“Şanlı nəsillərin yadigarıyam”
Xalq şairi Nigar Rəfibəylinin
100 illiyi ilə bağlı nəşr olunmuş kitabların
təqdimatı
Noyabrın
22-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında Xalq şairi
Nigar Rəfibəylinin 100 illik
yubileyi münasibətilə Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə nəşr olunmuş
“Şanlı nəsillərin yadigarıyam” və “Məhəbbətim
bölünmədi” kitablarının təqdimatı keçirildi. Mərasimdə
mədəniyyət xadimləri, yazıçılar,
şairlər, Nigar Rəfibəyli
poeziyasını sevənlər iştirak
edirdilər.
Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimi açaraq təqdim edilən kitabların Prezident İlham Əliyevin Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı əsasında hazırlandığını bildirdi. Yeni nəşrlərin incə ruhlu şairənin yubileyinə gözəl töhfə olduğunu vurğuladı. Qeyd olundu ki, yaradıcı şəxsiyyətlərə, onların irsinə göstərilən diqqət və qayğı ulu öndər Heydər Əliyevin qoyduğu ənənədir və bu nəcib iş davam etdirilir. Bu missiya xalqın tarixi yaddaşının, milli mənəvi sərvətlərinin özünə qaytarılmasına yönəlmiş siyasətdir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında tanınmış ədiblərimizə həsr olunmuş tədbirlərin ənənə halını aldığını bildirdi. Qeyd olundu ki, bu tədbirlər Azərbaycan ədəbiyyatının yenidən təqdim və təhlil edilməsi baxımından əhəmiyyətlidir: “Son 2-3 il ərzində Prezident İlham Əliyev tərəfindən tanınmış yazıçı və şairlərin yubileyləri ilə bağlı 20-dən artıq sərəncam imzalanıb. Bu il Məmməd Araz, Məhsəti Gəncəvi, İslam Səfərli və digər yazıçı və şairlərin yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Bütün bunlar ədəbiyyatımıza və mədəniyyətimizə diqqətdir, onları təbliğ etməkdir. Ədəbiyyat tariximizi gələcək nəsillərə çatdırmaq baxımından bu, çox dəyərli bir işdir”.
Qeyd olundu ki, Xalq şairi Nigar Rəfibəylinin 100 illiyi ilə bağlı müvafiq sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə almaqla, xüsusi tədbirlər planı hazırlanıb. Bu tədbirlər çərçivəsində yubileylə bağlı iki kitab nəşr edilib. “Məhəbbətim bölünmədi” kitabında şairənin şeirləri, “Şanlı nəsillərin yadigarıyam” kitabında isə Nigar Rəfibəyli haqqında məqalələr, xatirələr, ona həsr olunmuş şeirlər, həmçinin özünün publisistik yazılarından, xatirələrindən, məktublarından nümunələr yer alıb: “Bu gün Nigar Rəfibəylinin 100 illiyini qeyd edirik, amma şairənin yazdıqları müasir dövrdə də aktuallığını itirməyib və daima oxunur. Nigar xanım novator şairə idi və onun irsi çox illər yaşayacaq”.
Vaqif Əliyev bu yaxınlarda İstanbulda keçirilmiş beynəlxalq kitab sərgisində görkəmli şairələr - Məhsəti Gəncəvi və Nigar Rəfibəyliyə həsr olunmuş xüsusi tədbirlərdən danışdı: “Bu iki şairə Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoyub. Məhsətinin rübailərini bir neçə əsrdən sonra tərcümə edən Nigar xanım sanki şairə ilə ruhunu qovuşdurub. Enişli-yoxuşlu həyat yolu keçən Nigar Rəfibəyli çox böyük əziyyətlər çəkib, amma heç vaxt sınmayıb, ədəbiyyat tariximizə gözəl nümunələr bəxş edib”.
“Şanlı nəsillərin yadigarıyam” kitabının redaktoru, şair-tədqiqatçı Arif Əmrahoğlu, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, professorlar Buludxan Xəlilov, Alxan Bayramoğlu çıxış edərək şairənin kəşməkəşli həyat yolundan, zəngin yaradıcılığından söhbət açdılar. Xalq şairi Nəriman Həsənzadə Nigar Rəfibəyli və Rəsul Rza ilə bağlı xatirələrini danışdı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nigar Rəfibəylinin 100 illik yubileyinin ölkəmizdə və xaricdə geniş qeyd edildiyini deyərək, ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Tədbirdə Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Nigar Rəfibəyli - 100” adlı məlumat bazası təqdim olundu.
Sonda Nigar Rəfibəylinin şeirlərinə yazılmış mahnılar, şairənin öz səsi ilə şeirləri səsləndirildi, fotoşəkillərdən ibarət slayd nümayiş etdirildi. Tədbir iştirakçıları şairənin yubileyi münasibətilə təşkil olunmuş “Şanlı nəsillərin yadigarıyam” adlı kitab sərgisi ilə tanış oldular.
Lalə Azəri
Mədəniyyət. - 2013. - 27
noyabr. - S.4.