Bakıda Makedoniyanın turizm imkanlarının təqdimatı

 

Bu ölkə 2012-ci ildən Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edib

 

Noyabrın 21-də «Park İnn» hotelində Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Makedoniyanın ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə bu ölkənin turizm potensialının təbliğinə həsr olunmuş tədbir keçirildi.

 

AZTA-nın icraçı direktoru Cəlal Haqverdiyev bildirdi ki, tədbiri təşkil etməkdə əsas məqsəd Makedoniya ilə Azərbaycanın turizm şirkətlərinin daha yaxından əlaqə qurmasına və turizm əlaqələrinin genişləndirilməsinə nail olmaqdır. Onun sözlərinə görə, Makedoniya hökuməti digər ölkələrin turizm operatorlarına subsidiyalar ayırır: «İstəyirik ki, bu layihədə bizim turizm şirkətləri də iştirak etsin. Yaxın vaxtlarda Azərbaycanın turizm şirkətləri və KİV nümayəndələrindən ibarət qrup üçün bu ölkəyə infotur təşkil ediləcək».

Makedoniyanın sərmayə və təbliğat üzrə Qazaxıstan və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qoran Stoev ölkəsinin turizm sahəsində mövcud imkanları barədə məlumat verdi: “Ölkəmiz Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsində maraqlıdır. Makedoniya hökuməti artıq 2012-ci ildən Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edib. Bu, Azərbaycandan bizə gələn turistlərin sayına müsbət təsir göstərib.

Makedoniya dünyanın ərazicə kiçik ölkələrindən biridir. Amma coğrafi mövqeyi və təbiəti, qədim və zəngin tarixi bu ölkəyə böyük turizm imkanları verib. Bizdə həm yay, həm də qış turizmi imkanları mövcuddur. Makedoniyaya dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Bu siyahıya Hollandiya başçılıq edir. Eyni zamanda Türkiyə, Almaniya, Rusiya, Avstriya, ABŞ və digər ölkələrdən də çoxsaylı turistlər gəlir».

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd etdi ki, Makedoniya və Azərbaycan xalqları arasında yaxınlıq var. Makedoniya turizm baxımından inkişaf etmiş bir ölkədir: «Ona görə də turizm şirkətlərimizin bu ölkədəki həmkarları ilə yaxından əməkdaşlıq etməsi yaxşı olardı. Gələcəkdə Makedoniyanın Azərbaycanda səfirliyinin açılması məsələsi gündəmdədir. Birbaşa təyyarə reyslərinin reallaşdırılmasına nail olmaq istəyirik”.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 9.