Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatdı
Noyabrın 20-dən 23-dək Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Nizami Kino Mərkəzində I Bakı
Beynəlxalq Turizm Filmləri Festivalı keçirildi. Ölkəmizdə
ilk dəfə gerçəkləşən
festivalın məqsədi
turizmin müxtəlif
sahələrinə həsr
olunan, bu sahələrin inkişafına
təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri
həvəsləndirməkdir. Festival Azərbaycanın turizm imkanlarının təbliğinə əhəmiyyətli
töhfə oldu.
Müsabiqə proqramına 31 ölkədən
78 ekran işi daxil edilmişdi. Filmlər yeddi nəfərdən ibarət münsiflər heyəti tərəfindən
qiymətləndirildi.
Noyabrın 23-də festivalın bağlanış
mərasimi keçirildi. Mərasim festivalın
açılışını, tədbir çərçivəsində
ölkəmizə gələn
qonaqların müxtəlif
tarixi məkanlara, turizm mərkəzlərinə
səfərlərini əks
etdirən videoçarxın
nümayişi ilə
başladı.
* * *
Sonra nominasiyalar
üzrə qaliblər
elan olundu, mükafatlar təqdim edildi.
Müsabiqənin «Ölkə, region, şəhər»
nominasiyasında makedoniyalı
rejissor Darko Mitrevski «Skopye - tarixlə gələcəyin
qovuşduğu şəhər»
filminə görə
birinci, Şteffen Zak (Avstriya) «Zalsburq - dünyanın səhnəsi»
filminə görə
ikinci, Sergey Şanoviç
(Azərbaycan) «Azərbaycana
xoş gəlmişsiniz:
Odlar yurdu» filminə görə üçüncü yerə
layiq görüldü.
İkinci nominasiya «Mədəniyyət,
ənənə» adlanırdı. Bu nominasiyada
Miro Brankoviç (Xorvatiya) «Marko Polonun axtarışında» filminə
görə birinci, Mikolay Molendo və Kuba Lubniyevski
(Polşa) «Sueno» filminə görə ikinci, rusiyalı rejissor Mixail Deqtyar «Türkiyə-Ankara»
filminə görə
üçüncü yerin
qalibi oldu.
«Ekstremal turizm» nominasiyasında qalib «Odlar yurdu» (Filip
Baribu, ABŞ, Azərbaycan)
filmi oldu. İkinci yeri
«İnsan və dəniz» (Andrey Dneprovski, Rusiya), üçüncü yeri
«Mümkünsüz mümkündür»
(Anton Anisimov, Sergey Aleksandrov,
Rusiya) filmləri qazandı.
«Ekoloji turizm» nominasiyasında birinci yer portuqaliyalı rejissorlar Danilo Uarik və Qonçalo
Payksaonun «Rota Visentina
- Azadlığa doğru
iki addım» filminə verildi. İkinci yerə
də portuqaliyalı rejissor Rikardo Espirito Santo «Bağda qış» ekran işinə görə layiq görüldü.
Oliver Dikinsonun (Fransa və Böyük Britaniya) «Laqunanın qayğısına
qalmaq» filmi üçüncü oldu.
«Reklam filmləri»
nominasiyasının qalibi
adını yunan Teo Papadoulakis (“Ləzzət aləminə
səyahət») əldə
etdi. Bu nominasiyada ikinci
yeri azərbaycanlı
rejissor Ayxan Salar «Azərbaycan kurortları: Naftalan» filminə, üçüncü
yeri isə Bruno Fabress (Fransa) «Kayo Paradizo» filminə görə aldı.
«TV məhsulları» nominasiyasında birinci yer Madalina Neaqoeyə (Rumıniya) «Zaqreb, şəhərdə tənəffüs» filminə, ikinci yer Vasif Məmmədzadəyə (Azərbaycan) «Şəhər içində şəhər” filminə, üçüncü yer Billurə Aslanovaya (Azərbaycan) «Dünənimiz: Xalçaçılıq» filminə görə verildi.
Birinci yerə layiq görülən filmlərə qızıl, ikinci yerə layiq görülən filmlərə gümüş, üçüncü yeri tutan filmlərə bürünc mükafat təqdim edildi.
Festivalın “Milli mükafatı”nın sahibi azərbaycanlı rejissor Vasif Məmmədzadə oldu. Onun «Şəhər içində şəhər» filmi bu mükafata layiq görüldü.
Münsiflər heyətinin xüsusi mükafatını isə Azərbaycanla Fransanın birgə istehsalı olan «Qafqaza qayıdış» filmi (rejissorlar Stefan Berqunyu və Jan Pyer Deviyer) aldı. Qeyd edək ki, məşhur fransız aktyoru Jerar Depardyenin də çəkildiyi film festivalın açılışında nümayiş etdirilmişdi.
