Mədəniyyət
və turizmin vəhdəti kino ekranında
Bakıda ilk dəfə Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir
Noyabrın 20-də
Nizami Kino Mərkəzində
I Bakı Beynəlxalq Turizm Filmləri
Festivalı başlandı. Açılış mərasimindən
öncə festivalla bağlı mətbuat
konfransı keçirildi.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsi Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, festivala bir neçə aydır hazırlıq gedir: “Festivala dünyanın müxtəlif ölkələrindən böyük maraq var. Festivalın rəsmi saytına bir neçə ay ərzində minlərlə məktub yazılıb və bu məktublar cavablandırılıb. Dünyanın bütün qitələrində çəkilmiş filmlər festivalda təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi də turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival həmçinin diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi qarşısına məqsəd qoyub və inanıram ki, bu məqsədinə də çatacaq».
“Festival yüksək peşəkarlıqla
təşkil olunub”
Festivalın münsiflər heyətinin
sədri Azər Qərib qeyd etdi ki, Azərbaycanda
ilk dəfə reallaşdırılan
bu festival ölkə turizminin təbliğinə
xidmət etməklə
yanaşı, ixtisaslaşmış
rejissorların, operatorların,
jurnalistlərin bu mövzuya marağını
artıracaq. Onun sözlərinə görə,
festivalın müsabiqə
proqramına 31 ölkədən
78 film daxil edilib: “Festivalın müsabiqəsi
7 nominasiyadan ibarətdir.
Ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim etmişdi. Birinci mərhələdə 31 ölkədən 74 rejissorun
78 filmi seçilərək
müsabiqəyə buraxılıb.
Azərbaycandan da bu festivala filmlər təqdim olunmuşdu.
Onların içərisindən 4-5 film ikinci mərhələyə
keçdi. Filmlər qiymətləndirilərkən
həm rejissor işi, həm operator işi, mövzuya uyğun olub-olmaması kimi məqamlar nəzərə alınacaq».
Münsiflər heyətinin üzvü,
Turizm Film Festivalları
Beynəlxalq Komitəsinin
direktoru Aleksandr Kammel festivalın böyük əhəmiyyət
daşıdığını və təqdim olunan ekran əsərlərinin
kinematoqrafçılar arasında
yeni əlaqələrin
qurulması üçün
vasitə olacağını
söylədi: «Baxmayaraq
ki, Azərbaycanda bu festival ilk dəfədir
keçirilir, amma hər şey yüksək peşəkarlıqla
təşkil olunub. Artıq bu festivalı Turizm Film Festivalları Beynəlxalq Komitəsinə
üzvlüyə qəbul
etmişik. İnanırıq ki, Azərbaycan turizm filmləri festivalı bizim ən aktiv üzvlərimizdən
biri olacaq. Yəqin ki, festival günlərində
maraqlı filmlər izləyəcəyik. Tədbirin işinə
uğurlar arzulayıram».
Festivalın sponsoru «Nar Mobile»nin nümayəndəsi
bildirdi ki, təmsil etdiyi şirkət Azərbaycanda
müxtəlif mədəni
tədbirləri maliyyələşdirməkdə
maraqlıdır. Qeyd olundu
ki, bu tədbir
ölkənin turizm sektorunun inkişafına töhfə olacaq.
Sonra jurnalistləri
maraqlandıran suallar cavablandırıldı.
Azərbaycanın təbliğinə töhfə
Tədbir iştirakçılarının bəzilərinin festivalla bağlı fikirlərini öyrəndik.
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin
müdiri Cahangir Məmmədov: «Festivalın
işini yüksək
dəyərləndirirəm. Çünki festivala 40-a yaxın
ölkədən filmlər
təqdim olunub. Münsiflər heyətinin 7 üzvündən
4-ü xarici ölkə
nümayəndəsidir. Bütün bunlar festivala olan maraqdan xəbər
verir. Nəticə isə yenə
də Azərbaycanın
təbliğinə, turizm
imkanlarının tanıtımına
xidmət edir. Bu tədbir eyni
zamanda kinonun inkişafı üçün
də bir təkandır».
Xalq artisti, festivalın münsiflər heyətinin
üzvü Vasif Babayev: “Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində
böyük diqqət
yetirilir. Ölkəmizin turizm potensialının
təbliği bütün
imkanlardan istifadə edilməklə həyata keçirilir. Turizm filmləri
festivalı da dünyada və xüsusilə Avropa ölkələrində maraqla
izlənilən tədbirlərdən
biridir. Ona görə də
Azərbaycanda belə
festivalın keçirilməsi
xoş bir hadisədir. Bu festival dünya ölkələrinin
televiziya kanalları vasitəsilə nümayiş
etdiriləcək, onun
haqqında məlumatlar
yayımlanacaq. Hesab edirəm
ki, bunların hamısı Azərbaycan mədəniyyətinin, turizm
potensialının təbliğinə
yönələcək».
