“2+1” oyunu
Festival təəssüratları
Azərbaycan
Teatr Xadimləri İttifaqının Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə keçirdiyi “2+1”
adlı II Eksperimental Teatr
Festivalı oktyabrın 28-dən noyabrın 2-dək bu qurumun Xaqani
küçəsi 16 ünvanında yerləşən tamaşa salonunda baş tutdu.
Açılış günü keçirilən mətbuat konfransında ATXİ-nin və təşkilat komitəsinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov bildirdi ki, festivalın təşkilində əsas məqsəd Azərbaycan teatr məkanında baş verən yaradıcılıq proseslərini təhlil edərək fəallaşdırmaqdır. Bununla yanaşı niyyətimiz gənc teatr mütəxəssislərini yeni yaradıcılıq axtarışlarına sövq etmək, onların müasir dünyanın teatr proseslərinə qoşulmaq meyllərinə istiqamət və dəstək verməkdir. Ən yaxşı tamaşalar mötəbər teatr mütəxəssisləri tərəfindən müəyyən edilib seçilərək ittifaqın “Beynəlxalq festivallar bankı”na daxil ediləcək və gələcəkdə iştirak üçün mötəbər festivallara təqdim olunacaq. Üç, iki və ya bir aktyorun ifası üzərində tamaşalar quruluş həllini tapdığı üçün Eksperimental Teatr Festivalı məhz “2+1” adlanır.
Festivala gətirilən tamaşaların əksəriyyəti sosial problemlərə həsr olunduğundan mövzu aktuallığı ilə də diqqət çəkirdi.
İlk olaraq ATXİ-nin tamaşa salonunun səhnəsinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təmsilçiləri çıxdılar. Onlar Nofəl Vəliyevin quruluşunda əslən Cənubi Azərbaycandan olan dramaturq-aktyor Məcid Vahidzadənin “Bir səbət tənhalıq” əsərini təqdim etdilər. Fiziki qüsurlu (qozbel) olduğu üçün evdən bayıra çıxmağa həsrət qoyulan gənc qız (Güşvər Şərifova) məcburiyyət qarşısında qalıb pəncərədən onların evinə soxulan (oğru) bəxtsiz cavanla (Eşqim Quliyev) üzləşəndə, ikili hisslər yaşayır. Onu ələmi versin, yoxsa... Təbii ki, ömrünün gözəl çağını yaşayan qızın humanist duyğuları onda hiddət həddinə çatmış nifrət hisslərini üstələyir, oğlana rəhmi gəlir. Tamaşa maraqla qarşılandı.
* * *
Festival çərçivəsində təqdim edilən tamaşalardan biri məni həm tematik, həm də səhnə həlli baxımından daha çox cəzb etdiyi üçün bu yazıda ona daha geniş yer ayırmağı özümə borc bildim. Bu, tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İki nəfər üçün oyun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşadır. Onu da xatırladım ki, bu əsər 2004-cü ildə həyatdan erkən köçmüş, tanınmış rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında tamaşaya qoyulmuş, 2011-ci ildə isə Loğman Kərimovun rejissor yozumunda I Eksperimental Teatr Festivalı zamanı Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən təqdim edilmişdi.
Rəşad Nurinin quruluşunda, Hacıbaba Məmmədovun plastik həll üzrə rejissorluğu ilə bu əsər üçüncü həyatını Bakı Uşaq Teatrının səhnəsində yaşadı. Çağdaş həyatımızın başlıca bəlalarından olan sosial problemlər milli mentalitetimizə xas olmayan ailə bağının qırılmasına, boşanmalara gətirib çıxarır. Belə halların özü ilə bərabər cəmiyyətimiz üçün nə qədər fəsadlar gətirdiyi də danılmazdır.
Müəllifin dramaturji materialda kinayə qarışıq qabartdığı bu problem tamaşanın quruluş həllində öz düzgün təzahürünü tapıb. Adından da bəlli olduğu kimi, həyatımızı çulğayan sosial problemlər taleyimizi öz əlində bir oyuncağa, özümüzü isə bu müdhiş tamaşanın oyunçularına çevirir.
Əsərin qəhrəmanları, yəni, əsas personajları olan ərlə arvad, rəssam və evdar qadın olan kardioloq-həkim - yaşadıqları maddi sıxıntılar üzündən tez-tez bir-birini ittiham edir, dava-dalaş salırlar. Belə yeknəsəq, cansıxıcı həyat tərzindən bezikib ayrılmaq qərarına gəlirlər. Ancaq onların bir-birini itirmək qorxusu, əsl sevgisi buna yol vermir. Səhnədə bir-biriylə didişən, dava edən ərlə-arvadın səhnə arxasından eşidilən dialoqu onların daxilən bir, zahirən ayrı-ayrı adamlar olduğunu üzə çıxarır.
