“Bəşərnüma”-
ayna sənətkar
Xəyal-aynalarınızda
canlanan iki-üç belə korifeyimizdən biri - Tahir
Salahov...
Sənətkarlar
dünyanın canlı aynalarıdır. Hərəsi də
onu bir sayaq əks etdirir. Hərəsi bu aləmin bir dəyərinin
aynasıdır; bəstəkar səsinin, ədib
sözünün, memar daşının, rəssam sifətinin...
Beləcə, fərdi “kilkə”vi əsərlər sayəsində
ölkəvi milli mədəniyyətlər, bunların məcmusunda
isə bəşəri Mədəniyyət Tablosu
yaranır...
Dahi sənətkarlar
isə dünyanın “bədənnüma”, “bəşərnüma”
aynalarıdır.
Bu aynalar hamıda olan sinonim əşyalara-güzgülərə bənzəməz. Yəni hər duyan, özünü tanıyan insanın bir güzgüsü var bu dünyada və hər kəs ona yalnız özüyçün baxır; özüylə görüş, camaat arasına çıxım zamanı “özünüredaktə” məqamlarında göz yetirir. Bu səbəbkarlıqların ən süzgün-özgünü isə sevgili yarlar üçün olur - “onsuz üzüm gülməz, açılmaz aynam” - deyə.
Tanrı düzgülü güzgüsüz Dünya isə yalnız canlı sənətkar-aynalarda sığallanıb-tumarlanır...
Keçək mətləbə.
Sözügedən sənətkarın imzasını eşidəndə, görəndə “Salahov” soyadı bir obraz kimi canlanır xəyalımda və mən bunu “əməlisalehov” məzmunuyla eşidib-oxuyuram. Əsərlərindəki bəşəri humanizm cizgiləri, irfani təsiriyyat xalları, təşviqiyyat nüansları bir yana, fotolardakı, ekranlardakı ağsaqqalanə-piranə surətini görəndə bu yanaşmam daha da güclənir. Danışdırılanda isə - bu adam başdan-başa bir tamaşa! Öz dilimizdə az danışsa da, onun məlhəm səsi, qonuşub-danışma tərzi, göz-söz sinxronluğu fırçasının yaratdığı “cansız”ların canlı əsər-əlavəsi kimi canlanır. Bu aləm hansı dinləyiciyə, tamaşaçıya və bu məqamda oxucuya bir dincəliş ünvanı, bir zövq kurortu təsiri də bağışlayırsa, bu yazı məhz onlar üçündür, - qalanları vaxtlarını hədərə, zövqlərini kədərə verməsinlər...
Niyə
“danışanda” yox, “danışdırılanda” dedim?
Çünki T.Salahov bəzi həmkarları kimi nəinki
danışqan, ümumiyyətlə, danışan adam da deyil. Yaxşı ki! Yəni əgər
o, gözə yox, “söz”ə işləsəydi, ecazkar əsərlərinin
sayı və bu sayların ecazı çox azalarmış!
Amma eşitdiklərimə (və öz instinkt və qiyabi müşahidələrimə) görə, bu sənətkarın qəlbi elitar-teatral monoloqlar, ictimai-dinamikal dialoqlar aləmidir. Ona diqqətlə baxmaq, onu fəhmlə duymaq kifayətdir ki, çoxlu sözlər, rəngarəng fikirlər eşidəsən...
Nələrdir onlar...
1942-ci ildə - bütün güzgülərdə qara libasda görünən Bakının incəsənət muzeyindəki bir sərgidə yalqız bir yeniyetmə - gələcəyin fenomeni Tahir Teymur oğlu Salahov özü də tamaşa etdiyi şedevr tabloların, “dipdiri” portretlərin və bir az da bu salondakı tənhalığının təsirindən buradakı heykəlləri, büstləri, ağrı-əzab “atlant”larını xatırladırdı. Amma daxili monoloqu çevrəsindəki bütün vizuallıqlarla təmasda, yaşından löyük söhbət-dialoqda...
“Niyə... nədən... nə üçün?..
Niyə bu qədər adi, sadə, təvazökardır bu qeyri-adi dünya? Nədən ən görkəmsiz, fərsiz-fərasətsiz adamlar belə nəzərlərdən heyrət qoparmağa çalışdıqları halda, bu qədər zəngin aləm özü özünü qədərincə təqdim edə bilmir? Axı ağıl, düşüncə daha çox göz məhsulları ilə işləyir. Zehnin, təfəkkürün üyütdüklərinin çoxu gözün dənlədiklərindən ibarət deyilmi? Qulaq qənimətləri nə qədər şirin, poetik olsa da, gözün gördüklərinin yerini verə bilməz. Lap babamın dediyi kimi: “yüz kərə eşitməkdənsə, bir kərə görmək yey!”
