Estrada sənətimizin bənzərsiz
siması
Mirzə Babayevin 100 illik yubileyi qeyd
edilib
Noyabrın 26-da
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə görkəmli müğənni, Xalq
artisti Mirzə Babayevin
100 illik yubiley gecəsi
keçirilib.
Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölməz sənətkarın həyat və yaradıcılığından, bənzərsiz sənət dünyasından söz açıb. Bildirilib ki, ilk ali təhsilini Sənaye İnstitutunun memarlıq fakültəsində almış Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına - məşhur müğənni Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanıb.
Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli müğənninin radionun qızıl fondunda saxlanan xeyli sayda mahnısı var.
Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynayıb. Onun “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və digər ekran əsərlərində yaratdığı rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılıb.
Mirzə Babayev Azərbaycan estrada musiqisini yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Sənətkar milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil edib. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycan musiqi sənətinin təbliğatçısı kimi tanınıb.
Mirzə Babayevin sənəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Xalq artisti adına, iki dəfə “Humay” mükafatına layiq görülüb.
Gecədə sənətkarın ifalarından
ibarət videoçarx, səs və video yazıları təqdim olunub.
“Dan ulduzu”
və Mahnı Teatrının ansambllarının
müşayiəti ilə Flora Kərimova,
Azər Zeynalov, Gülyanaq
və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Vaqif
Şıxəliyev, Bəyimxanım Vəliyeva, Vüqar Muradov, Abbas Bağırov, İlqar
Muradov, “Qaya”
ansamblı Mirzə Babayevin repertuarından
mahnılar səsləndiriblər.
Mədəniyyət. - 2013. - 27
noyabr. - S.2.