Sevgi, ailə bağı Elçin Hüseynbəyli əsərlərinin leytmotivi olmaqla yanaşı, həm də onun əsl vətəndaş mövqeyinin bir göstəricisidir. Müəllif əsərdə öz qəhrəmanlarına biri-biriylə oynadıqları müdhiş oyunun sonunda şərti xəyanətlərinə görə ölüm hökmü kəsir. Finalda ərlə arvad çox miqdarda yuxu dərmanı içərək biri-birinə sarılıb ölürlər. Müəllif öz qəhrəmanlarına qarşı belə amansız olsa da, bu tamaşanın quruluşçu rejissoru və ifaçıları isə biçarə qəhrəmanlarını bütün günahlara rəğmən finalda həyat şərtlərinə uyğun olaraq yaşatmaq qərarına gəlirlər.
Əsərin fabulası, ana xətti belədir ki, öz yeknəsəq güzəranlarından bezən ərlə arvad həyatları ilə oyun oynamaq qərarına gəlirlər. Onlar şərti olaraq taksidə, təyyarədə və qayıqda yad bir ölkəyə gedirlər. Yad turistlər kimi, əylənmək məqsədiylə biri-biriylə yenidən tanış olub eşq macərası yaşayırlar. Bəlkə bu yolla cansıxıcı, monoton həyatlarından kam alıb biri-birinə sarılaraq ya ölələr, ya da qalalar deyə bu ailə cütlüyü sadə yol seçir. Yəni, məşhur Şekspirin ölüm-qalım probleminin bugünkü təzahürü teatr aləminin yaşama məktəbi (Konstantin Stanislavski) ilə göstərmə məktəbinin (Bertold Brext) sintezini özündə ehtiva edən, tamaşa elementləri ilə zəngin olan bu səhnə əsəri bir tamaşaçı kimi, məni də bu oyunun içinə çəkərək yaşatdı, duyğulandırdı.
Günümüzün və cəmiyyətimizin ən aktual və həlli vacib problemlərinə işıq tutan əsər dünyanın istənilən ölkəsinin səhnəsində özünə geniş tamaşaçı auditoriyası qazana bilər. Tamaşada arvad-Lili obrazının ifaçısı, aktrisa və rejissor Könül Şahbazovanın öz qəhrəmanının xarakterinə uyğun şəkildə tapdığı ştrixlər, teatr və plastika elementləri yüksək dərəcədə cazib və müqayisəolunmazdır. Onun tərəf-müqabili - istedadlı aktyor Niyaz Qasımov da bu oyunun qaydalarına mükəmməl şəkildə uyaraq yaratdığı çılğın ər-Mimi obrazına öz damğasını vurdu.
Tamaşanın plastik həll üzrə rejissoru Hacıbaba Məmmədov bu səhnə işində də Vaqif İbrahimoğlu məktəbinin layiqli davamçısı olduğunu göstərdi.
Quruluşçu rejissor Rəşad Nuriyə gəlincə, o, tamaşada aktyorlara müstəqillik verməklə bu maraqlı səhnə əsərinin daha da baxımlı olmasını təmin edib. Necə deyərlər, əndrabadi mizanlar və digər ünsürlərdən imtina etməklə tamaşanın uğurunu təmin edib. Əsərin digər gözəl xüsusiyyəti müəllif dilinin axıcılığı, rəvanlığı və lakonikliyidir.
* * *
II Eksperimental Teatr Festivalına Qusar Dövlət Ləzgi Dram Teatrının gətirdiyi tamaşa “Öldür məni can-cigər” adlanır. Türk dünyasının görkəmli satira ustası Əziz Nesinin əsərinə özünə xas tərzdə quruluş verən aktyor və rejissor Bağır Əhmədov tamaşada həm də baş rollardan birini ifa edir. Maraqlı səhnə əsərində digər rolların ifaçıları Tamara Məmmədova və Lalə Qurbanova da yadda qala biləcək obrazlar yaratmağa çalışmışlar. Əgər bu tamaşa dramatik yox, komik müstəvidə öz həllini tapsaydı, daha çox baxımlı və cəzbedici olardı.