Hələ xalq, bu camaat özü! Hər gün, hər saat küçədə-bazarda gördükləri neftçinin, qırış-quruşlu qocaların, məşhur adamların, mer-meyvənin, gül-güldanın özlərinin yanından saymazyana ötüb, onların təsvirlərinə tamaşa etmək üçün həvəslə sərgi salonlarına getmirlərmi? Görəsən, nə üçün? Bəyəm rəssamların fırçalarından çıxan dünyacıqlar Tanrının qənirsiz qələmindən çıxmış Dünyadan maraqlımı? Bəyəm bu Dünya özü nəhəng bir sərgi salonu deyilmi? Bəlkə?.. Yox, burada “bəlkə”yə meydan yox...
Yəni günü bu gün bütün bəşər tamaşaçısının gözləri qarşısında Hitlerin yaratdığı real müharibə tabloları Brüllerin bax bu tablosu qədər də “cəlbedici” deyil?! Niyə hər abşeronlunun qapı-bacasında bir elə əncir ağacı ola-ola, gəlib burda Səttar əminin “Əncir ağacı”ndan qidalanır? Bəlkə?.. Yox, hələ “niyə?”
Amma... deyəsən, bu “bəlkə”də də bir həqiqət var. Odur, Leonardo da Vinçinin “Cokonda”sı da - öz sehrli təbəssümü ilə bunu təsdiq edir! Bəli, sənət! Sənət! Özü də “bəlkəsiz”-filansız!..”
Bütün bu suallar, nidalar, mühakimələr 14 yaşlı bir yeniyetmənin xəyalından dalğalanırdı. 1928-ci ildə bu şəhərdə doğulub, 1942-ci ilin bir payız günü, lap dəqiqi - öz ad günü - noyabrın 29-da başı müharibəyə qarışmış bu şəhərin geniş, yaraşıqlı sərgi salonunda böyük sənət əsərlərinə tamaşa edən Tahirin düşüncələrindən yayımlanırdı. Bu yeniyetmə oğlan, o illər heç kimin keçirmədiyi ad günləri haqda da düşünüb-daşınır, bu salonu böyük, zəngin bir sənət süfrəsi, peyzajları hədiyyə, portretləri dostlar, daxili monoloqundakı bəzi fikirləri isə çoxdan könül verib, tezliklə qovuşacağı sənət yarı şəninə deyilən tostlar hesab edirdi...
Əməli monoloq
Yeniyetmə yaşlarında o sayaq düşünən Tahir ilk gənclik çağlarından ətrafını, bir az sonra Bakını, daha sonra Azərbaycanı, SSRİ-ni və nəhayət, bütün dünyanı düşündürməyə başladı. Tahir müharibənin Qələbə ilində tələbə olub. Geniş erudisiyasını, intellekt, istedad və qabiliyyətini görənlər onu daha yüksək təhsil ardınca getməyə səsləyiblər. Bütün ətrafı onun simasında gələcəyin dahisini görürmüş. Necə ki, 58 ildən sonra keçiriləsi 80 illik yubileyində Fransanın böyük mədəniyyət xadimi Pyer Karden deyəcəkdi: “Salahov! O dahidir, dühadır! O bəşər tarixində mütləq və mütləq qalacaqdır!”.
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli də Tahir Salahovu elə həmin dahilik mərtəbəsində görəcəkdi: “Bizim Akademiyanın dünya şöhrətli üzvü Salahov - çox böyük işlər və əsərlər müəllifi - böyük hərflərlə qeyd olunası sənətkardır. Niyə böyük? Siz onun qadir fırçasından çıxan şəkillərə baxın. Onlarda nə qədər böyüklük və böyük insanlar var!..”.
V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş ixtisası üzrə bitirib, heç bir ömrün sonunadək bitirilməyəsi həyat-sənət məktəbinə qədəm qoyan T.Salahov yeniyetmə ikən sərgi salonunda istixarə etdiyi monoloq-düşüncələrin fərqinə vardı və gördü ki, Tanrı Dünyası ilə sənət dünyası arasında - ərzin zərrəyə nisbətində - bir yaxınlıq, uyar-duyarlıq da varmış...
