Bakı mədəniyyətlər və
sivilizasiyalararası dialoq mərkəzidir
Əsrlərdən gələn
tolerantlıq ruhunu yaşadan qədim şəhər
çağdaş dünyaya barış mesajları verir
“Qəlblər
yaxşılıq edənə doğru məhəbbətlə
meyl edər. Yaxşılıq,
barışmaq məhəbbətdən yaranar.
Bir-birinizlə paylaşın və bir-birinizi sevin” - altı yüz il öncə
Bakıda yaşayıb-yaratmış böyük
sufi filosofu, dünya fəlsəfi fikrinə təsir
göstərən məktəb, təlim qoyub
getmiş Seyid Yəhya
Bakuvi “Şifaül-Əsrar” (“Sufiliyin sirləri”) əsərində
insanları dostluğa, ilahi
eşqdən qaynaqlanan sevgi və anlaşmaya bu sözlərlə
çağırırdı. Vəfatının 550 illiyi UNESCO səviyyəsində qeyd edilən mütəfəkkirin ideyaları
qarşılıqlı hörmətə, şəfqətə,
barışa ehtiyac duyan
çağdaş dünyada,
əsrlər öncəsi kimi, aktual və yenidir. Bakuvinin bəşəriyyətə
səsləndiyi elə bu şəhər
də, altı yüz il
əvvəl, ondan da çox əsrlər əqdəm olduğu kimi, bu gün də dünyaya tolerantlıq nümunəsidir, mədəniyyət
və sivilizasiyaların uzlaşdığı məkandır.
Ruhu dünyaya açıq şəhər
Bu torpaq müxtəlif dini inanclara, mədəni miraslara hər zaman açıq olub, fərqlilikləri bir araya gətirmək bu şəhərin ruhunda var. Bunu görmək üçün Bakının tarixinə baxmaq gərəkdir. Miladdan öncə bu yerlərdə atəşpərəstliyi, zərdüştlüyü yayan kahinlər məskən salmışdılar. Miladdan sonra İsa peyğəmbərin həvarisi Varfolomey missioner məsləkdaşları ilə buraya gəlib çıxdılar. Sonra uca Yaradanın sonuncu peyğəmbərlə bəşəriyyətə göndərdiyi müqəddəs İslam dini bu torpaqda yayıldı. Qərinələr bir-birini əvəzlədi, Bakı İpək Yolunun üzərində ticarət mərkəzinə çevrildi, Xəzər sahilindəki şəhərə Şərqdən və Qərbdən gələn karvanlar, Cənubdan və Şimaldan yan alan gəmilər özləri ilə fərqli mədəniyyətləri, insanları gətirdi.
XVI-XVII əsrlərdən başlayaraq Hindistandan gələn zəvvarlar Bakı yaxınlığında qədim atəşpərəstliyin yeni odunu yandırdılar, burada Atəşgah məbədi quruldu. Rus tacirləri Bakı xanlığının işğalından xeyli əvvəl, XVIII əsrdən burada məskən salmağa başlamışdılar. XIX əsrdə Azərbaycana gələn almanlar Bakıda da öz icmalarını yaratdılar. Şəhərdə yəhudi icması təşəkkül tapdı. XIX əsrin sonunda Bakıda başlanan neft bumu dünyanın müxtəlif yerlərindən insanları buraya çəkib gətirdi.
Sözsüz ki, gələnlər özləri ilə fərqli mədəniyyət, adət-ənənə də gətirirdilər. Şəhərdə alman kirxası, polyak katolik kilsəsi, yəhudi sinaqoqu, pravoslav məbədləri inşa edildi. Bakı bütün bu mədəni müxtəlifliyi bir araya gətirərək XX əsrin əvvəlində, bu gün dəbdə olan ifadə ilə desək, multikulturalizmin mərkəzinə çevrildi. Məscidlərdə azan sədasının kilsə zənglərinin səsinə qarışdığı, muğam zəngulələri ilə klassik musiqinin həmahəng olduğu, Avropa memarlığı ilə Şərq üslubunun, milli memarlıq naxışlarının bir-birini əvəzlədiyi şəhər. Dahi Üzeyir Hacıbəylinin müsəlman Şərqinə bəxş etdiyi ilk opera da 1908-ci ildə bu şəhərdə meydana gəldi. Bu, sadəcə, klassik Avropa üslubunda yazılmış muğam operası deyildi, eyni zamanda, iki mədəniyyətin dialoqu idi.
Tarixi missiya
Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan olaraq milli dəyərlərimizi saxlamaqla modernləşmək xətti XX əsrin əvvəlində Azərbaycan ziyalı fikrinin mühüm istiqamətini təşkil edirdi. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində bina edilən Azərbaycan Xalq Cümhuriyyəti də sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü idi. Müsəlman dünyasında ilk parlamentli cümhuriyyət qurmuş Azərbaycan xalqı əsrlərlə münaqişə zəminindən qurtulmayan Qərb-Şərq münasibətlərinə tarixi örnək verdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ənənələrinə sahib çıxdı. Azərbaycanın dialoqa, əməkdaşlığa açıq ölkə elan edilməsi dövlət siyasətinin əsasını təşkil etdi.
