Ölməyən səs yad edildi
Unudulmaz xanəndə Səxavət
Məmmədovun 60 illiyi
qeyd olundu
Onun səsi, avazı,
zəngulələri daim
dipdiri, canlı, təzə-tər qalacaq. İllər keçib, nəsillər dəyişsə də, o
səs yenə həmin şaqraqlığında,
yenə həmin doğmalığında hisslərimizə
sığal çəkib,
arzularımıza qol-qanad
verəcək. Beləcə,
sahibini də əbədiyaşar, həmişəcavan
edəcək. Cismən dünyadan
köç etdiyi 38 yaşındakı kimi.
Çünki o, səsi boyda bir dünya daşıyan coşqun təbli Səxavət Məmmədovun səsi idi.
Xışıltılı payızın soyuq baxışlarına bir hərarət gətirən
bu səs yenidən insanları öz ətrafına topladı. Muğama adanmış ömrün
səhifələri elə
muğamın ocağında,
Beynəlxalq Muğam Mərkəzində yenidən
vərəqləndi.
Noyabrın 25-də sadə və sadiq musiqisevərlər, tanınmış elm və
mədəniyyət xadimləri,
xanəndənin sənət
dostları Səxavət
Məmmədovun 60 illiyini
qeyd etdilər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı
ilə baş tutan yubiley gecəsi
musiqi, sənət, şeir təntənəsi
kimi yadda qaldı.
Tədbir sənətkarın
şirin səsinin, xoş simasının hopduğu lent yazılarının
bələdçiliyi ilə
başladı. Xalq artisti, qiraət ustası İlham Əsgərovun giriş verdiyi gecədə əsl səs, sənət həqiqətləri,
sənətkar ömrü
və ölməzliyi
barədə mətləblərdən
söz açıldı:
“Səxavət Məmmədov
səsi ürəkdən
gəlib ürəkləri
oxşamağı bacarmışdı.
1953-cü ildə doğuldu, 1991-ci ildə həlak oldu. 38 il ömür
sürdü. Amma, görün,
bu qısa ömrə nələri sığdırdı. O, sağlığında
sənət, muğam
naminə əlindən
gələni etdi. Ona görə də Azərbaycan xalqı onu daim uca
tutur, sənətini heç vaxt tükənməyəcək böyük
məhəbbətlə sevir”.
Daha sonra sənətkarın qısa ömrünə sığışdırdığı ifaları, konsert proqramları, uğurla, böyük səs-küylə
keçən qastrol səfərləri barədə
məlumat verildi. Xanəndənin cismani yoxluğundakı yaradıcılıq qələbələrindən,
səsinin yetdiyi hər məqamda aldığı alqış
paylarından söhbət
açıldı. Ölümündən əvvəl, 80-ci illərin
sonlarında yaratdığı
“Qarabağ” instrumental ansamblının
konsertləri, Qarabağ
müharibəsinin ilk illərində
özünümüdafiə dəstələri qarşısında
çıxışları yada salındı, xatirələr çözələndi.
Sonra Səxavət Məmmədovun
ifasında ölməzlik
qazanan xalq mahnı və təsnifləri, muğam və dəsgahları ayrı-ayrı sənətkarların
ifasında səsləndi. Mərhum
sənətkarın səsində
ayrı bir rəngə boyanan “Qaragilə”, “Xarı bülbül”, “Olmaz-olmaz” kimi gözəl musiqi nümunələri onun yaratdığı “Qarabağ” instrumental ansamblının
müşayiətində xalq
artistləri Mələkxanım
Əyyubova, Nəzakət
Teymurova, Aygün Bayramovanın ifasında alqışlarla qarşılandı.
Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi çıxış
edərək Səxavət
irsi, onun təkrarsız səsi, səs elmindəki özəlliyi, tembrinin qeyri-adiliyi, muğam və təsniflərimizə
qatdığı yeni
nəfəsin illər
sonra da novator olacağını qeyd etdi: “O, 38 il həyatı ərzində çox sənət fədakarlığı
edib. Ondan muğam ifaları,
səs yazıları
bizə miras qalıb. Səxavət Məmmədov bu
gün də bizimlədir. Biz onun musiqisini dinləməkdən yorulmuruqsa,
deməli, o yaşayır,
sevilir. Belə sənətkarları yaşatmaq bizim borcumuzdur”.
Sənətkar haqqında
hazırlanan sənədli
filmdən lent yazıları,
xalq artistləri Arif Babayev, Əlibaba
Məmmədov, İslam
Rzayev, Alim Qasımovun ürək sözləri, xatirələri
dilə gəldi. Ayrı-ayrı konsertlər, el şənlikləri,
xalq konsertlərində
lentə alınan görüntüləri yenidən
nümayiş olundu.
Həvəskar kameraların lentə
aldığı ağ-qara
kadrlar izləyənləri
illər əvvəlin
mənzərələri - doğma
Qarabağ, Ağdam məclislərinə, mərasimlərinə
apardı.
Yubileydə iştirak
etmək üçün
Ukraynadan gələn həmyerlimiz Burzu Əliyev Səxavət Məmmədov haqqında fikirlərini bölüşdü,
ona sonsuz məhəbbətini dilə
gətirdi: “Səxavətin
səsinin sirri ondadır ki, o, muğamın bizə bəlli olmayan sirlərini bilirdi. Bu da onun səsində özünü
göstərirdi. Səxavətin səsi millətindən asılı olmayaraq hər kəsə - böyüyə də, uşağa da təsir edir”.
Anım gecəsində
nümayiş olunan videoçarxda Xalq şairi Bəxtiyar Vahabzadə, akademik Vasim Məmmədəliyev,
professor Rafael Hüseynov, şair
Qulu Ağsəsin Səxavət Məmmədov
sənəti haqqında
ürək sözləri
səsləndi.
Xatirələrin çözələnib,
ürəklərin riqqətləndiyi
gecənin son musiqi nömrəsini sənətkarın
qardaşı, Əməkdar
artist Firuz Səxavət
ifa etdi, dillər əzbəri “Bülbül”lə, yanğılı
səsi ilə qəlblərə su çilədi.
Yubiley gecəsinə toplaşanlara
təşəkkürü bildirən xanəndə qardaşının sənətinə
verilən qiymətə
görə xoş sözlərini dilə gətirdi. Kövrək notlu gecənin
son akkordunu xanəndənin
oğlu Bəxtiyar Məmmədov vurdu. Azərbaycan musiqisinin heç bir sərhəd tanımadığını,
dünyanın ən mötəbər salonlarını
bəzədiyini, atasının
da təmsilçisi və təbliğçisi
olduğu muğam sənətinin özünün
ən yüksək zirvəsində, layiq olduğu mərtəbədə
olduğunu dilə gətirdi: “Nə qədər ki, Azərbaycan mədəniyyəti
var, inkişaf edir onun ayrılmaz
parçası olan Səxavət Məmmədov
yaradıcılığı da daim yaşayacaq.
Arzu edirəm ki, atamın yubileyini onun ruhunun əbədi
məkanı olan vətən torpağımızda
qeyd edək”.
Son sözləri
boğazında düyünlənən
sənətkar oğlu
alqışlarla yola salındı. Beləcə, Qarabağa qayıdış
haraylı, Səxavət
səsi gileyli, sonsuz sənət sevdalı bir anım tədbiri bitdi.
Həmidə Nizamiqızı
Mədəniyyət.-2013.-27
noyabr.-S.6.