərdən
sayıb-sadalayacağımız 10 ekran
işinə isə bu fenomenal
rejissorun quruluşunda,
yozum-düzümündə vurulmuşuq...
Bu tip fikirlər, əslində,
bir çox ciddi kinematoqrafçılara
- professional operator, ssenarist və rejissorlara aid edilə bilər. Amma Rasim Ocaqovun ömür və yaradıcılıq taleyi
- elə operatoru və quruluşçu rejissoru olduğu filmlər kimi, həmin o “bir çox”larından xeyli fərqlidir. Çünki
söhbət yalnız
ömrü boyu minlərlə kadr çəkmiş, yüzlərlə
pavilyon-məkanda olmuş,
onlarca film yaradıcısından
deyil, həm də yalnız qəlb “statistika”sına alınıb, ürək
“bloknot”una salınan saysız təbii və süni əngəllər, qurama əzablar, ovaxtların “mərkəz” və “yerli” etiketli “hazıra-nazir”lərdən “mız”lar
eşidib, nazlar çəkmiş bir sənətkardan gedir.
Bu eksklüziv təqdimatdakı
yumoristikvariliyin bir neçə səbəbi
var ki, bunlardan
da ən birincisi az-para görüb-tanıdığım, haqqında xeyli oxuduğum və kifayət qədər eşitdiyim Rasim Ocaqovun özüdür; siz nə onun
fotoşəkillərindəki pessimizmə, nə də məşhur “Tütək səsi”ndə
gördüyünüz dünya-aləm
ələm-əməllərinə bənd olun, - Rasim çox nəşəli, ovqatsaçan,
həyat eşqli, gözləri yanar ocaq bir insan,
çox orijinal bir sənətkar olub.
Şəki və Bakı
O, əsasən göz sənəti olan kinoya söz sənətinə vurğunluğundan
gəlmişdi. Bu isə
onun şəxsi-bioloji
fitrətilə bərabər,
günü bu gün də folklor yaradıcılığından
qalmayan, bu təbii-xəlqi qaynamada “deyib-gülmə”, “məzə-məzhəkə”
dastanlarını xüsusi
bir şövqlə davam etdirən Şəki diyarında doğulması ilə bağlı idi. Artıq xeyli dərəcədə praktikləşib,
müəyyən qədər
əda-modalaşaraq həm
də qanadlı ifadələr, frazeoloji ibarələr kəsb etməkdə olan Azərbaycan kinosu bu yeni yaradıcılıq
cücərtilərini məhz
Rasim Ocaqov kimilərinin əlli-altmış
il bundan
əvvəlki səpkilərindən
götürüb. Birmənalı başa düşülə
bilər ehtimalı ilə adlarını çəkmədiyim bir çox filmlərimizin məna-məzmunca naftalin qoxuyan basmaqəlib adları, trafaret titroqrafik elementləri belələrinin stilizasiyaları
sayəsində “gözləri
yağır, qulaqları
bağır”lıqdan təmizlənirdi.
Gənc
operator Rasimin sənətə
baxışı da yeni olduğundan, vizual fonlarla bərabər, məna-mətləb
donları da yeniləşir, tamaşaçının
gördüklərilə eşitdikləri
arasında bir proporsionallıq yaranırdı.
Onun əl qoyduğu işlərdə “Abidələr
danışır”dı. Uzun illər boyu “Rəhbərə salam”, “26-lar”, “VİL-100”, “Qurultaydan-qurultaya”
dəbli ekran matahları, Böyük Oktyabr Sosialist İnqilabının ildönümlərindən
ibarət “başınadönüm-qurbanınolum”
təbli “qlobal” mövzular “Ad günü”
bədii, “Yolda əhvalat” qısametrajlı,
“Metamarfoza”, “Rəngli
yuxu”, “Heyf siqnalından”, “Çexski
unitaz” kimi “Mozalan” süjetlərində
“lokal” kinolentlərə
çevrilirdi.
Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan
kino industriyasında ayrıca parlaq bir səhifədir. Səviyyə,
məna tutumu, zənginlik və rəngarənglikcə dopdolu
səhifə! Bu səhifə ilk hərfindən
son nöqtəsinədək maraqla oxunur, doyulmadan baxılır, sətirdən-sətrə artımlanır.
O, kino sənəti üçün xarakterik olan üç əsas elementin hər birindən ustalıqla istifadə edib. O, bütün filmlərində görüntü,
söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə-ifa etdirib; tək elə ansambl kimi yox, hər
birini solo kimi də aksentləşdirib.
Onun “Abşeron ritmləri”ndə sözügedən
elementlərdən hansının
“komandir”, hansının
“əsgər” olduğunu
sezmək nəinki sıravi tamaşaçılıq,
heç asan “şünas”lıq da deyil. Biri-birilə vəhdət təşkil
edən musiqi notları ilə çəkiliş planlarının
harmoniyası belə bir qənaət hasil etdirir ki,
bu tammetrajlı filmdə hər şey - zövqlə seçilmiş musiqi parçaları, ustalıqla
ovlanmış kadrlar bu istedadlı “dərzi”nin yüz
ölç, bir biç “atelye”sindən keçib.
Kinoşünaslarımız, mütəxəssis
tənqidçilərimiz bu
faktı da tez-tez vurğulayırlar ki, ötən əsrin ikinci yarısından başlayaraq
Azərbaycan kinosunda adi tamaşaçıların
belə sezdiyi canlanma baş verdi. Rasim
Ocaqov kinoya kinonun məhz belə bir dirçəliş
dövründə qədəm
qoyub və “kütləvi səhnələr”
obrazı kimi ənənəviçilik “paslanma”larına
da son qoyub.
