Xarici turistləri cəlb etmək üçün yeni marşrutlar yaradılmalıdır
Bu il Azərbaycandan
əsasən Türkiyə, Dubay, Tailand, Malayziya,
Macarıstan, Monteneqro, Çexiya,
Rusiya, Ukrayna, Fransa və digər ölkələrə turist axını olub.
Bu barədə məlumat verən Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, eyni zamanda, xarici ölkələrdən də Azərbaycana maraq artıb. “Şahdağ» Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi qış mövsümündə də ölkəmizə əlavə turist cəlb etməyə imkan yaradır. Azərbaycana əsasən Rusiya və digər MDB ölkələri, İran, Yaponiya, Cənubi Koreya, Türkiyə, Polşa və digər Avropa ölkələrinin vətəndaşları gəlirlər: “Bizim üçün xüsusən MDB ölkələri mühüm əhəmiyyət kəsb edir. Bu ölkələrdən demək olar ki, bütün turizm istiqamətləri üzrə bizə maraq var. Hesab edirəm ki, bu amildən istifadə məqsədəuyğundur. Daha çox turist cəlb etmək üçün yeni turizm marşrutları işləyib hazırlamaq lazımdır».
Turizm müəssisələrində xidmətin keyfiyyəti baxımından rast gəlinən neqativ hallara da münasibət bildirən AZTA sədri qeyd etdi ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da turizmin inkişafı istiqamətində bir sıra problemlər var: “Bununla yanaşı, son illərdə Azərbaycanda, xüsusən Bakı şəhərində yeni hotellərin inşası bu sahədə rəqabəti artırıb. Bundan başqa, hazırda prioritet məsələ olan 2-3 ulduzlu hotellərin inşası gələcəkdə bu rəqabəti daha da gücləndirəcək. Bu isə xidmət sahəsində keyfiyyətə təsir edəcək. Son illər həm Mədəniyyət və Turizm Nazirliyi, həm də AZTA tərəfindən qiymətlərin tənzimlənməsi üçün tövsiyələr verilib, müəyyən tədbirlər görülüb. Nəticədə turizm istirahət mərkəzlərində qiymət artımı olmayıb. Ümumiyyətlə, ölkəmizdə turizm sektorunun inkişafında ötən illərə nisbətən irəliləyiş var. Lakin bu sahədə, o cümlədən kadr hazırlığında hələ çox işlər görülməlidir”.
Nahid Bağırovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif xarici mütəxəssislər, xüsusən Türkiyənin turizm peşəkarları tərəfindən mütəmadi olaraq mehmanxana əməkdaşları üçün treninq-kurslar təşkil edilsə də, bu, istənilən effekti hələ vermir: «Fikrimcə, Mədəniyyət və Turizm Nazirliyi, AZTA, Azərbaycan Turizm İnstitutu və digər tədris ocaqları ilə birlikdə turizm və hotelçilik üzrə vahid treninq və tədris proqramları tərtib etmək məqsədəuyğun olardı. İlk növbədə sahə üzrə müəllimlərin peşəkarlıq səviyyəsi artırılmalıdır. Tədris proqramlarında təcrübi dərslərə daha çox yer verilməlidir».
Həmsöhbətimiz bildirdi ki, regionlarda bu işə daha çox diqqət yetirilməlidir. Bölgələrdə fəaliyyət göstərən hotellərdə mütəmadi keyfiyyətli treninqlər təşkil edilməli və bu işə kadrlar şöbəsinin müdirləri və baş menecerlər şəxsən məsuliyyət daşımalıdırlar: «Hər bir turizm və hotel müəssisəsi kadrların hazırlığında keyfiyyət göstəricilərinə daha çox fikir verməlidir. Bu və digər səbəbləri birlikdə aradan qaldırmaqla xidmətin səviyyəsini yüksəltmək mümkündür».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 10.