Qərb bölgəsində
turizmin inkişafı prioritet
istiqamətlərdəndir
Bu il
Tovuz rayonuna 45 minə yaxın turist gəlib
Azərbaycanın qərb bölgəsində turizmin
inkişafı Mədəniyyət
və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biridir. Son illər bölgədə bu məqsədlə bir sıra layihələr həyata keçirilib.
Tovuz Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Aydın Qasımov bizimlə söhbətində
bildirdi ki, 2013-cü ilin ötən dövrü ərzində
Tovuza 45 minə yaxın turist gəlib. Onların arasında
əcnəbilər də
olub: “Xarici turistləri istirahətdən
daha çox rayon ərazisindəki qədim
abidələr və yaşayış məskənləri
maraqlandırır. Biz də onlara bu istiqamətdə yardımçı olur, qonaqlara mədəni irs və tariximiz
barədə məlumat
veririk”.
Şöbə müdirinin sözlərinə
görə, rayonda Ağdam, Böyük Qışlaq, Qaralar, Abdal kəndləri istiqamətində 4 turizm marşrutu müəyyənləşdirilib,
marşrutlar boyunca yol asfaltdır: «İndiyədək əsas
problemimiz yolla bağlı idi. Artıq bu problem həllini tapıb. Bu marşrutların
üzərində qədim
tarixə malik mədəni abidələr
yerləşir. Turistlərin abidələrə baxmaq üçün uzaq məsafəyə getməsinə
ehtiyac yoxdur. Göytəpə qədim yaşayış
məskəni İpək
Yolu magistralının
2 kilometrliyindədir. Burada gələcəkdə
açıq səma altında muzey təşkil olunacaq».
Rayonda 50-yə yaxın
irili-xırdalı turizm
obyekti var. Onlardan
4-ü müasir standartlara
tam cavab verir, 3 obyekt Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət
göstərir. Şöbə müdiri bildirdi ki, turistlərin istirahəti üçün
yüksək şərait
yaradılıb: «Şəhərin
girəcəyində - Tovuz
çayının sol sahilində
ümumilikdə 5 hektar
sahəsi olan Tovuz Olimpiya İdman Kompleksi müasir tələblərə
cavab verən idman və istirahət
mərkəzidir. Komplekslə
üzbəüz 10 hektar
sahədə Heydər
Əliyev adına
Mədəniyyət və
İstirahət Parkı
yaradılıb. Onu da qeyd edim ki,
bu, ərazisinə görə respublikanın
ən iri parklarından biridir”.
Qeyd edək
ki, ölkəmizin qərb bölgəsində
yerləşən Tovuz
rayonunun əlverişli
iqlim şəraiti, gözəl təbiət mənzərələri, tarixi
abidələri turizmin
inkişafı üçün
geniş imkanlar açır. Bu səbəbdən
rayona xarici turistləri cəlb etmək üçün məqsədyönlü tədbirlər
həyata keçirilir.
Rayonda 62 daşınmaz
tarixi və mədəniyyət abidəsi
qeydiyyatdadır. Rayon mərkəzindən
12 km məsafədə, Kür
çayının sağ
sahilində yerləşən
«Torpaqqala» qədim yaşayış yeri də turizm üçün maraqlı
məkandır. Qovlar qəsəbəsi
və İbrahimhacılı
kəndində xarici turistlər üçün
maraq kəsb edəcək şərab dequstasiyası zalları və konyak klubu var. Zəyəm dağ çayında turistlərin balıq tutması, su idmanı və üzgüçülüklə məşğul olmaları,
qəlyanaltı və
nahar üçün
müasir standartlara uyğun obyektlərin yaradılmasına başlanılıb.
Aşağı Quşçu kəndi ərazisində, Bakı-Qazax
magistral yolunun bir kilometrliyində eramızdan əvvəl VI
minilliyə aid edilən
«Göytəpə» yaşayış
məskəni turistlərdə
ölkəmizin tarixi barədə təsəvvür
yaradan mühüm məkanlardandır. Vahidli kəndində Axıncı
çayı üzərində
XIX əsr memarlıq abidəsi olan «Sultan körpüsü», xüsusi
coğrafi quruluşa malik «Qala düzü»
ərazisi də maraqlı turizm obyektidir. Tovuz şəhərində
1923-cü ildə alman
icması tərəfindən
tikilib istifadəyə
verilmiş şərab
zavodu «Şərab yolu marşrutu» turizm layihəsinə daxil edilib. Yeni inşa olunmuş karvansaray tipli «Qala», «Üç qala» kompleksi də turistlər üçün maraqlı
məkandır.
Heydər Əliyev Mərkəzi, Tovuz Tarix-Diyarşünaslıq
Muzeyi, Aşıq Sənəti Dövlət
Muzeyi, Rəsm Qalereyası eksponatlarla zəngindir. Rayonda hazırda Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
Aşıq Sənəti
Dövlət Muzeyi üçün yeni üçmərtəbəli bina
tikilir. Burada eyni zamanda gənclər aşıq sənətinin sirlərini
öyrənəcəklər.
Fəxriyyə Abdullayeva
Məədəniyyət.- 2013.- 22
noyabr.- S. 10.