“İpək Yolu” üzərində
mədəniyyətlərin qovuşması
1998-ci ilin sentyabrında Prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “İpək Yolu” layihəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin Şərq-Qərb dialoquna mühüm töhfəsi idi. 32 ölkənin təmsil olunduğu konfrans mahiyyətcə iqtisadi işbirliyini nəzərdə tutsa da, strateji məqsəd nəhəng coğrafiyada yerləşən xalqlar, mədəniyyətlər arasında ünsiyyətə meydan açılması idi. Prezident Heydər Əliyev çıxışlarında layihənin bu özəlliyini xüsusi vurğulayırdı: “Bu nəhəng layihənin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”. Təsadüfi deyil ki, son illər Bakıda gerçəkləşən bir sıra mədəniyyət tədbirləri məhz “İpək Yolu” ideyasına köklənib.
Fərqli baxışlar arasında anlaşmanın tək
yolu - dialoq
Bu gün dünya qarşısında duran ən mühüm problemlərdən biri sivilizasiyalar arasında əməkdaşlıq yollarının tapılmasıdır. 2001-ci ilin 11 sentyabrında Amerikada baş vermiş terrordan sonra mədəniyyətlərin toqquşması kimi təqdim edilən proseslər geniş zəminli dialoq zərurətini xüsusilə aktuallaşdırıb. Bu mövzuda beynəlxalq konfranslar keçirilir, qurumlar təsis olunur. 2005-ci ildə Türkiyə və İspaniya baş nazirləri tərəfindən irəli sürülən, daha sonra BMT çərçivəsinə salınan “Mədəniyyətlər İttifaqı” (“Sivilizasiyalar Alyansı”) layihəsi, 2008-ci ilin Avropa Birliyi tərəfindən “Mədəniyyətlərarası dialoq ili” elan olunması bu qəbildəndir.
Azərbaycan da bu prosesə
öz töhfəsini
verir. 2001-ci ilin
11 sentyabrından sonra
dünyada xristian-müsəlman
ziddiyyətlərinin qabardılmağa
başladığı bir
vaxtda ölkəmiz bu tendensiyaya qarşı mühüm addım atdı.
2002-ci il mayın 22-də
Prezident Heydər Əliyevin dəvəti ilə Bakıya gələn dünya katoliklərinin rəhbəri,
Roma Papası II İohann
Pavel buradan dünyaya barış, anlaşma mesajları verdi. Roma Papası Bakıya səfərini “Xeyirxah torpağa gəldim” sözləri ilə başlayaraq bu şəhərin, ölkəmizin tolerantlıq
ruhunu heyranlıqla dilə gətirdi: “Mən bu ölkəyə
onun mədəni sərvəti qarşısında
heyrətimi ürəyimdə
saxlayaraq gəlmişəm.
Bu ölkə özündə bir çox mədəniyyətləri
cəmləşdirib. Bu
ölkənin tolerantlıq
və qarşılıqlı
anlaşma ruhu ilə fəxr etməmək olmur”.
“Bakı
Prosesi” - təşəbbüsdən
reallığa
Azərbaycanın dünyaya nümayiş etdirdiyi tolerantlıq örnəyi mədəniyyətlərin
təmas tapdığı
Bakının timsalında
özünü bariz şəkildə göstərir. Bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xətti ilə addımlar atılır.
Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Bakıda gerçəkləşən
beynəlxalq festivallar
müxtəlif ölkələrin
sənətçiləri arasında
dialoq üçün
imkanlar açır.
2005-ci ilin oktyabrında
UNESCO-nun 60 illiyinə həsr
edilmiş “Sivilizasiyalararası
dialoq” həftəsi çərçivəsində Parisdə keçirilən
“Azərbaycan: mədəniyyətlərin
və sivilizasiyaların
qovşağında” adlı
tədbirdə çıxış
edən Mehriban Əliyeva ölkəmizin qlobal mədəni dialoqa töhfə verməyə hazır olduğunu vurğulamışdı.
2007-ci ilin noyabrında İslam ölkələri
mədəniyyət nazirlərinin
Tripolidə (Liviya) keçirilən konfransında
Bakının 2009-cu il
üzrə “İslam Mədəniyyəti Paytaxtı”
elan edilməsi bu yöndə əlamətdar fürsət
oldu. İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvü olaraq ölkəmiz mədəniyyətlərarası
ünsiyyətə platforma
yaradacaq təşəbbüsə
imza atdı.