Turizm
Film Festivalları Beynəlxalq
Komitəsinin direktoru Aleksandr Kammel: «Bu mənim Azərbaycana ilk səfərimdir. Buraya gələnə qədər
ölkəniz haqqında
təsəvvürlərim çox
az idi.
İndi isə düşünürəm
ki, Azərbaycan zəngin bir ölkə, azərbaycanlılar
isə çox qonaqpərvər, mədəni
bir millətdir. Hələ Bakını gəzmək
fürsətim olmasa da, qaldığım hotelin şəraitinə,
restoranlardakı xidmətə
görə deyə bilərəm ki, burada turizm də
yaxşı inkişaf
edib. Ümid edirəm ölkənizdən
daha zəngin təəssüratlarla ayrılacağam».
“Festival mədəniyyətlə turizmin
vəhdətini təsdiq
edən önəmli tədbirdir”
Sonra Nizami
Kino Mərkəzində I Bakı
Beynəlxalq Turizm Filmləri Festivalının
açılış mərasimi
keçirildi. Tədbir iştirakçıları əvvəlcə
mərkəzin foyesində
Azərbaycanın turizm
potensialını əks
etdirən «Odlar Yurdu» adlı fotosərgi ilə tanış oldular.
Açılış mərasimində
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda turizmin inkişaf etdiyi Dünya Turizm Təşkilatı tərəfindən də
qeyd olunur: «Ölkəmiz bu təşkilatın icraiyyə
komitəsinə üzv
seçilib. Azərbaycanda
turizmin inkişaf tempi
yüksəkdir, hər
il 10-15 faiz
artım müşahidə
olunur. Bu inkişaf
birbaşa ölkə
Prezidentinin diqqət və qayğısı sayəsində reallaşır.
Ölkəmizə gələn insanlar buradan xoş təəssüratlarla ayrılırlar. Azərbaycanın böyük turizm potensialı müxtəlif
ölkələrdə daha
geniş təbliğ
olunmalıdır. Bu istiqamətdə müxtəlif
təbliğat vasitələrindən
istifadə etməliyik.
Bugünkü festival da mədəniyyətlə
turizmin vəhdətini
təsdiq edən önəmli bir tədbirdir. Kino sənəti Azərbaycanda
100 ildən çox bir tarixi əhatə
edir. Bu illər
boyu ölkəmizə
həsr olunmuş dəyərli filmlər çəkilib. Azərbaycanın tanıdılmasında və
təbliğində bu
filmlərin böyük
rolu olub. Bu gün kino
sənəti və turizm bir daha
birləşir. Azərbaycanda ilk dəfə olaraq beynəlxalq turizm filmləri festivalı keçirilir. Festivala müxtəlif
ölkələrdən göstərilən
maraq deməyə əsas verir ki, o, artıq beynəlxalq status alıb.
Əminəm ki, münsiflər
heyəti ədalətli
seçim edəcək
və bütün nominasiyalar üzrə layiqli filmlər qalib seçiləcək».
Nazir bildirdi ki, festivalın
açılışı digər bir əlamətdar hadisə ilə də müşayiət olunur: “Ölkəmiz Fransa ilə münasibətlərin
inkişafına xüsusi
önəm verir. Azərbaycanın birinci xanımı,
UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Azərbaycan-Fransa
parlamentlərarası dostluq
qrupunun sədri seçiləndən sonra
bu əlaqələr daha da genişlənib.
Çox
əlamətdardır ki,
bütün dünyada
tanınan sənətkar,
yaxın dostumuz Jerar Depardye də bu əlaqələrin
gücləndirilməsinə öz töhfəsini verir. Fransa və Azərbaycan
kinematoqrafçıları tərəfindən Aleksandr
Dümanın “Qafqaz» əsəri əsasında
«Qafqaza qayıdış»
sənədli filmi çəkildi».
Əbülfəs Qarayev qeyd etdi ki, sənətindən
asılı olmayaraq bütün insanlar öz vətəninin, doğma yurdunun təbliğinə xidmət
etməlidir: «Əminəm
ki, Azərbaycan kino sənətinin nümayəndələri bu
sahədə böyük
istedad nümayiş etdirəcək və beynəlxalq festivallarda ölkəmizin turizm potensialı layiqli təbliğ olunacaq. Ümid edirəm ki, bu festival ənənə halını alacaq, hər iki ildən
bir biz bu tədbirin iştirakçısı
olacağıq».
Sonra «Qafqaza qayıdış» sənədli
filminin yaradıcı
heyəti səhnəyə
çıxdı və
film haqqında fikirlərini
bölüşdülər. Festivalın açılış
mərasimi filmin nümayişi ilə başa çatdı (Film
haqqında yazı səhifə 9-da).
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 2.