“Bir
nəfər üçün tamaşa”
Yuki Kudo: “Yaponiyada kukla teatrı olduqca inkişaf edib. Bu sahədə çalışan sənət adamları, demək olar ki, bütün eksperimentləri ediblər. “Bir nəfər üçün tamaşa” da bizim yanaşmamızdır”
Xəbər
verdiyimiz kimi,
noyabrın 9-dan 16-dək Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və
Beynəlxalq Kukla Teatrları
Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı
ilə Bakıda “Cırtdan” II Beynəlxalq Kukla
Teatrları Festivalı keçirilib.
İştirakçılar arasında Yaponiyanın “Yuki” Kukla Teatrı da vardı. Teatr festivala
gətirdiyi “Bir nəfər üçün tamaşa”
(“Theatre for one”) həm sənət estetikası, həm də
təqdimat baxımdan fərqli idi. Bir ağac dəliyindən
yalnız bir nəfər üçün
nümayiş etdirilən tamaşa
cəmi 3 dəqiqə çəkirdi. Beləcə, balaca tamaşaçılar bir-bir
ağaca yaxınlaşır, gözlərini
dəliyə zilləyərək kukla
dünyası ilə üz-üzə qalır, sonda da qəhrəmandan kiçik bir muncuq hədiyyə alırdılar.
Biz də azyaşlı izləyicilərin böyük marağına səbəb olan bu tamaşanın rejissoru və eyni zamanda aktyoru Yuki Kudo ilə söhbətləşmək qərarına gəldik. Yaponiyalı qonaq öncə özü haqqında məlumat verdi.
- Mənim kuklalar aləminə marağım orta məktəbin son siniflərində yarandı. Universitetin birinci kursunda oxuyarkən qərara aldım ki, artıq bu sahədə fəaliyyət göstərməliyəm. Kukla tamaşaları klubuna üzv oldum, ancaq xeyli müddət aktyor kimi çıxış etmədim. Daha sonra, 1994-cü ildə teatrda tamaşalar üçün kuklaların hazırlanması ilə məşğul olmağa başladım. Həyat yoldaşım Kazuya Kudo ilə də orada tanış olduq. Bu elə bir dövr idi ki, artıq səhnəyə çıxmaq üçün yollar axtarırdım. 1999-cu ildə London Kukla Məktəbində dərslər aldım. Həyat yoldaşımla bərabər Yaponiyada bağça yaşlı uşaqlar, ibtidai sinifdə oxuyan şagirdlər üçün tamaşalar hazırladıq, hətta bizi universitetlərə dəvət etməyə başladılar. Ancaq mən Londonda Kraliça Elizabet zalında çıxışımızı özüm üçün sənət zirvəsi olaraq qəbul edirəm. Bakı Beynəlxalq Kukla Teatrları Festivalı da, təbii ki, bizim yaddaşımızda qalacaq. Onu da deyim ki, bütüm tamaşalarımda istifadə etdiyim kuklaları məni bu festivalda da yalnız qoymayan həyat yoldaşım Kazuya Kudo ərsəyə gətirib.
- Bəs nə üçün “Bir nəfər üçün tamaşa”nı seçdiniz? Daha böyük auditoriyaya xitab etmək cəlbedici olmazdımı?
- Öncə onu deyim ki, Yaponiyada kukla teatrı olduqca inkişaf edib. Bu sahədə çalışan sənət adamları, demək olar ki, bütün eksperimentləri ediblər. Bu da bizim yanaşmamızdır. İstədik ki, balaca tamaşaçılarımız öz qəhrəmanları ilə baş-başa qalsınlar, kənar səs, müdaxilə olmadan bu qısa hekayəni öz dünyalarına köçürsünlər. Bizim tamaşalar maksimum 3-5 dəqiqə sürür. Bu müddət ərzində çalışırıq ki, izləyicimizi başqa bir aləmə, nağıllar dünyasına aparaq. İnanıram ki, buna nail də oluruq. Bir nümunəni göstərim. Hər tamaşanın sonunda balaca izləyicimizə nağıl qəhrəmanın özü kiçik hədiyyə verir. Siz bilsəniz ki, bu uşaqlara necə real və maraqlı gəlir, bəlkə, siz də bu işlə məşğul olarsınız. Uşaqlar elə hesab edirlər ki, həqiqətən də qurbağa və ya div nağıl aləmindən onun həyatına gəldi, ona hədiyyə verib öz dünyasına qayıtdı. Bu hissi uşaqlara bəxş etmək olduqca sevindiricidir. Biz bu festivalda da balaca tamaşaçılarımıza nağılımızın qəhrəmanı qurbağanın vasitəsilə muncuq bağışladıq. Sizə onu da deyim ki, hədiyyəmiz orta yaşlı tamaşaçılarımızın da xoşuna gəldi.
- Tamaşanıza mən də baxdım.Balaca izləyiciləri həqiqətən də bir anlamda nağıl aləminə aparır. Ancaq süjet xətti baxımından, sizcə, balacalar üçün tam anlaşıqlıdırmı?
