Yessentukinin «Rus» sanatoriya-kurort kompleksi Bakıda təqdimat keçirib

 

Gələn ilin sonunadək istirahət-müalicə məkanında qiymətlər artmayacaq

 

Azərbaycan vətəndaşları Rusiyanın Yessentuki kurortlarına gələn əcnəbilər arasında sayca birinci yeri tutur. Onlar il ərzində kurorta gələn turistlərin 11 faizini təşkil ediblər. Bu barədə Yessentuki şəhərinin «Rus» sanatoriya-kurort kompleksinin marketinq üzrə meneceri Eduard Kozitski Bakıda keçirilən təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, kompleks rəhbərliyi bu rəqəmlərə əsaslanaraq, Bakıda Azərbaycanın turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirmək qərarına gəlib: «Rus» sanatoriya-kurort kompleksi Qafqaz Mineral Suları sanatoriyaları içərisində keyfiyyətli xidmətinə və müalicəvi prosedurların sayına görə ikinci yeri tutur. Bizim kompleksdə müayinə və təbii müalicə ilə yanaşı, xəstəlikdən sonrakı profilaktik prosedurlar da həyata keçirilir. Şəkərli diabet, piylənmə, yuxarı tənəffüs yollarındakı problemlər, ürək-damar sistemi, sinir sistemi və digər xəstəliklərin xüsusi üsullarla müalicəsi aparılır».

Eduard Kozitski kompleksin ərazisində SPA mərkəzi, idman zalları, müxtəlif növ mətbəx və pəhriz menyuları təklif edən restoranlar olduğunu deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda heç bir qiymət artımı tətbiq etməyəcəklər. 2014-cü ilin dekabr ayına qədər hazırkı qiymətlər qüvvədə qalacaq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 10.