Nəhayət, festivalın ən yüksək mükafatının sahibi elan olundu. Qran-pri mükafatı Birləşmiş Ərəb Əmirliklərini təmsil edən rejissor Babək Aminiyə («Şübhəsiz, Dubay» filmi) verildi. Qalibə diplom və 4000 avro təqdim edildi.
Mərasimdə festival çərçivəsində keçirilmiş «Odlar yurdu» fotomüsabiqəsinin qalibləri də mükafatlandırıldı. Təltif olunanlar arasında «Mədəniyyət» qəzetinin fotoqrafı Ceyhun Vəliyev də var. Onun «Ana sevgisi» fotosu üçüncü yerə layiq görüldü. Ərtoğrul Qafarov «Bakı - İçərişəhər» fotosuna görə birinci, Nicat Qafarov «Uşaqlıq ağacı» fotosuna görə ikinci yeri qazandı.
* * *
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda ilk dəfə keçirilən festivalı ölkəmizin mədəniyyət və turizm həyatında əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Bildirildi ki, festival çərçivəsində Azərbaycana təşrif buyuran çoxsaylı qonaqlar müxtəlif yerlərə səfərlər edib, respublikamızın turizm imkanları, paytaxt Bakının gözəllikləri ilə yaxından tanış olublar: «Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, bu festivala maraq çox böyük oldu. Festivala 45 ölkədən 280-ə yaxın filmin təqdim edilməsi və festivalın münsiflər heyətinin beynəlmiləl tərkibdə olması da bunu bir daha sübut edir. Mən ümid edirəm ki, bu festival bir ənənəyə çevriləcək».
Sonda çıxış edən Turizm Film Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel Bakı Beynəlxalq Turizm Filmləri Festivalının quruma üzv qəbul olunduğunu elan etdi və bildirdi ki, 2014-cü ilin iyun ayında II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi planlaşdırılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə tanınmış tədqiqatçı alim, Bakının tarixi haqqında silsilə televiziya verilişlərinin müəllifi Fuad Axundova «Fəxri turizm işçisi» döş nişanını təqdim etdi.
“Özümü
doğma şəhərimdəki kimi hiss edirəm”
Festival qaliblərinin bir neçəsi təəssüratlarını
bizimlə bölüşdülər.
Qran-pri mükafatının sahibi Babək Amini bildirdi ki, Bakı onun üçün dünyanın ən cazibədar və gözəl şəhərlərindən biridir: «Mən Bakıya çatanda gecə idi. İlk dəfə şəhərinizin gecə həyatını gördüm və sevdim. Özümü doğma şəhərimdəki kimi hiss edirəm. Bu günlər ərzində İçərişəhərdə, “Alov qüllələri”ndə olmuşam. Olduqca istiqanlı və mehriban insanlarınız var. Bu festivalın qalibi olacağımı heç ağlıma belə gətirmirdim. Hərçənd bu filmim başqa bir festivalda uğur qazanıb. Amma belə yüksək mükafata ilk dəfə layiq görülürəm. Münsiflər heyətinə və təşkilatçılara təşəkkür edirəm».
«Zaqreb, şəhərdə tənəffüs» filminə görə festivalın «TV məhsulları» nominasiyasının qızıl mükafatçısı Madalina Neaqoe: «Çox maraqlı şəhəriniz var. Deməzdim ki, sakitdir, amma insanı bezdirən səs-küyü də yoxdur. İki gündür burdayam, bir çox yerləri gəzmək imkanım oldu. Açığını deyim ki, bura gələnə qədər ölkəniz haqqında geniş təsəvvürə malik deyildim. Amma indi turist kimi bura gəlməyi, bəlkə də hər hansı filmimi burda çəkməyi düşünürəm. Festival təşkilatçılarından dəvət məktubu gələndə anladım ki, qalib olmuşam. Obyektivliyə görə münsiflərə təşəkkürümü bildirirəm».
Kinorejissor Vasif Məmmədzadə: «Mən
festivalda iki mükafat aldım. «TV məhsulları» nominasiyasında ikinci yer və festivalın
“Milli mükafatı”.
Çox
sevinirəm. 10 il əvvəl Azərbaycanda keçirilən
festivalda da Qran-pri və “ən yaxşı rejissor işi” mükafatına layiq görülmüşdüm. Bu dəfə isə beynəlxalq festivalın qalibi oldum. «Şəhər içində
şəhər» filmim
28 dəqiqəlikdir, İçərişəhər
haqqındadır. Bu filmi
ötən il
3 aya çəkmişəm.
Festival biz rejissorlar üçün eyni zamanda bir bayramdır.
Belə tədbirlərdə biz bir-birimizdən
öyrənirik, təcrübələrimizi
bölüşürük. Bu baxımdan festival həm də bizim üçün bir dostluq körpüsüdür.
Arzu edirəm ki, belə tədbirlər tez-tez keçirilsin və bu festivalın
da ömrü uzun olsun».
Fəxriyyə Abdullayeva
Mədəniyyət. - 2013. - 27 noyabr. – S.8.