“Özünlə şeir apar, Saib...”
XVII yüzillikdə Füzuli ədəbi
məktəbinin davam və inkişaf etdirilməsində Saib Təbrizinin
böyük xidmətləri olub. Əsərlərini Azərbaycan
və fars dillərində qələmə
alan şair ədəbi
mühitdə “Əsrinin Füzulisi”
adlandırılıb, eyni zamanda
təzkirəçi kimi də
tanınıb.
Məhəmmədəli Saib 1601-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Atası Mirzə Əbdülrəhim tacir, əmisi Şəmsəddin Sani isə gözəl xəttat olub. O, gənclik illərini öz doğma şəhəri Təbrizdə keçirir. Bu, Azərbaycanın həyatında ağır və kəşməkəşli bir dövr idi. I Şah Təhmasibin hakimiyyəti (1524-1576) dövründən başlayan və I Şah Abbasın (1587-1629) hökmran olduğu illər boyu davam edən müharibələr ölkəyə böyük məhrumiyyətlər gətirir. Müharibələr zamanı Azərbaycanın bir çox şəhərləri dəfələrlə əldən-ələ keçir, ölkənin xeyli hissəsi xarabalığa çevrilir. Azərbaycan tarixçisi İsgəndər Münşi yazır ki, Səfəvi-Osmanlı müharibələri zamanı Təbriz şəhəri daha çox zərbə almışdı. Əldən-ələ keçdikcə xarabalığa çevrilən Təbrizin əhalisi Şah Abbasın əmri ilə dəstə-dəstə ölkənin daxilinə köçürülür. Köçürülənlərin böyük hissəsi İsfahanın yaxınlığında salınan Abbasabada gətirilir. Sonralar burada yaşayan əhaliyə uzun müddət “Abbasabad təbrizliləri” deyilir.
Saib də Təbrizdən İsfahana köçərkən sənət aləminə öz səsi və nəfəsi ilə qədəm qoyan gənc bir şair idi. O, burada dövrünün tanınmış alimlərindən olan Kaşi və Şəfainin yanında təhsilini davam etdirir. Mükəmməl təhsil alan şair, az sonra özü də elm və mərifət sahibi kimi tanınır. Bir müddət sonra Ərəbistana-Məkkə və Mədinəyə səfərə çıxır. Oradan Türkiyəyə gedir və yenidən İsfahana qayıdır. Səfər zamanı alim, şair və qabaqcıl fikir adamları ilə görüşür. Bu görüşlər gənc Saibin yaradıcılığına müsbət təsir göstərir. Hələ səfərdə ikən saraya yaxın olan bəzi bədxahlar və məddah şairlər onu Şah Abbasın gözündən salmaq üçün çox canfəşanlıq göstərirlər. İsfahana qayıdan şair sarayın ona qarşı laqeydliyini və ədəbi mühitin qeyri-səmimiliyini hiss edir. Yenidən İsfahanı tərk etmək məcburiyyətində qalır. 1625-ci ildə Hindistana səfər edir. Yola düşməzdən əvvəl yazdığı bir qəzəlində öz narazılığını belə ifadə edir:
Qiyamət qopsa dünyada o insafsız xəbər tutmaz,
Ona təsir edərmi heç bu qəlbin etdiyi əfqan?..
Nə ləl vardı, nə də gövhər gedəndə İsfahandan sən,
Özünlə şeir apar, Saib, bəzənsin sözlə Hindistan.
O, İsfahandan Herata, oradan da Kabilə
gedir. O zaman Kabil şəhərində
hökmdar Mirzə Əhsənullah Nəvvab
(Zəfərxan) idi. “Əhsən” imzası
ilə şeirlər də yazırdı.
O, Saibi böyük hörmətlə qəbul
edir və sarayında qonaq saxlayır. Şair Kabildə yazdığı
qəsidələrində onu
şeir-sənət adamı
və ədalətli hökmdar kimi göstərib. Zəfərxan da öz qəzəllərində
Saib üslubunda şeirlər yazdığını
və ondan bəhrələndiyini etiraf
edib. 1630-cu ildə Zəfərxan şah Cahanı təbrik etmək üçün Dəkənə
gedərkən Saibi də özü ilə aparır. Şah Cahan şairi hörmətlə qəbul
edir, ona ənam verir.
Şair Zəfərxanla Hanpurda olduqları vaxt atasının onun ardınca Əkbərabada
gəldiyini eşidir. Hökmdardan ona
atası ilə birlikdə İsfahana qayıtmasına icazə verməsini xahiş edir. Şairin şəxsiyyətinə və sənətinə sonsuz hörmət bəsləyən Zəfərxan
ondan ayrılmaq istəmir. Bu dövrdə, 1633-cü ildə
Zəfərxan Kəşmir
hökmdarı təyin
olunur. Bu zaman o, istər-istəməz
şairin vətənə
dönməsinə icazə
verir.
Saib Hindistanda olarkən yazdığı şeirlərdə
ona bəslənən
sonsuz hörmət və qayğıdan, eyni zamanda qürbətin
şair qəlbini sıxan əzablardan və vətən həsrətindən ürək
yanğısı ilə
söhbət açır:
Gözüm qalan deyildir mülki-malında Hindin,
Toz-torpağa bələndim mən ki, yolunda Hindin.
Ey sürmələr diyarı,
fəryadıma haray ver,
Sümüyüm oldu sürmə qeyli-qalında Hindin.
O, İrana qayıdandan sonra yenidən səfərə çıxır,
Məşhəd, Qum, Qəzvin,
Yəzd, Ərdəbil
və Təbriz şəhərlərini gəzir.
Türk səyyahı
Övliya Çələbi
ilə görüşüb
tanış olur. İsfahana qayıdanda II Şah
Abbas (1642-1666) tərəfindən
hörmətlə qarşılanır,
saraya dəvət olunur və məliküş-şüəra təyin edilir. O, bu vaxt özünün
hikmətamiz və fəlsəfi yaradıcılığına
diqqət yetirir, lirik şeirlər, qəsidələr, “Qəndəharnamə”
poeması və
“Mahmud və Ayaz” adlı əsərini yazır.
Onun sarayda yüksək mövqe tutmasını gözü
götürməyənlər yenidən baş qaldırır. Bədxahlar onu şah Süleymanın (1666-1694) yanında
hörmətdən salmağa
çalışırlar. Şair şah tərəfindən sənətinə
etinasızlıq hiss edir.
Ona görə də əsərlərini nizama salmaqla məşğul olur. Müxtəlif divanlarda toplanmış
şeirlərini mövzu
üzrə seçərək
ayrı-ayrı adlar altında tərtib edir. Gözəllərin
vəsfinə həsr
etdiyi məhəbbət
lirikasına “Miratül-cəmal”,
ziynət və mədhdən bəhs edən şeirlərinə
“Arayişe-nigar”, təkbeyt,
qitə, rübai və müxtəlif şeir parçaları toplanan müntəxəbata
“Vacibül-hifz” adı
verir.
Ömrünü şeirə, sənətə
həsr edən Saib Təbrizi 1676-cı ildə İsfahanda vəfat edib, məşhur “Saib təkyəsi”ndə dəfn
olunub.
Savalan Fərəcov
Mədəniyyət. - 2013. - noyabr.
- S.15.