Mingəçevir Dövlət Dram Teatrı festivala türk dramaturqu Turqay Narın “Zibillik” əsəri əsasında hazırlanmış tamaşa ilə qatılmışdı. Yaradıcı heyətində gəncləşmə müşahidə olunan bu teatrın gənc baş rejissoru Günay Səttarın psixoloji dram janrında yuxu yozmaları uğurlu alınıb. Tamaşada dünyada gedən qloballaşma və deqradasiya proseslərinin özü ilə gətirdiyi fəsadlara, anomaliyalara münasibət bildirilir. Səhnə əsəri digərlərindən zəngin dekorasiya, bufatoriya və rekvizitləri ilə də seçilirdi. Afıq Yusifovun, Fəridə Məmmədovanın aktyorluq məharətinə də söz ola bilməzdi. Ara-sıra, Asim Məmmədovun ifasında artikulyativ qüsurların nəzərə çarpması tamaşanın temporitminin düşməsinə səbəb olurdu. Amma bu da tamaşanın baxımlılığına xələl gətirmirdi.
Bakı “Vahid” Satira Teatrının festival tamaşaçılarına təqdim etdiyi “Kor kürsü” əsərinin müəllifi və quruluşçu rejissoru Maarif Məmmədovdur. Cəmiyyətdə baş verən neqativ hallara qarşı barışmaz mövqe sərgiləyən personaj (Natiq Fərzəliyev) tamaşa boyu öz tərəf-müqabilini (Məhərrəm Qurbanov) cəmiyyətdə, ətrafında baş verən hadisələrə reaksiya vermədiyinə, biganə qaldığına görə ittiham edir. Bu üsyankar adam öz mübarizəsində tək qaldığını, heç nəyə nail olmayacağını anlayıb özünə əl qatır, yəni öz gözlərini tökür. Cəmiyyətimizdə baş verən bəzi dözülməz hallara qarşı vətəndaş harayı kimi səslənən əsər xeyli tamaşaçı alqışı qazandı.
Şuşa Dövlət Musiqili Dram Teatrı bu festivala Loğman Kərimovun quruluşunda tanınmış yazıçı-filosof Firuz Mustafanın “Qadın həsrəti” əsəri ilə qatılmışdı. Ailə-məişət problemlərindən, ər-arvad münasibətlərindən bəhs edən bu əsər vodevil-sevgi üçbucağı şəklində qurulub. Personajların birinin tamamilə, digərinin qismən kölgədə qalması, ərin ehtimal edilən məşuqəsinin tamaşa boyu siluetinin ayaq hissəsinin işıq effektiylə təqdim edilməsi tamaşaçı üçün bir qədər qaranlıq qalır. Müğənni qadının bəstəkar əri evindən, ailəsindən ayıracaq təsir gücünə malik olması tamaşada nəzərə çarpmır. Bu səhnə əsəri bütövlükdə istedadlı aktrisa Şükufə Musayevanın üzərində qurulmuş bir mono-tamaşaya bənzəyirdi. Aktrisanın bu ağır, ağır olduğu qədər də zəngin çalarları ilə seçilən obrazın cilalanması üçün xeyli axtarış apardığı və buna nail olduğunu xüsusi vurğulamaq lazımdır.
Festivalın qonağı olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı İftixar Piriyevin “Eşqin tikan dairəsi” tamaşasını təqdim etdi. Turqay Vəlizadənin quruluş verdiyi və əsas rollardan birini ifa etdiyi, Aslan və Marianna Məmmədovların da baş rollarını bölüşdüyü bu tamaşa da geniş auditoriyanın sevgisini qazandı.
Bütövlükdə festivala qatılan teatr kollektivlərinin hər biri tamaşaçılara özlərinə xas olan yeni teatral elementlər sərgiləyə bildilər. Xırda-para əyər-əskiklərə baxmayaraq, bütövlükdə festival baş tutdu. Azərbaycan Teatr Xadimləri İttifaqı bütün iştirakçıları diplom və xatirə hədiyyələri ilə təltif edərək, bu sənət fədailərinə ruh və ilham verərək yeni-yeni nailiyyətlərə səslədi. İnanırıq ki, “2+1” Eksperimental Teatr Festivalı gələcəkdə beynəlxalq status alacaq və Azərbaycan teatrlarının səhnəsi yaxın-uzaq ölkələrdən gələn truppaların sənət yarışması meydanına çevriləcək.
Saleh Salahzadə,
Teatrşünas
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 11.