“Qafqaza
qayıdış”: 155 il sonra
Aleksandr Dümanın təsvir etdiyi Azərbaycan gözəlliklərini əsr yarım sonra Jerar Depardye yenidən kəşf edir
Zəngin
tarixə, mədəniyyətə, təbii gözəlliklərə
malik olan Azərbaycanın
turizm imkanlarının dünyaya
tanıdılması yolunda müxtəlif
layihələr, əcnəbi qonaqlarda maraq kəsb edəcək tədbirlər həyata
keçirilir. Ölkəmizdə
gerçəkləşən beynəlxalq miqyaslı festivallar, müsabiqələr, idman
yarışları da nəticə etibarilə
vətənimizi tanıdır, təbliğ edir.
Noyabrın 20-də işə başlayan
I Bakı Beynəlxalq Turizm Filmləri
Festivalı da bu yolda daha bir
addımdır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib. Tədbirin açılış günü Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” sənədli filmi nümayiş olundu.
Ekran əsərində dünya şöhrətli fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapan, Azərbaycanın Əməkdar artisti Ənvər Həsənov, tanınmış televiziya aparıcısı Fuad Axundov çəkilib. Filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
Film tanınmış fransız yazıçısı Aleksandr (ata) Dümanın 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səfəri və burada gördüklərini qələmə aldığı “Qafqaz səfəri” əsərinin motivləri əsasında çəkilib. Yazıçıdan 155 sonra Azərbaycana gələn məşhur aktyor Jerar Depardye sələfinin izləri ilə Azərbaycanı yenidən kəşf edir.
Filmin məqsədi Azərbaycanı fransızların gözü ilə bir daha dünyaya tanıtmaqdır. Ekran əsərində əsr yarım əvvəlki Azərbaycanla müasir Azərbaycan müqayisə olunur.
Aleksandr Dümanın izləri ilə səfərə çıxan Jerar Depardyeni illüstrasiyaçı rəssam Matyo Sapan müşayiət edir. Eynilə Aleksandr Düma da özü ilə rəssam gətiribmiş. Düma, öz əsərində təsvir etdiyi kimi, yerli camaatın qonaqpərvərliyindən, ləziz yeməklərindən, xüsusilə də kababdan necə xoşlanmışdısa, Jerar Depardye də eyni hissləri yaşayır. Ona elə gəlir ki, yaxşı olan heç nə dəyişməyib.
Qafqaz dağlarını aşıb Bakıya gələn Depardye şəhərin girişində, Bibiheybət qəbiristanlığında olduğu an sanki məzarların dənizin dalğalarına hakim kəsildiyini deyir. A.Dümanın əsərində Ağ şəhər və Qara şəhərdən ibarət olduğu qeyd olunan Bakının möhtəşəmliyi 155 il sonra J.Depardyeni heyran edir. Şərq və Qərb sivilizasiyasının, mədəniyyətinin qovuşduğu məkanın özünəməxsusluqlarını vurğulayır. Daha sonra İçərişəhəri gəzir, Yanardağda olur.
Filmin ssenari müəlliflərindən biri olan Fuad Axundov onu bu qədim diyarla yaxından tanış edir. J.Depardye sanki neft buruqlarının əhatəsində orta əsrlərə düşdüyünü hiss edir. Bakı onun üçün A.Dümanın qeyd etdiyindən də artıq macəralar şəhəridir.
Daha sonra J.Depardye Şamaxıya gəlir. O, A.Dümanın Şamaxıda Mahmud bəyin evində qonaq olmasından və onunla birlikdə şahin ovuna çıxmasından təsirlənir və həmin yerləri görmək istəyir. Burada isə Mahmud bəy və A.Dümanın görüşündən yeganə şahid, əsərdə də haqqında danışılan bulaqdır. Mahmud bəyin evi isə ötən əsrin 20-ci illərində bolşeviklər tərəfindən dağıdılıb.
Filmdə Azərbaycanın yenə də bir Şərq ölkəsi kimi öz möhtəşəmliyini, mədəniyyətini, musiqisini qoruyub inkişaf etdirdiyi bir avropalının gözündə canlanır. J.Depardye Azərbaycana səfərini bu sözlərlə bitirir: “Əlvida demirik ki, bu gözəl yerləri bir daha görmək qismətimiz olsun”.
Filmi izləyən hər bir əcnəbinin bu ecazkar və macəra dolu yerlərə gəlmək, qonaqpərvər insanlarla tanış olmaq, gözəl taəmlardan dadmaq həvəsinə düşəcəyi şübhəsizdir. Elə Jerar Depardye kimi.
Fariz Hüseynov
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 9.