1957-ci ildə istehsalata
buraxılmış “Bir
məhəllədən iki
nəfər” tamaşaçılar
arasında necə, hansı dərəcədə
maraq oyatmışıbsa,
filmin operatoru - iyirmi dörd yaşlı bu oğlan da kinoçular
içərisində o marağı
qazanıbmış. Kinokameranın texniki dili ilə
bərabər, bəzi
həmkarları üçün
ömürlərinin sonuna
qədər gizli qalan bir çox
sehr-sirri də mükəmməl öyrənmiş
gənc Rasim bu debütdən sonra Əjdər İbrahimov kimi kino-nəhəngin diqqətini
cəlb edir, ondan (və başqalarından) biri-birinin
ardınca təkliflər
alır. İlk sərbəst operator işi
olan “Onun böyük ürəyi” filmində isə, o çağadək “fizioloji
planların poetik-filoloji
yaradıcısı” adıyla
tanınmış Rasim
Ocaqov, artıq diqqətlərdə psixoloji
anların ustası kimi “qeyd”ə alınır. Həmin vaxtlaradək “tamaşaçı
filmə operatorun gözü ilə baxır” deyimini tez-tez ürəyində heyranlıqla təkrar edən Rasim, artıq, öz beynində maraqlı deyimlər toxuyur ki, onlardan biri
də budur: “Əgər operator çəkərkən
gözünü qırpmayıbsa,
tamaşaçı da
baxarkən qırpmayacaq...”
O, bu sözləri dili ilə dedi,
“Bizim küçə”,
“Mən rəqs edəcəyəm”, “Skripkanın
sərgüzəşti”, “Sən
niyə susursan?” və s. filmlərdəki əməli ilə sübut etdi.
Rejissorluq səviyyəsinə - kino
işində komandan epoletinə çoxdan yetmiş olsa da, Rasim Ocaqov
bu görəvə
1974-cü ildə - qırx
bir yaşında layiq görüldü. Onun bu mərtəbəyə çıxmasının
özü də maraqlı bir tarixçədir. Belə
ki, bu əvəzedilməz
operatorun “mən özüm də film çəkmək istəyirəm”
iddiasından çıxılmaz
vəziyyətdə qalan
kinostudiya rəhbərliyi
“...olar, amma yalnız rejissorluq təhsili aldıqdan sonra” - deyib və Rasim də
- “eləmə tənbəllik”,
gedib ADİİ-də
(ADMİU) rejissorluq fakültəsini
də oxuyub...
İnstitutdan kinostudiyaya qayıdan Rasim bu arzusunun
reallaşmasına yarımçıq
qalmış bir filmlə - adını dəyişib “Qatır Məmməd” qoyduğu “Gəncəbasarlı qisasçı”
ilə başlayıb. O, bu filmin bərpa və davamına bir qədər fərqli aspektdən yanaşır, ssenariyə
ciddi əl gəzdirir, qəhrəmanların
ifaçılarında dəyişikliklər
edir və ilk rejissor məhsulu olan bu film mətbuatda
professional iş kimi dəyərləndirilməklə yanaşı, sonrakı 30
illik ünlü fəaliyyətinə yaşıl
işıq da yandırır.
O vaxtdan “Rasim Ocaqov” titri kinomuzun
arzulanan, səbirsizliklə
gözlənən imzalarından
birinə çevrildi.
Görkəmli ədib İsa
Hüseynov yaradıcılığına
yeni bir baxış - Rasim Ocaqov təfsiri yarandı. Kinomuz “Tütək səsi” şedevri, filmin özü isə Məmmədrza Şeyxzamanov,
Yusif Vəliyev kimi ustad aktyorların
təfsirlərində İsfəndiyar,
Qılınc Qurban kimi Azərbaycan kişisi obrazları qazandı.
“Rasim Ocaqovun yaradıcı psixolojisi yaradıcılıq xronolojisindən sürətlə və öndə gedirdi” deməklə, görəsən, yanılmış olmuram ki? Məncə, bu qənaətimin sübutu üçün aşağıda onun xəyali “Azərbaycan kino təsərrüfatı sərgisi”nin yuxarılarında dayanan filmlərinin adlarını sadalamağım yetər: “Ad günü”, “Özgə ömür”, “Park”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla”, “İstintaq”, “Təhminə”, “Otel otağı”...
...Bu an, onun çəkdiyi filmlərdən birinin (“Ölsəm, bağışla”) adı mənə uzun adlı bir fikir “filmi” diktə etdi: “Yaxşı yaza bilməsəm, bağışla...”
Onun gözü ilə baxdıqlarımız, ssenari-sözü ilə eşitdiklərimiz, quruluşları ilə bəhrələndiklərimiz haqda bu qədər.
Onu böyük sənətə gətirən, təltifləyən, “nahaqq-haqq” dünyalara gətirib-aparan qəza-qədərlər barədə isə, -
Aşağıdakı qədər
Görüşüb-salamlaşmağı hələ döyülməmiş xırmana, ayrılıb-xudahafizləşməyi suyu soğulmuş dəyirmana bənzədirlər...
Filmoqrafiyasına günlər-aylarla baxılıb-qurtarılmayası bu sənətkarın avtobioqrafiyası ilə tanışlıq bir dəqiqə çəkə, ya çəkməyə: 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub, 2006-cı ilin 11 iyulunda Bakıda vəfat edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültələrini bitirib. SSRİ və Azərbaycan Dövlət mükafatlarına, Xalq artisti fəxri adına layiq görülüb...
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 12.