Hələ bakılı, moskvalı, bütün SSRİ-li ikən çox şey görüb-götürmüş T.Salahov istedadının cəzbi ilə yığdıqlarını dünyaya qaytarmalı idi. O bunları qədərindən, hətta “plan və öhdəlikdən artıq” qaytardı ki, onların hamısından danışmaq mümkünsüz. Bununçün gərək göyü molbert, dəryanı rəng edəsən. Bununçün gərək dünyanın uzaq-uzaq, məşhur-möhtəşəm muzeylərinə baş çəkib müxtəlif dillərdə müsahibələr alasan, gözlərdəki heyrət və duyğuları sözə çevirəsən. Gərək Rəsul Rzanın, Fikrət Əmirovun portretlərindəki koloritli detallar barədə bir kitab söz söyləyəsən. “Abşeron qadınları»na bir baxıb, yüzbir boy boylayasan. “Səhər eşelonu”nda səfərə çıxıb, “Rezervuar parkı”nda rahat-rahat dincələsən ki, Dmitri Şostakoviçin təkrarsız portretinin, digər işlərinin bənzərsiz məziyyətlərindən intəhasız-intəhasız bəhs edə biləsən.
“Bəstəkar Qara Qarayevin portreti” isə özgə bir aləm, ayrıca bir yazı mövzusu! O portretin ictimaiyyətə ilk təqdimatı zamanı biz tələbə idik və onu hələ qəzet səhifəsində görərkən nələr demədik?! Dedik ki; “Bu portretin özü də bir simfoniyadır!”, “Bax, bax, Qara Qarayev bu an qalxıb, növbəti bir şedevr yaradacaq!”, “Bunun alın və gözətrafı qırışlarında “Yeddi gözəl” uyuyur”, “Gözlər “İldırımlı yollar” çəkir...” və s.
Bugünkü əhalimizin yaşlı qismi yaxşı bilir ki, sovetlər dövründə mətbuat, tele-radio əmək adamlarından bezdirici dərəcədə bəhs edirdi. Bu gün isə onlardan heç sezdirici dərəcədə də danışılmır. Bunu bilənlər onu da bilsinlər ki, əmək, zəhmət mövzusu təsviri sənətə məhz T.Salahovun baniliyində yol tapıb. Özü də hələ diplom işi olan “Gecə növbəsindən qayıdanlar” əsərilə. T.Salahov gələcək bakılılara qos-qoca, dost-doğma bir “Köhnə Bakı” verib, böyük sənət ovçularını “Səhər ovu” pusqusuna çıxarıb, ürəyi sənət atəşilə yananların gözlərinə hərarət, ürəyinə sərinlik çiləyən “Nardaran qarpızları” əta edib, məşhur triptixi - “Qız qalası”, “Atəşgah”, “Xəzər - bu gün” ilə yeni bir sənət-zəhmət Abşeronu yaradıb...
Nə qaldı (?)
Qaldı - onun özünün və zaman-zaman milyonlara qeyri-adi əsər edən əsərlərinin tamaşaçıda yaratdığı digər assosiasiyalar ki, bunlardan biri də bəndənizə məxsus. Görkəmli yazıçı və bu assosiativ xatirəmlə ilgili - böyük Müəllim Mir Cəlal ara-sıra “rəsmi” dərslərə əlavə etdiyi “həyat və sənət” mövzularının birində söylədi ki, bəzən uşaqlar analarının minbir təkidi, nəvazişi, qılığı ilə yemək istəmədiyi almanı böyük sənətkarlıqla çəkilmiş natürmortda görərkən “onnan mənə!” - deyə, qara-qışqırıq salırlar...
T.Salahov isə həm də elə sənətkarlardandır ki, bəzən böyüklər də qəlblərində “bundan birini də!”, “bu sənətkar bizimdir!” kimi səssiz-küysüz “al-qışqırıq”lar salırlar...
Və təltiflər, mükafatlar, adlar.
60 ildən çoxdur öz təkrarsız sənət əsərlərilə milyonların qəlbini riqqətə gətirən, zövqləri təltif edən bu sənətkar, demək olar, hər il müxtəlif dövlətlər, təşkilatlar, qurumlar tərəfindən müxtəlif adlar, mükafatlarla təltif edilir. Sovetlər İttifaqının saysız təltifləri bir yana, bu şöhrətli həmyerlimiz dünyanın bir çox sənət akademiyalarının müxbir üzvü, həmçinin “Ölməzlər Akademiyası” kimi tanınan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilmiş üç üzvdən biridir.
Az qala sənət əsərlərinin sayı qədər təltiflərə layiq görülmüş bu böyük sənətkar barədə bundan dəfə-dəfə çox söz demək əzmimiz olsa da, oxucu səbri üçün bu qədər...
Tahir Abbaslı
Mədəniyyət. - 2013. -29 noyabr.
- S.13.