- Düz deyirsiniz, aydın süjet xətti yoxdur. 3 dəqiqəlik tamaşalarda hansısa fikri çatdırmaq o qədər də asan olmur. Ancaq dolayı olaraq orada ibrətamiz məqamlar tapmaq olar. Div çiyinlərində olan nağaraları əsəbi şəkildə danqıldadır. Bunu görən qurbağa ona yaxınlaşır, bu qədər qorxunc, ondan qat-qat böyük canlının əsəbi olduğuna fikir verməyərək onun danqıldatdığı nağaranın ritmini tutur və oynamağa başlayır. İlk öncə bu, divi qəzəbləndirir, ancaq daha sonra div özü də bu oyuna qoşulur, o da nağaranı ritmlə vurmağa başlayır, qəzəb yox olur, sevinc qalır. Buradan onu anlamaq olar ki, hadisəyə yanaşma onun mahiyyətini dəyişir, necə ki, şən qurbağa oradakı bütün mənfi məqamları ritmi tutmağı və rəqsi ilə müsbətə çevirdi.
- Siz balaca izləyicilərinizin qarşısına yalnız bir nəfərlik tamaşalarla çıxırsınız, yoxsa repertuarınızda digər tamaşalar da var?
- Əslində, repertuarımız zəngindir. Dediyim kimi, bizim ölkəmizdə kukla teatrı, bu sənət olduqca inkişaf edib. Yalnız bir nəfərlik tamaşalarla izləyiciləri qane etmək olmur. Bizim repertuarımızda kölgə tamaşaları, musiqi ifa edən oyuncaqlar, nağıl danışan kuklalar və digər səhnəciklərimiz var. Məsələn, kuklalarımız vasitəsilə balacalara nağıllar danışırıq, yapon milli musiqi alətlərində kuklaların ifası da onların marağına səbəb olur. Kölgə tamaşaları isə artıq çoxdandır ki, bütün teatrların repertuarında var.
“Dünyada kukla teatrına yanaşma dəyişib”
Yapon teatrının təqdim etdiyi tamaşa və ümumiyyətlə, sənət bayramı ilə bağlı festivalın koordinatoru Şaiq Səfərovun da fikirlərini öyrəndik:
- Tamaşa ilə bağlı fikirlərimi söyləməzdən əvvəl “Yuki” teatrının festivala necə dəvət olunması ilə bağlı kiçik bir xatirəmi sizə danışım. Mədəniyyət və Turizm Nazirliyi məni Serbiyada təşkil olunan Avropanın ən böyük kukla teatrları festivalına ezam etmişdi. Bu teatrla da orada tanış oldum. Teatrın bir nəfərlik tamaşası bütün iştirakçılarda, o cümlədən məndə maraq oyada bilmişdi. Bizim də belə bir festivalı Bakıda təşkil etmək fikrimiz olduğundan diqqətimizi çəkən teatrlarla əlaqələr qurduq, o cümlədən “Yuki” teatrı ilə. Vətənə qayıtdıqdan sonra Bakı festivalına dəvət üçün teatrlar seçilərkən mən bu teatrı da məsləhət gördüm, təklif nazirlik tərəfindən müsbət qarşılandı.
Bu gün burada xeyli sayda müxtəlif yaş kateqoriyalarından olan insanların toplaşması da seçimdə yanılmadığımızı göstərir. Onu da deyim ki, burada nümayiş olunan tamaşa sırf Bakı festivalı üçün hazırlanıb. Ancaq etiraf edim ki, bu teatrı festivala dəvət edərkən müəyyən tərəddüdlərimiz də var idi. Bizim tamaşaçılar ənənəvi teatrlara öyrəşiblər. Bu səbəbdən “Yuki” teatrına münasibətin necə olacağını qabaqcadan müəyyənləşdirmək bir qədər çətin idi. Ancaq bu teatrın bir nəfərlik tamaşası bir daha sübut etdi ki, Azərbaycan tamaşaçısı yeniliyə, orijinallığa açıqdır və yerli teatrların bu cür eksperimentlərdən çəkinməsinin obyektiv izahı yoxdur. Bu baxımdan “Yuki” teatrının nümunəsi bizim yerli teatrlar, aktyor və rejissorlar üçün yeni bir ideya qığılcımı olmalıdır. Bilirsiniz ki, indi bizim valideynlərin böyük əksəriyyəti vaxt qıtlığından şikayətlənirlər, uşaqlarını bir saatlıq tamaşalara aparmağa vaxtları olmur. Mən təklif edərdim ki, ən azı bayram günlərində, tətillərdə, hətta həftə sonlarında şəhərin mərkəzi küçələrində bu cür bir nəfərlik tamaşalar təşkil olunsun. Bu həm vaxt, həm də maliyyə baxımından sərfəlidir. Cəmi 3-5 dəqiqə ərzində valideyn kiçik məbləğ müqabilində övladını sevindirə bilər, onu nağıllar aləminə aparar.
Bu festivalı təşkil etməklə eyni zamanda dünya kukla teatrlarının təcrübəsini Azərbaycana gətirdik. Bu heç də o demək deyil ki, ənənəvi teatrlar fəaliyyətini dayandırmalıdır, sadəcə, yeniliyə açıq olmalıdırlar. Qəbul etməliyik ki, artıq dünyada kukla teatrına yanaşma dəyişib, mövzular dəyişib. Siz özünüz də müşahidə etdiniz ki, “Yuki” teatrı tamaşa zamanı qulaqcıqlardan, musiqidən, digər texnoloji yeniliklərdən istifadə etdi. Biz də belə yenilikləri tətbiq etməliyik. Fürsətdən istifadə edib Azərbaycan teatrı üçün belə bir imkanı yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu festival bütövlükdə teatr ictimaiyyətinə böyük töhfə oldu.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 7.