Azərbaycan İtaliya üçün mühüm tərəfdaş ölkədir

 

Romada keçirilən İtaliya-Azərbaycan turizm forumunda bu sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

 

Xəbər verildiyi kimi, noyabrın 18-də Roma şəhərində İtaliya-Azərbaycan turizm forumu keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən forumda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətdə Azərbaycan Turizm Assosiasiyasının, Turizm İnstitutunun, turizm şirkətləri və mehmanxanaların, “Ecostyle" İctimai Birliyinin nümayəndələri yer alıb. Tədbirdə İtaliyanın turizm şirkətləri, mehmanxanamedia təmsilçiləri iştirak ediblər.

 

Tədbiri Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov açaraq bildirib ki, forumun əsas məqsədi ölkələrimiz arasında turizm əməkdaşlığını genişləndirmək və turist axınını artırmaqdır. Qeyd olunub ki, Azərbaycanda qeyri-neft sektorunun mühüm sahəsinə çevrilən turizm sənayesi sürətlə inkişaf edir. Bu sahənin inkişafı üçün zəruri infrastruktur yaradılır. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda beynəlxalq standartlara cavab verən turizm obyektləri və hava limanları istifadəyə verilib. Görülən işlərin nəticəsində ölkəmizə turist axını ildən-ilə artır.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri bu münasibətlərin inkişafı üçün əhəmiyyətli addım olub. Bu gün Azərbaycan İtaliya üçün mühüm tərəfdaş olan ölkələrdən biridir.

Sonra italiyalı rejissor Daniele Karminatinin “Azərbaycan: odlar yurdu” adlı sənədli filmi nümayiş olunub.

 

* * *

Forumda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan-İtaliya dostluq münasibətlərinin tarixə və ənənələrə söykəndiyini vurğulayaraq deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin daha da inkişafına təkan verib. Enerji təhlükəsizliyi, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində geniş əməkdaşlıq əlaqələri qurulub. Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışan nazirin birinci müavini bildirib ki, təkcə son iki ildə İtaliyada Azərbaycan mədəniyyətinə və incəsənətinə dair bir sıra tədbirlər keçirilib: Bu sırada Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti” sərgisinin təşkilini, Romada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılmasını xüsusi vurğulamaq lazımdır”.

Vaqif Əliyev Azərbaycanın turizm imkanlarından danışaraq bildirib ki, əlverişli iqlim şəraitinə, füsunkar təbiətə, zəngin mədəni-mənəvi irsə, mətbəx mədəniyyətinə malik Azərbaycanda turizmin inkişaf perspektivləri bir sıra beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ilielan edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu kimi tədbirlər nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.

Azərbaycanda dövlət tərəfindən qış turizminin inkişafına göstərilən dəstəyə də toxunan Vaqif Əliyev vurğulayıb ki, qışda respublikamıza gələn əcnəbi turistlərin sayının artması, ilk növbədə ölkəmizin sürətli inkişafının göstəricisidir: “Bu sahədə bir sıra uğurlu layihələr həyata keçirilir. Məqsəd ölkəmizə ilin bütün fəsillərində, xüsusən də qış mövsümündə turistləri cəlb etməkdir. Ötən ilin dekabrında birinci mərhələsinin açılışı keçirilən Şahdağ Qış-Yay Turizm Kompleksi ilk günlərdən turistlərin böyük marağına səbəb olub. Bu, turizm sahəsində həyata keçirilən ən böyük layihələrdən biridir”.

Qeyd olunub ki, Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilmiş önəmli tədbirlərdən birielektron viza sisteminin tətbiqidir. Yeni sistemin tətbiqi ölkəyə turist axınını artırmaqla, turizm sektorunun daha da inkişafına zəmin yaradacaq. Müasir mehmanxanalar, ticarət mərkəzləri, restoranlar, muzeylər, beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu, təhlükəsiz mühit, parklar, əyləncə məkanları və yaradılan digər imkanlar ölkəmizin dünyada turizm mərkəzi kimi tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vaqif Əliyev bildirib ki, İtaliyanın turizm sahəsində böyük təcrübəsi var: “Biz bu təcrübəni öyrənib Azərbaycanda tətbiq edərək turizm infrastrukturumuzu daha da genişləndirmək niyyətindəyik. Hər iki ölkə qədim tarixə və bəşəriyyət üçün önəmli olan mədəni dəyərlərə malikdir. Abidələrin qorunması, arxeoloji qazıntılar və digər istiqamətlərdə təcrübə mübadiləsi hər iki ölkədə müvafiq sahələrin inkişafına təkan verəcək”.

İtaliyanın mədəniyyət və turizm nazirinin müavini xanım Simonetta Giordani çıxışında qeyd edib ki, forum iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək, əlaqələrin inkişafında yeni səhifə açacaq. O, tədbirdə aparılan müzakirələrin ölkələrimizin adamlarını yeni layihələr həyata keçirməyə təşviq edəcəyinə əminliyini bildirib. Bu cür tədbirlər təcrübə mübadiləsi baxımından da geniş imkanlar yaradır.

Forum işiniTurizm Azərbaycan və İtaliya arasında münasibətlərin mühüm istiqaməti kimi: imkanlar və perspektivlər”, “Azərbaycan və İtaliya arasında turizm əməkdaşlığının təşviq edilməsi üçün vasitələr”, “Ekoturizm: inkişaf və ətraf mühit”, “İdman turizmində yeni dövr” və digər mövzularda sessiyalarla davam etdirib. Tədbir çərçivəsində ölkəmizin mədəniyyətini, incəsənətini, turizmini və digər sahələrini əhatə edən italyan dilində jurnallar, qəzetlər və kitablar nümayiş olunub. Forumda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri bir sıra görüşlər keçirib, müzakirələr aparıblar.

 

* * *

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev forumda San Marino Respublikasının əmək, əməkdaşlıq və informasiya üzrə dövlət katibi (nazir) İro Belluzzi və İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Simonetta Giordani ilə görüşlər keçirib.

San Marino nazirinə ölkəmiz haqqında məlumat verən Vaqif Əliyev, son illərdə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən layihələri, Azərbaycan mədəni irsinin təbliği istiqamətində aparılan işləri xüsusi ilə qeyd edib. Söhbət əsnasında iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin gücləndirilməsi üçün birgə səy göstərməyin vacibliyi vurğulanıb. İro Belluzzi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevinazirin birinci müavini Vaqif Əliyevi San Marinoya işgüzar səfərə dəvət edib.

İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Simonetta Giordani ilə görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixə söykəndiyi bir daha qeyd olunub. İtaliyada Azərbaycan mədəniyyətinə və incəsənətinə dair tədbirlərin keçirilməsinin bu münasibətlərə mühüm töhfə olduğu vurğulanıb. Söhbət zamanı iki ölkə arasında mədəniyyət, turizm və mədəni irsin qorunması sahələri üzrə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

 

 

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 8.