2008-ci il dekabrın
2-3-də Bakıda Avropa
Şurası ölkələri
mədəniyyət nazirlərinin
iştirakı ilə
“Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır”
mövzusunda konfrans keçirildi. Azərbaycan tədbirə müsəlman
ölkələri nazirlərini
dəvət etməklə
mədəniyyətlərarası dialoqa pəncərə açdı. Prezident
İlham Əliyev konfransda mədəniyyətlərarası
dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istəyirəm ki, “Bakı Prosesi” mədəniyyətlər arasında
dialoqun, anlaşmanın
möhkəmlənməsinə dəyərli töhfəsini
versin. Belə tədbirlərin keçirilməsi ənənəyə
çevrilsin”. Konfransda “Bakı
Bəyannaməsi” qəbul
olundu və tarixi prosesin əsası qoyuldu.
2009-cu il fevralın
18-də “Bakı - İslam
Mədəniyyəti Paytaxtı”
ilinin açılışında
Prezident İlham Əliyev mədəniyyətlərarası
dialoqun vacibliyini bir daha vurğuladı:
“Bütün bu təşəbbüslər bir
məqsəd güdür:
dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da
möhkəmlənsin”. Həmin ilin
martında Bakıda mədəniyyətləri qovuşduran
daha bir tədbir - I Beynəlxalq Muğam Festivalı keçirildi.
“Bakı Prosesi” təşəbbüsü 2009-cu ilin oktyabrında İslam ölkələri
mədəniyyət nazirlərinin
paytaxtımızda keçirilən
konfransında da müzakirə olundu. Ölkəmiz ənənəyə sadiq
qalaraq tədbirə Avropa Şurasından qonaqlar da dəvət
etmişdi. Konfransda “Bakı
Prosesi” - sivilizasiyalar arasında dialoqa yeni çağırış”
adlı sənəd qəbul olundu. 2010-cu ilin sentyabrında
BMT Baş Məclisinin
65-ci sessiyasında çıxış
edən Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası
dialoq üzrə ilk Dünya Forumunu keçirmək niyyətini
bəyan etdi.
2011-ci ilin 7-9 aprelində
gerçəkləşən I Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumu qədim
şəhərin çağdaş
dünyaya tolerantlıq
mesajı oldu. Dünyanın
beş qitəsindən
80-dək ölkənin təmsil
olunduğu Forum beynəlxalq
platformanın təməlini
qoydu.
Azərbaycan paytaxtı mədəniyyətlərin
qovuşduğu məkan
olmaqla yanaşı, dini konfessiyaların da dialoq mərkəzi
kimi özünü təsdiq edib. 2009-cu ilin
noyabrında Bakıda
keçirilən “Dinlərarası
dialoq: qarşılıqlı
anlaşmadan birgə əməkdaşlığa doğru”
mövzusunda beynəlxalq
konfrans, 2010-cu ilin aprelində paytaxtımızın
ev sahibliyi
etdiyi dini liderlərin sammiti buna sübutdur. 2011-ci ildən Bakıda
ənənəvi olaraq
keçirilən Beynəlxalq
Humanitar Forum da ümumbəşəri dialoq
yolunda daha bir təşəbbüsdür.
Dünyanın dialoq yolları Bakıda kəsişir
Azərbaycan Prezidentinin 27 may 2011-ci il tarixli
fərmanı ilə Bakı Mədəniyyətlərarası
Dialoq Forumu iki ildən bir keçirilən beynəlxalq tədbir statusunu qazanıb. Bakı Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, Avropa
Şurası və Dünya Turizm Təşkilatının dəstək
verdiyi unikal dialoq platformasıdır. Forumun koordinasiyası Mədəniyyət
və Turizm Nazirliyinə tapşırılıb.
2013-cü
il 30 may - 1 iyun tarixində Bakıda gerçəkləşən
II Dünya Mədəniyyətlərarası
Dialoq Forumu 90-dan çox ölkənin təmsilçilərini bir
araya gətirməklə
öz miqyasını
bir daha sübut etdi. Tədbir çərçivəsində Bakıda Milli Tolerantlıq Mərkəzi
açıldı.
Forumun devizi də bəşəriyyətin müştərək gələcəyinə ünvanlanıb: “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”. Prezident İlham Əliyev Forumun açılışında bu məqamı xüsusi vurğuladı: “Bu, çox vacib məsələdir - müştərək gələcək. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer vardır. Təki sülh, qarşılıqlı anlaşma olsun”.
Anlaşmaya mane olan səbəblər çoxdur. Amma fərqli baxışlara təmas nöqtəsi tapmağa kömək edəcək yol var: dialoq. Bu
gün dünyanın
dialoq yolları qədim tarixi ilə öyünən, müasir görkəmi ilə gözoxşayan Bakıda kəsişir.
Dünyanın istənilən məkanından
gələn şəxs
dünyagörüşü, mədəniyyəti, digər
fərqli cəhətləri
ilə burada özünü yad hiss etmir, mehriban münasibət, məhəbbət
görür. Altı
əsr öncə Bakuvinin dediyi kimi: “Qəlblər yaxşılıq edənə
doğru məhəbbətlə
meyl edər”.
Vüqar Əliyev
Mədəniyyət.-2013.-27
noyabr.-S.11.