Sənətkar soydaşımızın ecazkar rənglər aləmi

 

 

Bakıda ərdəbilli rəssam Vədud Müəzzinin fərdi sərgisi

 

Noyabrın 22-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi ilə tanınmış rəssam, əslən Cənubi Azərbaycandan olan soydaşımız Vədud Müəzzinin əsərlərinin sərgisi keçirildi. Tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, Vədud Müəzzin 1960-cı ildə İranın Ərdəbil şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Onun bir rəssam kimi yetişməsində valideynlərinin əməyi çox olub. 1980-ci ildən peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Türkiyədə Memar Sinan Universitetini bitirib. Fırça ustası Azərbaycan Rəssamlar İttifaqının üzvüdür: “Vədud Müəzzin hələ 2002-ci ildə Azərbaycan İncəsənət Muzeyində öz fərdi sərgisini keçirmişdi. Sərgidə iştirak edən ulu öndər Heydər Əliyev onun yaradıcılığını yüksək dəyərləndirdi. Rəssam bu gün rəngarəng yaradıcılığı ilə yenidən bizim görüşümüzə gəlib. Onu da deyim ki, Vədud Müəzzin həm də musiqiçidir. Repertuarında xeyli Azərbaycan mahnısı var. Ümidvaram ki, bu görüş onun yaradıcılığında dərin izlər buraxacaq”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov illər öncə rəssamla görüşdüyünü dedi: “On il bundan qabaq Vədud Müəzzin yanıma gəldi. Bildirdi ki, Bakıda fərdi yaradıcılıq sərgisi keçirmək istəyir. Həmin vaxt o, ümummilli lider Heydər Əliyevin portretini çəkmişdi. Əsər hamımızın xoşuna gəldi. Onu da deyim ki, o, otuz ildən çoxdur ki, yaradıcılıqla məşğuldur. Dünyanın bir çox yerlərində, o cümlədən İstanbul, Konya, Aşqabad, Düşənbə, Hamburq, Los-Anceles, Çikaqo, San-Fransisko, Vaşinqton, Nyu-York və digər şəhərlərdə fərdi sərgilər nümayiş etdirib. Onun yenidən Azərbaycana qayıtması bizi çox sevindirir. O, bu müddətdə xeyli əsərlər yaradıb. Arzu edirik ki, görüşlərimiz on ildən bir yox, daha tez-tez olsun”.

Tədbirdə Vədud Müəzzin Azərbaycan musiqiçilərinin müşayiəti ilə “Sarı gəlin” xalq mahnısını ifa etdi. İfası sürəkli alqışlarla qarşılandı. Rəssam Bakını özünə doğma Vətən saydığını söylədi, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Sonra sərgiyə baxış oldu. Ekspozisiyada rəssamın müxtəlif mövzularda yağlı boyapastel texnikası ilə işlənmiş əsərləri - ulu öndər Heydər Əliyev, böyük şairlər Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Məhəmmədhüseyn Şəhriyar, Şəms Əttarın portretləri yer almışdı. Sərgidə xalq artistləri Habil Əliyev, Ağaxan Abdullayev, tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin portretləri, eləcə də “Şahdağ”, “Sürünün qayıdışı”, “Sakit payız”, “Sərdəşt”, “Qış” və s. rəsmlər də nümayiş olunurdu. Eyni zamanda rəssamın Bakının 1830-cu illərdə çəkilmiş fotoları əsasında 110 əsəri və 15-dən çox heykəltəraşlıq nümunəsinin fotoları da sərgilənirdi.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət. - 2013. - 27 noyabr. - S.9.