Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət

 

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri, beynəlxalq festivallar laureatı, Azərbaycan Ağsaqqallar Şurasının və Rəssamlar İttifaqının üzvü Rafiq Quliyevin “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” adlı kitabı çapdan çıxıb. “Letterpress” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevdir.

Rafiq Quliyevin indiyədək təsviri sənətlə bağlı bir neçə kitabı çap olunub. Müəllifin yeni kitabı Azərbaycan incəsənətində diqqətçəkən bir mövzuya həsr edilib. Hər bir xalqın görkəmli şəxsiyyətləri, tanınmış simaları var. Tarixi hadisələrin iştirakçısı olan bu şəxsiyyətlər zaman-zaman incəsənət ustalarının yaratdığı sənət əsrlərinin mövzusu olub. Azərbaycan incəsənətində tarix və şəxsiyyətləri birləşdirən bu mövzu yetərincə tədqiq olunmayıb. Rafiq Quliyevin tədqiqatı bu baxımdan əlamətdardır.

Kitabda təsviri sənətin rəngkarlıq, qrafika və heykəltəraşlıq kimi əsas sahələrində tarix və şəxsiyyət mövzusu xronoloji ardıcıllıqla yer alıb. Bir çox sənət əsərləri maraqlı şəkildə təhlil olunub. Müəllif Azərbaycan təsviri sənətində rəngkarlığın klassik anlamda təşəkkül tarixini XVII-XVIII əsrlərdən başladığına diqqət çəkərək Qacarlar sülaləsinin hakimiyyəti dövründə yaradıcı insanlara münasib şərait yaradıldığını vurğulayır. Həmin dövrdə də bir çox əhəmiyyətli əsərlərin sifarişçiləri hakim dairənin nümayəndələri olub.

Kitabda Azərbaycan incəsənətinə dünya şöhrəti gətirən sənət növləri arasında qrafikanın özünəməxsus yeri tədqiq edilir, əski əlyazmaları bəzəyən miniatürlərin əsrlər boyu milli incəsənətimizin tanınma nişanı olduğu diqqətə çatdırılır. Heykəltəraşlıqdan bəhs edən müəllif daşın Azərbaycan gerçəkliyində müqəddəs sayıldığını xatırladır. Bildirir ki, ulu əcdadlarımızdan başlayaraq bir-birini əvəzləyən nəsillər daş nümunələri özündə yaşadan tarixi etibarlı mənbə hesab ediblər.

Müəllif daha sonra nəticə olaraq bildirir ki, insanın həyatda ən böyük qazancı yəqin ki, “ömürdən sonrakı həyatı” qazanmaqdır. Bunun yolu isə həyatda iz qoymaqdan keçir. Sənət də həyatda iz qoymağın bir vasitəsidir. Adları uzaq keçmişdən boylanan və bu gün də çox müasir görünən sənətkarlarımızın adını gələcəyə daşıyacaq güc də onların xalqa xidmət edən yaradıcılığıdır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 27 noyabr.- S. 10.